Azərbaycanda uşaq pulu bərpa oluna bilərmi ? - EKSPERT "hə" dedi

Ölkəmizdə uşaq pulunun veriləcəyi barədə söz-söhbətlər bitmir. Bəzi mənbələrin verdiyi məlumata görə, rəsmi qurumlarda uşaqların siyahısının yenilənməsinə başlanılıb. Artıq “JEK”lərdən evlərə zəng vurularaq dəqiqləşdirmələr aparılır.

Xatırladaq ki, bir müddət öncə millət vəkili, Əmək və Sosial siyasət komitəsinin üzvü  Araz Əlizadə “Sherg.az” açıqlamasında uşaq pulunun tətbiq olunmasına dair müəyyən müzakirələrin aparıldığını qeyd edib:

“Parlamentin payız sessiyasında uşaq pulu ilə bağlı vəsaitin miqdarını müəyyən edəcəyik”.

Uşaq pulunun verilməsi ilə bağlı dövlət büdcəsinin əlverişli olduğunu deyən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az” bildirib ki, 2019-cu ildə büdcənin 32-33 faizi məhz sosial xərclər idi:

“Normalda bir ölkənin dövlət büdcəsi təxminən 60-70, bəzən isə 80 faizə qədər yüksəlir ki, bunlar sosial təyinatlı xərclər olur. Ölkəmizdə isə sosial xərclər bir neçə fərman və sərəncamlar çərçivəsində real olaraq artacaq.

2019-cu ildə büdcənin təxminən 40 faizinin sosial təyinatlı xərclər olması proqnozlaşdırılır. Təqaüdlər, müavinətlər və.s xərclər 40 faiz olsa belə, yenə də dövlət büdcəsinin imkanları şərait yaradır ki, uşaq pulu verilsin.

Son dövrlər iqtisadiyyatın müəyyən qədər şəffaflaşdırılması ilə bağlı tədbirlər görülür. Çünki Azərbaycan iqtisadiyyatında gizli dövriyyənin həcmi kifayət qədər böyükdür.

Gizli dövriyyənin leqallaşdırılması tədbirləri daha effektiv şəkildə həyata keçirilərsə, büdcənin gəlirlərində, xüsusilə də dövlət və qeyri-neft mənşəli daxil olmaların həcmi kifayət qədər artacaq. Məsələn, bu ilin göstəricilərindən də bu mənzərə özünü göstərməkdədir. İl ərzində vergi və gömrük orqanlarına daxilolmaların həcmi ötən 6 ay ərzində 400 milyona yaxın olub.

Yəni, bunun özü də bir maliyyə mənbəyidir və bundan da yararlanmaq lazımdır. Eyni zamanda iqtisadiyyatın leqallaşması istiqamətində tədbirləri daha da dərinləşdirərək mövcud gəlirləri sosial xərclərə yönəltmək olar”.

İqtisadçı qeyd edib ki, əsas məsələ uşaq pulu ilə bağlı meyarların  müəyyən edilməsidir:

“Bu kriteriyalar hansı səviyyədə müəyyənləşdiriləcək və neçə yaşa qədər uşaqlara pulun ödənilməsi nəzərdə tutulacaq, bu amillər dəqiqləşməlidir . İctimaiyyətdə daha çox müzakirə olunan məsələyə baxsaq, təxminən il ərzində 1.5 və 1.7 milyard manat səviyyəsində vəsait formalaşdırılır. Təbii ki, bu nisbətən geniş formatda olan bir konsepsiya idi.

1.5 və 1.7 milyard ilk baxışdan yüksək məbləğ görsənsə də, bu, sadəcə iqtisadiyyatın leqallaşmasını təmin etmək yolu ilə dövlət büdcəsinin xərclənməsi zamanı şəffaflığın təmin olunması və korrupsiyanın aradan qaldırılması yolu ilə mümkündür”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu