“Volınkinin təyinatı Azərbaycan üçün arzuolunmazdır” – NİYƏ ?

Həsrət Rüstəmov: ”Bu, Rusiyanın onsuz da xeyrimizə olmayan mövqeyinə mənfi çalarlar verə bilər. Ona görə də bizim müvafiq strukturlarda bu fakt nəzərə alınmalı, diplomatik çalışmalarda daha çox fəallıq göstərilməlidir”



Rusiya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ və keçmiş sovet respublikalarındakı digər münaqişələrlə məşğul olan nazir müavini Qriqori Karasini yeni diplomat əvəz edəcək. Karasin uzun illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları kurasiya edib. Yaxın günlərdə onun yerinə Rusiyanın Ermənistandakı keçmiş səfiri və hazırda XİN-in konsulluq departamentinin rəhbəri İvan Volınkinin təyin olunacağı gözlənilir. Volinkinlə bağlı Azərbaycan ictimaiyyətində birmənalı fikir yoxdur. Bir qisim ekspert rus diplomatı ermənipərəst kimi təqdim edir və onun münaqişə ilə bağlı proseslərdə təxribatçı mövqedə dayanacağını, Ermənistanın mövqeyini müdafiə edəcəyini iddia edirlər. 
Təyinatla bağlı “Sherg.az”a açıqlama verən ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov deyib ki, böyük dövlətlərin müəyyən olunmuş siyasi istiqamətləri, platformaları olur. 
Ekspertin sözlərinə görə, siyasi istiqamətlər adətən bir nəfər tərəfindən deyil, kollektiv tərəfindən hazırlanır: 
“Rusiyanın Cənubi Qafqazla və buradakı münaqişələrlə bağlı siyasəti icraçı şəxslərin mövqeyindən çox az asılıdır.
Amma nəzərə alanda ki, Rusiya Ermənistanın Azərbaycana qarşı təcavüzündə həmişə birincinin yanında yer alıb, o zaman ermənipərəst birinin bu postda daha aqressiv davranacağı şübhə doğurmur.
Onu da nəzərə almalıyıq ki, bizdən fərqli olaraq ermənilər onlara simpatiya bəsləyən yüksək ranqlı siyasətçilərlə yaxşı işləməyi bacarırlar. Hətta bu cür insanların daha çox önə çıxması üçün ciddi işlər görürlər.
Bu baxımdan Volınkinin təyinatı bizim üçün arzuolunmazdır. Bu, Rusiyanın onsuz da xeyrimizə olmayan mövqeyinə mənfi çalarlar verə bilər.
Ona görə də bizim müvafiq strukturlarda bu fakt nəzərə alınmalı, diplomatik çalışmalarda daha çox fəallıq göstərilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu