Deputatdan cəsarətli açıqlama: “...Hərbi gücümüzdən istifadə etməliyik !” 

Elman Məmmədov:“ Yeganə yolumuz odur ki, hərbi əməliyyatlar yolu ilə düşməni torpaqlarımızdan qovaq və ərazi bütövlüyümüzü təmin edək. Əks təqdirdə düşmən işğal etdiləri torpaqlarda daha dərin kök salacaqlar”.



“Ermənilər beynəlxalq konvensiyalara, hüquq normalarına qətiyyən əməl etməyiblər, bu gün də əməl etmirlər, sabah da etməyəcəklər”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, düşmən üçün hansısa qayda-qanun yoxdur. Onun fikrincə, ermənilərin məqsədi daha artıq torpaq işğal edərək “Böyük Ermənistan” yaratmaqdır: 

“Düşmən bir qarış da olsa torpaq qaytarmaq fikrində deyil. Bəzi politoloqların fikrincə, Paşinyan müəyyən dividentlər qazanmaq üçün cəbhədə təxribatların törədilməsinə göstəriş verir. Yaxud deyirlər ki, ordu Paşinyana tam tabe deyil və Koçaryan-Sarkisyan tərəfdarlarının çoxluq təşkil etdiyi silahlı qüvvələr baş nazirin sözünə baxmır. Ancaq mən düşünürəm ki, düşmən cəzasızlıqdan qudurğanlıq edir, təxribatların sayını artırır.

Ötən gün məlumat yayıldı ki, ermənilər işğal etdikləri Qarabağa üçüncü yolu çəkmək istəyirlər. Bu əməllərin hamısı erməni xəyallarının reallaşmasına xidmət edir. Düşmən işğal etdiyi əraziləri yavaş-yavaş özününkiləşdirməyə çalışır.

Onların bütün fəaliyyəti buna yönəlib. Ermənilər Dağlıq Qarabağdakı qondarma cinayətkar qurum özlərinə məxsus saytlarda 11,5 min kvadrat kilometr göstərirlər. Halbuki, Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi 4,4 min kvadrat kilometrdir. Deməli, ermənilər yeni “xəritə”lərinə Dağlıq Qarabağ ətrafındakı rayonların ərazilərini də daxil ediblər”. 

Parlament üzvü bildirib ki, düşmən zəbt etdiyi ərazilər hesabına genişlənir, orada infrastruktur qurur, yol çəkir: 

“Təbii ki, ermənilərin cəbhə xəttindəki təxribatlarına, mülki şəxsləri və hərbi yardım maşınlarını vurmasına layiqli cavab verilir, düşmən susdurulur. Ancaq bütün bunlara birdəfəlik son qoymağın vaxtı çoxdan çatıb. Lazımsız vasitələrdən əl çəkməliyik. 30 ilə yaxındır etiraz edirik, beynəlxalq qurumlara müraciətlər ünvanlayırıq, notalar veririk, amma heç birinin xeyri olmayıb.

Ötən müddət ərzində düşmən öz fəaliyyətini dayandırmayıb, təxribatlardan əl çəkməyib. Yeganə yolumuz odur ki, hərbi əməliyyatlar yolu ilə düşməni torpaqlarımızdan qovaq və ərazi bütövlüyümüzü təmin edək. Əks təqdirdə düşmən işğal etdiləri torpaqlarda daha dərin kök salacaqlar. Bunun qarşısını almaq üçün hərbi gücümüzdən istifadə etməliyik”. 

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir. DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub. Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub. “Hərbi tibbi yardım” avtomobillərinin atəşə tutulması birbaşa Cenevrə Konvensiyasının pozulmasıdır.



Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu