17 yaşlı qızın intiharına REAKSİYA: “Mirzə Cəlilin və Üzeyir bəyin dediyi bəlalar bitməyib...”

Pərvin: “Və heç şübhəsiz ki, maarifləndirməni elə valideynlərdən, daha çox da analardan başlamalıyıq”


“Nə qədər ki, ata-ana övladına şəxsi əmlakı kimi baxacaq, onu dinləməyəcək, onunla dost olmayacaq, ona təhsil verməyə çalışmayacaq, belə faciələr təkrarlanacaq”

Zaqatala rayonunda 17 yaşlı qız intihar edib. 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb. 
G.İsmayılovanın intihar səbəbi kimi zorla sevmədiyi birinə nişanlanması olub. Məlumata görə, qızın sevdiyi oğlan universitetdə oxuyur. Oğlan G. İsmayılovaya deyib ki, “indi evlənə bilmərik, universiteti bitirim sonra ailə həyatı quraq”. Qız da onunla razılaşıb. Lakin G. İsmayılovanın  ailəsi onu başqa oğlanla nişanlamağa hazırlaşırmış və “həri”si verilibmiş. 
Hadisə ilə bağlı “Sherg.az”a danışan yazıçı Pərvin bildirib ki, baş verənlər bir ailənin yox, bütöv cəmiyyətin faciəsidir:
“Gülər adlı gözəl qızın intiharından əvvəl çəkdiyi və paylaşdığı gözüyaşlı videonu mən də izlədim. Bu qədər nur üzlü bir balanın faciəvi ölümündən sarsılmamaq mümkünsüzdü. Adamın qolu-qanadı qırılır, özünü aciz hiss edir, yaşamaq mənasız gəlir sanki. Şübhəsiz valideynləri bu faciədən yüz qat artıq sarsılıblar. Ümumiyyətlə təsəvvür eləmirəm ki, bundan sonra necə yaşayacaq o ana, ata. Yadınızdadırsa, bir müddət öncə də buna bənzər hadisə başqa rayonda olmuşdu və yeniyetmə qız videoda sevgilisinə müraciətlə  “mən ya sənin olmalıyam, ya qara torpağın” – deyib bir gün sonra özünü asmışdı.
Biz universitetdə təhsil alanda Mirzə Cəlilin felyetonlarında atasının ətəyindən tutub “məni anamdan ayırma, istəmədiyimə ərə vermə” deyən 9 yaşlı qızların faciəsinə acıyırdıq və sevinirdik ki, nə yaxşı bütün bunlar arxada qalıb, artıq millət olaraq təhsilin nə qədər vacib olduğunu başa düşmüşük. Amma belə çıxır ki, Mirzə Cəlilin yana-yana, Üzeyir bəyin xəfif yumor qataraq dediyi bəlalar bitməyib, sona qədər həllini tapmayıb. Ona görə maariflənmə işini gücləndirməyə ehtiyac var. 
Və heç şübhəsiz ki, maarifləndirməni elə valideynlərdən, daha çox da analardan başlamalıyıq”. 
Xanım yazıçının sözlərinə görə, nə qədər ki, ata-ana övladına şəxsi əmlakı kimi baxacaq, onu dinləməyəcək, onunla dost olmayacaq, ona təhsil verməyə çalışmayacaq, belə faciələr təkrarlanacaq:
“Bir də hər zaman söylənir ki, həssas yaşlar var. Bu zaman xüsusi diqqət lazımdı uşaqlara. Hələ psixikası, düşüncəsi, dünyagörüşü tam formalaşmamış adam hansısa arzusunun qarşısına çəkilən səddi həyatın sonu hesab edir. Və ona mane olanları cəzalandırmaq üçün ən yaxşı üsul bunu sayır, intiharı hər kəsə üsyan kimi edir. Bu yaşda yeniyetmələrin bu cür üsyanlarını çox görürük, mətbuatdan oxuyuruq. İmtahanlardan zəif nəticə göstərən, ali məktəbə qəbul olmayan nə qədər uşaq özünə qəsd edir.
Bütün bunlar çox acınacaqlıdır və etiraf etməliyik ki, günah əsasən valideyndədir. Heç unutmuram, övladları çox böyük uğur qazanan, cəmiyyətdə nüfuzlu mövqe tutan bir atadan “sirr nədədi, necə etmisiz ki, uşaqlarınız belə şəxsiyyət kimi yetişib?” – deyə soruşanda aldığım cavab xeyli düşündürmüşdü məni. Adam bir saniyə belə düşünmədən dedi ki, “övladlarıma uşaqlıqdan bir həqiqəti öyrətmişəm – bircə ölümə çarə yoxdur – həqiqətini, bir də istənilən həyat hadisəsində onların arxsında durmuşam, dayaq olmuşam”. 
İndi Gülərin faciəsi haqqında düşünəndə bir daha anlayıram ki, bu sözlərdə çox böyük hikmət var. Övladın əvəzinə qərar qəbul eləmək, onun həyatını qurmaq yox, qəbul elədiyi qərarları yönləndirmək və hər zaman dəstək olmaq vacibdir. 
Bütün bunları anlamaq, bir tərəfdən müdrik valideyn, o biri yandan dost-həmdəm olmaq üçün çox oxumaq lazımdı. Həm özümüz oxumalı, həm də uşaqlarımızı oxutmalıyıq”. 


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu