“Övladını zorla evləndirən valideyn qanunun sərt üzünü görməlidir” – Vəkildən iddia 

Rövşən Qasımov: “Cinayət Məcəlləsində azyaşlıların ərə getməsində bilavasitə təşəbbüskar olan və bu hala göz yuman valideynlər barəsində cəza müəyyən edən maddə yoxdur” 

“Amma belə maddənin Cinayət qanunvericiliyinə daxil edilməsi və azyşalı ilə cinsi əlaqədə olmasına görə, məsuliyyətə cəlb edilməli şəxslər barəsində cəza sanksiyasının tətbiqi bu halların qarşısını tam ala bilər”



Cəmiyyətimizdə qızların zorla və erkən yaşda ərə verilməsinə zaman-zaman rast gəlirik. Təhsildən yayındırılan və sevmədiyi biri ilə ailə quran qızların heç bir istəyi nəzərə alınmır. Təbii ki, bu xoşagəlməz mənzərəni yaradanlar valideynlərdir.

XXI əsr olmasına baxmayaraq dövrümüzün ən aktual problemlərindən biri məhz qız uşaqlarının zorla ərə verilməsi və müxtəlif təzyiqlərə məruz qalmasıdır. Təəssüf ki, adətən belə hadisələr acı sonluqla nəticələnir. Heç bir söz haqqı olmayan, özünü ifadə edə bilməyən, zorakılığa məruz qalan qızlarımız ömürlərinin ən gözəl çağında canlarına qıyaraq sanki üsyan edirlər. Amma nə fayda ? Valideynlər bu olanlardan heç bir nəticə çıxarmırlar. Bəlkə də məsələ qanunvericilik səviyyəsində həllini tapsa, müəyyən irəliləyişlər ola bilər. Bəs, övladını zorla evləndirməyə çalışan validyenləri hansı cəza gözləyir ?

Sualımızı cavablandıran vəkil Rövşən Qasımov “Sherg.az”a bildirdi ki, bu gün faciəli hallardan biri də valideynlərin qızlarını məcburi nikaha daxil etmələridir:

“İnsan hüquq və azadlıqları barədə az məlumatlı olan və dar düşüncəli valideynlər qız uşaqlarının istəyinə zidd olaraq onları özlərindən yaşda xeyli böyük şəxslərlə nikaha girməyə məcbur edirlər. Bəzən buna səbəb kimi maddi çətinliyi bəhanə edən şəxslərə rast gəlmək olur. Lakin erkən nikaha daxil olma hallarına maddi durumu yaxşı olan ailələrdə də daha rast gəlmək mümkündür. Bu məsələ ilə bağlı təbliğat olduqca zəifdir.

Televiziya məkanlarımızda maarifləndirici verlişlərin təşkil olunub yayınlanmasına diqqət lazımi səviyyədə deyil. Heç kimə sirr deyil ki, bu gün qızların 15 yaşında ailə qurmağa məcbur edilməsi halları hər birimizin gözləri önündə olur. Təəssüf ki, hal yalnız doğuş zamanı meydana çıxır və bu da arzuolunmaz nəticələrə səbəb olur. Azyaşlı ilə evlənən şəxs barəsində cinayət işi başlanır.

Beləliklə çox zaman həmin ailələrin dağılmasına və sahibsiz uşaq və qadının meydana çıxmasına şərait yaranır. Ancaq unutmayaq ki , azyaşlı bir qız uşağı məcbur və ya istəyərək 15-17 yaşında ailə qurmağa yönləndirilirsə, o, sabah hansı ailənin başçısı olacaq ? 15- 17 yaşında hamiləlik depressiyası, doğuşdan sonrakı depressiyanı yaşamış bir uşaq gələcək övladına hansı tərbiyəni verəcək?

Yaxud şəxsiyyətində hansı korreksiya işləri aparacaq və ya şəxsiyyətində hansı dəyişiliklər baş verəcək? Bu suallara cavab tapmaq zamanı daha mürəkkəb suallarla qarşılaşırıq. Deməli, təkcə ailə deyil, həm də cəmiyyət ziyan çəkir. Ancaq bu halların yaşanmasında cəmiyyət də günahkardır”.

Vəkil qeyd edib ki, yetkinlik yaşına çatmayan biri ilə cinsi əlaqəyə girən şəxs üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsində müvafiq maddə var:

“Amma bu azyaşlının cinsi əlaqəyə girməsinə səbəb olan, şərait yaradan valideynlər və müvafiq orqanların məsul vəzifəli şəxsləri kənarda qalır, məsuliyyət daşımırlar. Hamıya aydın olur ki , nikah yaşına çatmayan azyaşlı qız uşaqlarının ailə qurması zamanı hər iki tərəfin valideynləri məlumatlı olur və bu hal onların gözləri qarşısında baş verir.

Bu gün Azərbaycan Respublikası Cinayət Məcəlləsində azyaşlıların ərə getməsində bilavasitə təşəbbüskar olan və bu hala göz yuman valideynlər barəsində cəza müəyyən edən maddə yoxdur. Amma belə maddənin Cinayət qanunvericiliyinə daxil edilməsi və azyşalı ilə cinsi əlaqədə olmasına görə, məsuliyyətə cəlb edilməli şəxslər barəsində cəza sanksiyasının tətbiqi bu halların qarşısını tam ala bilər”.

Vəkilin qənaətinə görə, məcburi nikaha daxil olmada iştirakı olan valideynlərin cəzası daha ağır olmalıdır:

“Validenlərindən aslı olan qız uşağının ən iyrənc vəziyyətə salınması halı , yəni məcburi olaraq başqası ilə cinsi əlaqəyə məcbur edilməsi ən ağır şəkildə cəzalandırılmalıdır. İnsan hüquq və azadlıqlarına hörmət etmək fikrində olmayan valideynlər qanunun sərt üzünü görməlidirlər. Yoxsa nə qədər intihar , nə qədər günahsız qurbanların adını eşidəcəyik. Günahkar valideyn layiqli cəzasını mütləq almalıdır. Valideyn olmaq uşaq üzərində mütləq hakim olmaq demək deyil. Valideyn olmaq Allahın əmanəti olan övladlara qayğı göstərmək, onları məhvə aparacaq bütün hərəkətlərdən çəkinmək, ana-ata adına ləkə gətirməmək deməkdir. İnanıram ki, yaxın zamanlarda qanunvericilikdə qeyd edilən məsuliyyətin müəyyən olunması halı baş tutacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu