“Bu, dövlət başçısı ilə vətəndaşlar arasında mənəvi-psixoloji bağları gücləndirir”


“İyulun 31-də Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirəni əvvəlki müşavirələrdən fərqləndirən ən ümdə cəhət budəfəki müşavirənin bütünlüklə sosial məsələlərə həsr olunması idi”. 

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri bildirib ki, dövlət başçısı sosial sahələrin inkişafının iqtisadi siyasətdə prioritet olduğunu məxsusi olaraq vurğuladı: 

“Bu da təbiidir. Çünki Prezident əvvəlki çıxışlarında dəfələrlə bəyan edib ki, sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır. Bu məsələ dövlət başçısı üçün artıq prinsipial məsələyə çevrilib.

Müşavirədə səsləndirilən fikirlər və rəqəmlər bir daha bu hədəflərə yüksək səviyyədə nail olunduğunu göstərdi. Prezident qeyd etdi ki, “biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik”.

Müşavirənin gedişi göstərdi ki, ölkə başçısı vətəndaşlarımızın gündəlik yaşamına bu və ya digər dərəcədə təsir imkanı olan hər bir məsələyə xüsusi həssaslıqla yanaşır. Paytaxt küçələrininin gecə işıqlandırılmasındakı bəzi nöqsanlardan tutmuş, süni qiymət artımının yolverilməz olduğunun qeyd edilməsinə qədər bir çox məsələlərin Prezidentin gündəmində yer aldığının şahidi olduq”. 

Ə.Hüseynov xatırladıb ki, Prezident həlli vacib məsələlərlə bağlı ona məlumat verilən kimi, dərhal göstərişlər verdiyini, həll yolları axtardığını bəyan edib:

“Bu isə vətəndaşlarda inam və güvən hissini artırır. Vətəndaş biləndə ki, onun gündəlik həyatı üçün vacib əhəmiyyət daşıyan hər hansı bir məsələ şəxsən cənab Prezidentin özünün xüsusi nəzarəti altındadır, vətəndaş əmin olur ki, onun problemi tezliklə öz həllini tapacaq. Bu həm də dövlət başçısı ilə vətəndaşlar arasında mənəvi-psixoloji bağları gücləndirir. Müşavirədə qeyd edilən məsələlərin vətəndaşlarımız tərəfindən razılıq hissi ilə qarşılanması yuxarıdakı fikrimizi təsdiqləyir”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu