Partiya sədri: "Söyüş söyənlər zaman gələcək özləri söyüləcəklər" - MÜSAHİBƏ

Elşad Musayev: "Ölkədən kənara qaçıblar, gedib ordan hamını təhqir edirlər"




Bu günlərdə ölkədə fəaliyyət göstərən 5 müxalif siyasi partiya sədrlərinin qeyri-rəsmi görüşü keçirilib. Bu haqda görüş iştirakçılarından və təşkilatçılarından olan Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn məlumat verib. İctimai-siyasi vəziyyətin müzakirə olunduğu toplantıda, hökumətə müxtəlif sahələrdə aparılmalı olan islahatlarla bağlı təkliflərin verilməsi vacib bilinib. Həmin görüşdə AXP ilə yanaşı Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP), Böyük Quruluş (BQP), Azərbaycan Milli İstiqlal (AMİP) və Böyük Azərbaycan (BAP) partiyalarının sədrləri iştirak ediblər. 
Bundan sonra sosial şəbəkə istifadəçiləri toplantını tənqid atəşinə tutublar. Onlar P.Hüseyni və BAP sədri Elşad Musayevi parlament partiyaları olan BAXCP və BQP sədrləri ilə görüşüb, müzakirə aparmaqda qınayaraq bildiriblər ki, deputat olan təşkilat sədrləri ilə fikir mübadiləsi aparmaq effektiv deyil. Hətta deputatları təhqir edənlər də tapılıb
Qeyri-rəsmi toplantı ilə bağlı “Şərq”ə danışan BAP sədri Elşad Musayev deyib ki, görüş təkcə P.Hüseynin təşəbbüsü ilə keçirilməyib...
- Bizim ümumi razılığımız var idi ki, belə təmaslar olsun. Ölkədə siyasi islahatlarla bağlı bir müddət öncə partiyaların tədbiri keçirildi. Müxtəlif sahələrlə bağlı təkliflər verdik, ümumi razılıq oldu ki, sonradan qeyri-rəsmi də olsa görüşüb müzakirələri davam etdirək. İyulun 26-da AXP, BQP, BAXCP, AMİP sədrləri və mən BAP sədri olaraq qeyri-rəsmi görüşdük, müzakirələr apardıq. Bilirsiz, son vaxtlar siyasi proseslərlə bağlı müəyyən çıxışlar var. Bir qism avantürist deyir ki, inqilab etmək lazımdır. Hətta konkret tarix də göstərirlər. Başqa bir qism digər zorakı üsullar təklif edir. Biz isə hesab edirik ki, ölkədə yaxşılığa doğru dəyişikliklər dinc, islahatlar yolu ilə olmalıdır. Ölkənin siyasi düşərgələri ortaq məxrəcə gəlməlidir, hökumət-müxalifət arasında dialoq mühiti yaradılmalıdır. Ölkəmizin inkişafı naminə nə yaxşıdırsa, o həyata keçirilməlidir. Hökumətə təkliflər verilməlidir, islahatlar istənilməlidir. Müxalifətin funksiyalarından biri də təklif irəli sürməkdir. Hesab edirəm ki, bu yol daha ağıllı və dürüst yoldur. Ona görə də bu cür müzakirələrimizi, görüşlərimizi davam etdirəcəyik. 

- Görüşdə digər partiya sədrlərinin mövqeyi necə oldu?
- Ümumi məxrəcə gəlinib. Bundan sonra təklifləri daha konkretləşdirəcəyik. Hökumətə müxalifət olaraq təkliflər verilməlidir ki, hökumət də baxsın. Ölkədə islahatlar aparılırsa, buna bizim də töhfəmiz olmalıdır. Məsələn, Fazil Mustafa, mən bir müddət əvvəl əməkhaqlarının artırılması ilə bağlı çağırışlar etmişdik. Müəyyən zaman keçdi, bu yaxınlarda əməkhaqlarının artırılması ilə bağlı qərar verildi. Biz indi deyək ki, yox, heç bir təklif vermək lazım deyil, hökumət təklifi nəzərə almır və s. Yanlış yanaşmadır axı. Hakim qüvvə var, müxalifət olaraq biz də çağırışlarımızı etməliyik. Bunu süngü ilə qarşılamaq doğru deyil. Hesab edirəm ki, artıq dialoqu, hökumətlə danışıqlar üsulunu öyrənməliyik, siyasi mədəniyyət yaranmalıdır. Hökumət xarici qüvvələrlə müzakirələr aparır. İstər Qarabağ məsələsi olsun, istər ölkədə islahatlarla bağlı olsun, beynəlxalq güclərlə müzakirələr edir. Eləcə də müxalif qüvvələr ayrı-ayrı xarici təşkilatlarla görüşlər keçirir, müzakirələr aparır. Bəs onda niyə Azərbaycan iqtidarı ilə müxalifəti öz arasında müəyyən fikir mübadiləsi aparmasın? Niyə müxalifət təklif verməsin, niyə iqtidar o təkliflərə münasibət bildirməsin? Ölkənin ümummilli mənafeyi üçün birlik, dialoq, fikir mübadiləsi olmalıdır. Buna görə müxalifətin üzərinə süngü ilə gəlmək doğru deyil. Kimin nə deməsindən asılı olmayaraq, biz təkliflərimizi verməliyik, ictimai rəyin istəklərini hökumətə çatdırmalıyıq. Hökumət də öz növbəsində bu təklifləri eşitməlidir, müxtəlif addımlarında istifadə etməlidir. 
- Görüşüb müzakirə apardığınız partiyaların sayı arta bilərmi? Yəni təşəbbüslərinizə qoşulmaq istəyən siyasi qurumlar varmı?
- Demək olar ki, bu müzakirələr ölkədəki siyasi partiyaların əksəriyyəti ilə aparılır. Bizim mövqeyimizin əleyhinə olan təşkilatlar yoxdur. Əksinə, bir çoxları müzakirələrin effekt verəcəyini düşünür. İndi bəzi siyasi qüvvələr var ki, ayrı-ayrı siyasi qütblərdədirlər. İçlərində radikallar var ki, müəyyən xarici təsirlərə görə məcburiyyətdən sərt mövqe sərgiləyirlər. Bir başqa kəsim var ki, populist mövqe ortaya qoyur. Başqa bir qüvvə var ki, atılmağa, satılmağa hər zaman hazırdır, amma indi özünü radikal göstərir ki, hardansa nəsə qoparda bilsin. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, normal, disskusiyanı daha məqbul görən siyasi təşkilatlar bizə qoşulacaqlar. Biz əvvəldən də bildirmişik, 3 partiya olsa belə, başqaları qoşulmasa da, 3 partiya ilə təkliflərimizi irəli sürəcəyik. Kim təşəbbüsümüzə qoşular, daha gözəl. Bu gün Azərbaycanda qeydiyyatdan keçən 54 partiya var. Onun təqribən 20-sinin adı, fəaliyyəti yoxdur. 30-35 partiya var ki, müəyyən qədər fəaliyyət göstərirlər. Onların da yarıdan çoxu bizim təşəbbüsümüzü dəstəkləyir. 
 - Radikallar deyəndə söyüş müxalifətini nəzərdə tutursuz?
 - Onları mən müxalifət saymıram. Son vaxtlar onlar aktivləşməkdədirlər. Amma bu yol deyil axı. Siyasi mübarizəni söyüşlə aparmaq olmaz. Onlar gerizəkalılıqla məşğuldurlar. Tənqid başqa, söyüş söymək başqa. Hər kəsi tənqid etmək olar. Amma bu adamlar ağızlarına gələn küçə söyüşlərindən istifadə edirlər. Harda olmasından asılı olmayaraq kim söyüş söyürsə, bunlar tərbiyəsiz kəsimdir. Belə mübarizə aparmaq olmaz. İslahatlar tələbini söyüşlə etmək yolverilməzdir. Əxlaqsızlıq aşılamaq bizim milli-mənəviyyata, siyasi əxlaqa yaddır. Bu adamlar dərk etmirlər ki, söyüşlə hakimiyyətə gəlmək olmur. Dünyanın hansı yerində siyasi mübarizə söyüş üzərində qurulub? Bizim mövqeyi qəbul edən bəzi siyasi partiyalar da bu söyüşdən, təhqirdən çəkinirlər, gəlmirlər. Konstruktiv, dinc yolu üstün tutan kəsimə o söyüş mafiyası qənim kəsilir. Kim hökumətlə dialoqa üstünlük verirsə, tərbiyəsizlər, küçə adamları sosial şəbəkələrdə həmin qüvvələri ağır təhqirlərə məruz qoyurlar. 
- Təhqir demişkən, Fazil Mustafa sizin son qeyri-rəsmi görüşlə bağlı mövqeyini bildirdi. Qeyd etdi ki, bir kəsim Pənah Hüseyni və sizi qınayıb ki, niyə deputat mandatı daşıyan partiya sədrləri ilə görüşmüsüz, onlarla müzakirə mənasızdır və s. Bununla yanaşı Qüdrət Həsənquliyevi, Fazil Mustafanı təhqir etməkdən də çəkinməyiblər. Bunu necə dəyərləndirirsiz
- Bilirsiz, Fazil bəyin də, Qüdrət bəyin də və yaxud digərlərinin də iştirakını, fikirlərini, görüşlərimizi kimsə birmənalı qarşılamaya bilər, bu normaldır. Yəni kimsə tənqid edə bilər, kimsə fikirlərini qəbul etməyə bilər. Mənim, Pənah bəyin, yaxud da Fazil bəyin fikirlərini qəbul etməyib tənqid edə bilərlər. Amma təhqir yolverilməzdir. Söyüş söyən, təhqir edən insanlar anormal insanlardır. Yenə deyirəm, tənqid edə bilər hər kəs. Məsələn, kimsə bizim görüşümüzü təhlil edib, tənqidi fikirlərini səsləndirsə, bu, qeyri-adi qarşılanmamalıdır. Müxalif qüvvələrdir, hər partiyanın siyasi baxışı var. Biz ümumi maraqlar üçün siyasi mədəniyyət ortaya qoyub müzakirələr aparırıqsa,  niyə söysünlər ki? Olmaz axı belə. Ölkədən kənara qaçıblar, gedib ordan hamını təhqir edirlər. İstisnasız, kim ağıllı fikir səsləndirir, hökumətə təklif irəli sürür, söyüş söyənlər ağızlarını açırlar. Məsələn, bizim partiya Azərbaycan Xalq Hərəkatında təmsil olunurdu. Sonra mədəni şəkildə kənara çəkildik. Perspektiv görmədik, çıxdıq. İndi bizi söyürlər, hücum edirlər ki, niyə BAP AXH-dən çıxdı? Adamları başa salmaq olmur, izah qəbul etmirlər. Gerizəkalı insanlardırlar. Ona görə də düşünürəm ki, o söyüş söyənlərə, təhqir yağdıranlara fikir vermək lazım deyil. Öz yolumuzla davam etməliyik. Nəyə gücümüz çatırsa, siyasi fəallığımızı o yöndə artırmalıyıq. Mübarizənin bir çox yolları var ki, bunlardan biri də fikir mübadiləsi, təklif səsləndirməkdir. Biz bu formanı götürmüşük, məqbul bilirik. Məni nə qədər istəyirlər tənqid etsinlər. Amma təhqir etməkləri əndazəyə sığmır. Onu da deyim ki, həmin söyüş söyənlər zaman gələcək özləri söyüləcəklər. Rəhmətlik Elçibəyi öz düşərgəsindən təhqir edənlər, haqqında ağzına gələni yazanlar vardı. Sonra zaman gəldi, onların özləri ağır söyüşlərə məruz qaldılar. 
- Bu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. Həmişə yerli özünüidarəetmə orqanlarına seçimlərdə siyasi partiyalar aktiv iştirak etmirlər. Bu il fərqli proses izləyə bilərikmi? Məsələn, sizin rəhbərlik etdiyiniz partiya bələdiyyə seçkilərinə qatılacaqmı?
- Bütün siyasi partiyaların məqsədi, məramı siyasi proseslərə qatılmaq, seçkilərdə aktiv iştirak etməkdir. Amma bunun üçün normal seçki mühiti formalaşmalıdır. İstər parlament seçkiləri olsun, istərsə də bələdiyyə seçkilərinə qatılmağın tərəfdarıyam. Lakin ölkədə seçki qanunvericiliyində boşluqlar, seçki mühitində axsamalar var. Bu problemlər aradan qaldırılmalıdır, seçki islahatı olmalıdır. Bizim təkliflərimizdən biri də məhz bununla bağlıdır. Dekabrda keçiriləcək bələdiyyə seçkilərinə BAP-nın qatılıb-qatılmayacağı dəqiq deyil. Partiyamızın İdarə Heyəti, sıravi üzvləri nə qərar verəcəksə, o yolla gedəcəyik. Marafona qatılmaq istəyi olacaqsa, əlbəttə, iştirak edəcəyik. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu