Biz də Qarabağdan 2-3 film çəkməliyik 

Ermənilərin məşhur aktyorları toplayıb saxta film hazırlamalarına biganə qala bilmərik


Erməni diasporu Dağlıq Qarabağla bağlı saxta tarixin təbliğatı üçün məşhur aktyorların adından istifadə etmək qərarına gəlib. Erməni rejissor Robert Defin “Valter” adlı filmi artıq Rusiyanın Mədəniyyət Nazirliyinə təqdim edilib. Filmdə əsas rolu “Taksi” filminin ulduzu Sami Naserinin kiçik qardaşı - Bibi Naseri ifa edəcək. Erməni mətbuatının məlumatına görə, “13-cü rayon” filmində əsas rolu ifa edən Naseri artıq sözügedən filmin çəkilişlərində iştiraka razılıq verib

“Valter” filminin süjet xəttindən aydın olur ki, hadisələr ötən əsrin 90-cı illərində cərəyan edir. Filmin baş qəhrəmanı Moskvada tikintidə çalışır. Faciəli hadisələr onu vətəninə qayıtmağa vadar edir. O, anasını xilas və ya dəfn etmək üçün Dağlıq Qarabağa qayıdır. Hava limanında Valteri ölən dostunun oğlu qarşılayır, onlar yaxınlarının axtarışı yolunda mərhələləri birlikdə keçirlər. Hadisələr Qarabağ münaqişəsi fonunda inkişaf edir. Yəni film konkret olaraq anti-Azərbaycan psixoloji təsir aləti xarakteri daşıyacaq.

Guya, Dağlıq Qarabağ ermənilərin “vətəni”dir, azərbaycanlılar isə - “qatillərdir”. Düşmənin çəkmək istədiyi filmdə həqiqət tamamilə təhrif olunub. Ancaq söhbət ondan gedir ki, Avropa və ya Amerikada filmə baxan tamaşaçı erməni rejissorun saxtalaşdırdığı hadisələri aydınlaşdırmaq üçün özünə əziyyət verməyəcək. İzləyici üçün faciə yetərlidir. Hətta sənədlərə əsaslanmayan adi filmlərin belə izləyicilərin hər hansı obraza dərin nifrətinə səbəb olmasına dair nümunələr heç də az deyil. Hazırda sözügedən film Rusiyanın Mədəniyyət Nazirliyində təsdiqlənmə mərhələsindədir və Azərbaycan XİN, səfirlik və Azərbaycan diasporunun bununla bağlı etiraz üçün hələ zamanı var. 



Filmlə bağlı “Şərq”ə danışan Ağ Partiya başqanı Tural Abbaslı deyib ki, belə filmlərə baxanların yadında tarix də, fakt da, həqiqət də o filmdəki süjet xətti olacaq. Partiya sədrinin sözlərinə görə, ümumiyyətlə, dünya tarixinə nəzər yetirsək incəsənətin, ədəbiyyatın təbliğat sahəsindəki böyük təsiredici rolunu görərik:

“Hələ 20-ci əsrin əvvəllərindən yaradıcılığın yeni qolu olan bədii və sənədli filmlərin yerini və təbliğat gücünü görməmək mümkün deyil. 2-ci Dünya savaşında Hitler Almaniyasının təbliğatın bu formasından məharətlə istifadə edərək, sənədli və bədii filmlər vasitəsilə öz işğalçı siyasətlərinə bəraət qazandıqları da tarixi faktdır. Son zamanlarda inkişaf etmiş dövlətlər məhz filmlər vasitəsi ilə özlərinin siyasi və dövlət ideologiyalarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdadır”.

T.Abbaslının sözlərinə görə, ermənilərin bu cür effektiv metoda əl atması anlaşılandır:


“Ermənilər gözəl anlayırlar ki, özlərinin saxta tarixlərinə və işğalçı, aqressiv siyasətlərinə dünya qarşısında ancaq bu cür bəraət qazandıra və tərəfdar toplaya bilərlər. Həmçinin Osmanlının onlara guya, soyqırım etdiklərini dünyaya sırımaq üçün zamanında bu metoddan istifadə ediblər. Yəni demək istəyirəm ki, ermənilər üçün bu, yeni praktika deyil. İndi də Qarabağ həqiqətlərini saxtalaşdıraraq dünya ictimaiyyətini aldadıb öz tərəflərinə çəkmək istəyirlər. Təəssüf ki, bunun qarşısını birbaşa almaq imkanları mövcud deyil. Biz nə xalq, nə də dövlət olaraq həmin məşhur aktyorlara hansısa filmlərdə çəkilməyi qadağan edə bilərik. Bu cəhdi faydasız etməyin ən effektli yolu onların çəkdiyi hər film qarşısında bizim də 2-3 film çəkməyimizdir. Onların çəkdikləri məşhur aktyorlardan daha tanınmış və istedadlı aktyorları dəvət edərək, ayırdıqları büdcədən daha çox büdcə ayıraraq peşəkar və səviyyəli kinostudiyalara sifariş verə bilərik”.

Ekspert bildirib ki, Azərbaycan tərəfinin çəkdiyi filmlərin daha çox ölkədə nümayiş edilməsini təşkil etmək lazımdır: “Yəni onların təbliğatlarına mane olmağa çalışmaqdansa, onların təbliğatlarını kölgədə qoyacaq daha böyük və səviyyəli təbliğat qurmalıyıq. Bunun üçün Azərbaycanın həm maddi, həm də insan resursları kifayət edir. Sadəcə olaraq bəzi qurumların rəhbərlərinin siyasi səriştəsi lazımdır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu