İran “Xəzərin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edəcəkmi ? – AKTUAL ŞƏRH

Sədrəddin Soltan: “Ola bilsin ki, İran parlamenti sənədi təsdiqləməsin. Çünki son zamanlar İrandakı hakimiyyətə qarşı xüsusilə, Amerika tərəfindən təzyiqlər artıb. İran sənədin təsdiqini ABŞ-ın müttəfiqlərinə qarşı təzyiq vasitəsi olaraq saxlaya bilər ”

“Yəni, Azərbaycan, Rusiya, Qazaxstan və Türkmənistanın ABŞ-la bağlı davranışına nəzərən ola bilər ki, həmin sənəd parlamentdə təsdiqlənməsin”




“Xəzərin hüquqi statusu haqqında” Konvensiya təsdiq ediləcək. Bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib. 

O qeyd edib ki, indiyədək “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ilə bağlı hər bir qərar Milli Təhlükəsizlik Ali Şurası və İranın Ali liderinin icazəsi və imzası ilə verilib: “Lazımi prosedur keçdikdən sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ratifikasiya üçün parlamentə göndəriləcək”.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.

Konvensiya barədə fikirlərini “Sherg.az”la bölüşən politoloq Sədrəddin Soltan bildirdi ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxstanın müstəqilliklərini bərpa etdikdən sonra başlayıb. 

Politoloq vurğulayıb ki, bu məsələ uzun ildir- 28 ilə yaxın dövrdə müzakirə olunur:

“Nəhayət, keçən il Xəzəryanı ölkələr Xəzərin bölünməsi ilə bağlı razılıq əldə etdilər. Burada məsələnin həll olunmamasına ən çox problem yaradan tərəf İran olub. Bu məsələ olduqca mübahisəli idi və proses 28 il davam etsə də, danışıqlar yolu ilə həll oluna bildi. İran tərəfinin sənədləri hazırlaması geciksə də, hər halda yaxşı addım sayıla bilər. Çünki Xəzəryanı ölkələrin demək olar ki, çoxu bu sənədi təsdiqləmişdi.

İran isə hər zamankı kimi məsələni gecikdirirdi.

Ola bilsin ki, İran parlamenti sənədi təsdiqləməsin. Çünki son zamanlar İrandakı hakimiyyətə qarşı xüsusilə, Amerika tərəfindən təzyiqlər artıb. İran sənədin təsdiqini ABŞ-ın müttəfiqlərinə qarşı təzyiq vasitəsi olaraq saxlaya bilər. Yəni, Azərbaycan, Rusiya, Qazaxstan və Türkmənistanın ABŞ-la bağlı davranışına nəzərən ola bilər ki, həmin sənəd parlamentdə təsdiqlənməsin”.

S.Soltan bildirib ki, İran parlamenti sənədi təsdiqləsə belə, hökümət qanunverici və icraedici hüquqa malik deyil:

“İran ali rəhbərliyinin başçılıq etdiyi institutlar və Nəzarət Şurası var. Dövlət əhəmiyyətli icraedici məsələlər belə Nəzarət Şurası təsdiqlədikdən sonra qüvvəyə minir. Hətta perspektivdə parlament sənədi təsdiqləsə, Nəzarət Şurası qanunu ləğv edə bilər və beləliklə onlar yeni iddialarda ola bilərlər. Ona görə də bütün hallarda sənədin təsdiqlənməsi, həm parlament, həm də Nəzarət Şurası tərəfindən qüvvəyə minməsi bölgədə böyük problemin həlli anlamına gəlir.

Biz Xəzərin sülh məqsədləri üçün istifadə edilməsini istəyən birinci ölkəyik. Hesab edirik ki, Rusiya və İran da istəklərimizə uyğun olaraq bölgədə fəaliyyətlərini davam etdirəcəklər. Çünki İran, Rusiya, Türkmənistan və Qazaxstan da bu sənədə qol çəkiblər. Suriya məsələsində Xəzərdən hərbi məqsəd üçün istifadə edilirdi. Bu isə bölgə ölkələrinin təhlükə altına atılması demək idi.

Odur ki, Xəzərdə dinc məqsədlər üçün istifadə edilməsinə dair beynəlxalq müqavilələrə əməl etmək düzgün olardı. İran parlamentinin atacağı addım da bu məqsədə xidmət edə bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu