Erməni cəmiyyəti müharibə istəmir 

Ona görə də Paşinyanın təlimatı ilə hazırlanan təhlükəsizlik konsepsiyasının 3 ana maddəsində cəmiyyəti sakitləşdirmək üçün müharibə istisna edilir

“Nikol Paşinyanın planlarını pozacaq yeganə güc Azərbaycan ordusunun növbəti həmləsi ola bilər”. Bunu “Şərq”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ermənistanın 3 maddədən ibarət təhlükəsizlik konsepsiyasını şərh edən analitik bildirib ki, yalnız bu halda Ermənistanın təhlükəsizlik konsepsiyasındakı hər 3 maddə - “Aprel müharibəsinin təkrarlanmaması”, “qələbəni müharibəsiz əldə edən generallar” və “yumşaq güc” mənasız söz yığınağına çevriləcək:
“Ordumuzun həmləsi ilə İrəvan yeni konsepsiyadan imtina etməli olacaq. Ona görə də Bakıdan Paşinyana ciddi siqnallar göndərilməlidir ki, Ermənistan hökumətinin böyük ümidlərlə hazırladığı yeni təhlükəsizlik konsepsiyasının işlək və uzunömürlülüyü ancaq işğal faktına son qoyulmasından və bunun əsasında Azərbaycanla sülh sazişi imzalamasından asılıdır”.
Politoloqun sözlərinə görə, Paşinyan baş nazir seçildikdən sonra ölkəsinin təhlükəsizlik konsepsiyasını dəyişməyə çalışır: “Baş nazir hazırkı konsepsiyanı yararsız hesab edir. Çünki 2016-cı il Aprel savaşı Ermənistan ordusunda böyük qüsurlar ortaya çıxartdı və hakimiyyətə gələn Paşinyan qüsurları etiraf etmək məcburiyyətində qaldı. Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-ci ildən bu yana dəyişdirilməyib.
Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib. Paşinyanın məqsədi aydındır. Erməni cəmiyyəti müharibə və itki istəmir.
Ona görə də Paşinyanın təlimatı ilə hazırlanan təhlükəsizlik konsepsiyasının 3 ana maddəsində cəmiyyəti sakitləşdirmək üçün müharibə istisna edilir. Ancaq bunun reallaşdırılması mümkün deyil.
Çünki “müharibə istəmirəm” tək bir tərəfdən asılı olan məsələ deyil. Əgər sənin qarşındakı ordu kiçik də olsa növbəti hücum əməliyyatı planlaşdırırsa, sən istəməsən belə döyüşə girməlisən. Bu isə hər iki tərəfdən itki deməkdir.
Paşinyanın və onun hökumətinin ən qorxduğu da elə budur. Aprel savaşının nəticələri birinci mərhələdə Ermənistan ordusunda ciddi silkələnməyə, ikinci mərhələdə isə Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxartdı. Paşinyan eyni taleni yaşamaq istəmir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu