Ekspertdən SOS: “Əhaliyə qarşı qida terrroru həyata keçirilir”- QTA hara baxır ? 

Elçin Bayramlı: Bunun da nəticəsi özünü ağzınadək dolu olan xəstəxalanarda və apteklərdə, həmçinin cavan və orta yaşda dünyasını dəyişənlərin hesabına sürətlə böyüyən qəbiristanlıqlarda göstərir”

“Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir. Bu sahəyə nəzarət sıfır səviyyəsindədir”



“Altay” sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, qida təhlükəsizliyi üzrə ekspert  Elçin Bayramlı Feysbuk hesabında maraqlı paylaşım edib. İqtisadçı bildirib ki,  “Təbii” adı ilə satılan inək südü bişiriləndən sonra əcaib hala düşüb.  Çünki südün yarısı ximikat teksun və kanserogen palma yağından ibarətdir.

Təəssüf ki, ölkmizdə qida məhsulları ilə bağlı durum acınacaqlıdır. Hətta vəziyyət o həddə çatıb ki, təbii hesab etdiyimiz kənd məhsullarında belə müəyyən neqativliklər müşahidə olunur.

Qidalarda müəyyən qatqıların olması ilk növbədə genefondun sağlamlığına ciddi ziyandır. 

Bəs, bu işə kimlər nəzarət etməlidir, hansı işlər görülməlidir ki, qida məhsulları ilə bağlı normal və inamlı bir atmosfer yaransın ?

Suallarımızı cavablandıran E.Bayramlı “Sherg.az”a açıqlamasında bildirdi ki, bu gün qida sektorunda vəziyyət faciəvidir. 

“Qida terroru tüğyan edir”

Onun sözlərinə görə, dünyada qlobal qida terroru tüğyan edir və öz bazarını qorumayan ölkələr ciddi təhdid altında və milli genefondun dağılması təhlükəsi qarşısındadır:

“Artıq dünya əkinlərinin 70 faizindən çoxunu GMO əkinlər təşkil edir. Genetik modifikasiya edilmiş ərzaq məhsulları insanların bioloji strukturunda və təbiətdə faciəvi dəyişikliklərə səbəb olur və olacaq. Etiraf edilməsə də, ciddi nəticələr var. Bəzi ölkələr GMO-nu qadağan edib. Bizdə də müxtəlif qanunlarla qadağan edilib, lakin kağız üzərində qalıb. Problem təkcə GMO məhsullarla da bitmir. Əkinlərə yüzlərlə növdə zəhərli dərmanlar vurulur, heyvanlara hormonal qidalar verilir və kimyəvi iynələr vurulur. Bundan başqa qida sənayesində 100 mindən artıq qida əlavələri, kimyəvi qatqılar, rəngverici, dadverici, ətirverici, istifadə müddətini artıran ultraximikatlar tətbiq olunur. Bütün bunlar insanın təbii qida zəncirini dağıdır və orqanizmin xəstəliklərə müqavimətini sıfıra endirir. Bu gün mağazalarda satılan məhsulların heç birinin qidaya aidiyyətı yoxdur. Bazarlarda isə hələ ki, bir neçə təbii məhsul tapmaq mümkündür. Bütün tərəvəzlərin geni dəyişdirilib. Meyvələrin isə yarısı transgendir. Taxılın xromosomları 15-20-dən 40-50-yə qaldırılıb ki, bu da insanın genini dağıdır. Mal-qaraya və qoyun-keçiyə ət və südünün çox olması üçün xüsusi hormonal iynələr vurulur”.

“Yağların 99 faizi saxtadır”

İqtisadçı emal sənayesi məhsullarının daha təhlükəli olduğunu diqqətə çatdırıb:

“Emala məruz qalmış ərzaq məhsulunun başına elə oyunlar açılır ki, onda qidaya aid heç nə qalmır. Bunların içində ən təhlükəlisi süd məhsulları, xüsusən də yağlardır. Qida bazarında əhaliyə təklif olunan yağların 99 faizi saxtadır. Ən yaxşı halda kanserogen palma yağıdır. Bu, konkret texniki yağdır. Digər hallarda isə quru süddən, müxtəlif ultraximikatlardan, spredlərdən ibarətdir. Bir çoxu bunu məhsulun üzərində açıqca yazır. Bitki yağları da eyni vəziyyətdədir. Yalnız bəzi zeytun yağlarını istisna etmək olar. Bu vəziyyətdə insanlar kənddən gətirilən məhsulları almağa üstünlük verməyə başlayıblar. Lakin bundan istifadə edən işbazlar kənddən gətirmək adı ilə saxta və süni məhsuları əhaliyə sırıyırlar. Hətta bu işlə məşğul olan şəbəkə var. Onlar rayonların birindəki bir sexdə süni yağlar, süd və qatıq düzəldir, bunu bəzi adamlar vasitəsilə köhnə maşınlarda böyük şəhərlərə göndərir və həyətlərdə təbii kənd məhsulu adı ilə satdırır. Maraqlıdır ki, ən ucuz halda nehrə yağının kiloqramı 15 manatdan baha başa gəldiyi halda, bu nehrə yağları 8-12 manat arasında satılır. Mağazada paket südlərin litri 1,5 manatdan baha olduğu halda bu südlər 1 manatdan satılır. 3-4 manata satılan pendir, kəsmik, qaymaq, smetan kimi süd məhsulları tam ximikatdır”.

“QTA qida təhlükəsizliyi yox, qida təhlükəsi yaradır”

Ekspert diqqətə çatdırırb ki, konkret olaraq bu gün əhaliyə qarşı qida terrroru həyata keçirilir: 

“Bunun da nəticəsi özünü ağzınadək dolu olan xəstəxalanarda və apteklərdə, həmçinin cavan və orta yaşda dünyasını dəyişənlərin hesabına sürətlə böyüyən qəbiristanlıqlarda göstərir. Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir. Bu sahəyə nəzarət sıfır səviyyəsindədir. Bütün bunlarla Qida Təhlükəsizliyi Agentliyi (QTA) məşğul olmalıdır, o da ki yalnız kağız üzərində möcvuddur və işi-gücü ancaq kənddən sağlam heyvan gətirib Bakıda satan qəssablarla mübarizədən ibarətdir. Bu agentlik qida təhlükəsizliyi yox, qida təhlükəsi yaradır. Eyni sözlər Kənd Təsərrüfatı Nazirliyinə də aiddir. Ona görə də hər kəs öz başına çarə qılmalıdır”. 

“Insanlar qida yox, qidanın imtiasiyasını qəbul edirlər”

“Müvafiq orqanlar hansı işlər görməlidir?” sualına gəlincə, E.Bayramlı bu suala cavab verməyəcəyini bildirdi:

“Çünki son 20 ildə bunları yüz dəfələrlə demişik və heç bir reaksiya olmadığına, tədbir görülmədiyinə görə təkrarlamaq faydasız olardı. Hər kəs özünü və ailəsini qorumaq yollarını özü fikirləşsin və bir yol tapsın.

Hazırda insanlar əvvəlkindən fərqli olaraq, qida yox, qidanın imtiasiyasını qəbul edirlər. Yəni, həmin qidaya məharətlə oxşadılmış süni kimyəvi maddələr yeyirlər. Orqanizm isə bunları qida kimi tanımır və oradan özünə lazım olan maddələri ala bilmir. Hüceyrələrin funksiyası pozulur, immunitet zəifləyir və nəticədə xərçəng yaranır.

İnsanlarımızı mümkün qədər mağazalardakı paketlənmiş yerli və xarici qida məhsullarından az istifadə etməyə, ərzaq ehtiyaclarını daha çox kəndlərdən gətirtdikləri məhsullarla ödəməyə çağırıram. Əlbəttə, kəndlərdən gətirilən məhsulların da bəzilərində təhlükə var,- məsələn tərəvəzlərə güclü dərmanlar vurulur, südə qatığa kimyəvi marqarin qatılır və s. Lakin mağaza məhsulları ilə müqayisədə on dəfələrlə azdır.

Broyler toyuğu və yumurtasından istifadə etməsinlər. Şəkər, ağ çörək və duzdan istifadəni minimuma endirsinlər. Yabanı bitkilərə, çiçək çayları, təbii bal, limon, zəncəfil, sirkə kimi məshullardan gündəlik istifadə etsinlər ki, qidalarla zəhərlədiklərin orqanizmi təmizləsinlər. İçdikləri suya fikir versinlər və təmizliyinə əmin olsunlar. Şüa yayan cihaz və aparatlardan mümkün qədər aralı dursunlar, hərəkətli həyat tərzinə üstünlük versinlər. Əsəb xəstəliklərinə tutulmamaq üçün televiziyalara baxmasınlar.

Xəstələnəndə mümkün qədər təbii vasitələrə üstünlük versinlər, çünki dərmanlar saxtadır. Gigiyenik vasitələrlə də ehtiyatlı olsunlar. Məsələn iysiz, rəngsiz sabunlara üstünlük versinlər. Kosmetikadan, saç boyalarından, ximikat ətirlərdən mümkün qədər aralı dursunlar. Özlərini və sağlamlıqlarına cavabdeh olduqları uşaqlarını qorusunlar. Onları kimyəvi mağaza şirniyyatlarına yox, meyvələrə öyrətsinlər. Əks halda bu bioloji terrorun nəticələri çox dəhşətli olacaq”.



Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu