Qarpız və yemiş kəsilməmiş yuyulmalıdır

Hazırlanan qidanın saxlandığı qaba da fikir verilməlidir

Soyuducuda 3-4 gün qalmış qidanın yeyilməsi təhlükəlidir

Şabranda son iki gündə 17 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Rayonun müxtəlif ərazilərində yaşayan həmin şəxslər qarpız, tort və şirin su məhsullarından zəhərləndiklərini bildiriblər.
Müraciət edənlərə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. Onlardan yalnız bir nəfər xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir.
Qida zəhərlənmələrinin bütün fəsillərdə baş verdiyini deyən həkim-dietoloq Şəmsiyyə Namazlı “Şərq”ə bildirib ki, qış aylarında zəhərlənmələr əsasən konservləşdirilmiş qidalardan olur:
“Yayda isə daha çox qidaların saxlanma müddəti və şəraiti zəhərlənməyə səbəb olan əsas amildir. Qidanın hazırlanması, saxlanması çox vacibdir. Saxlanma şəraiti pozulduqda insan həyatı üçün təhlükə yaradır.
Hər bir qidanın açıq havada qalma müddəti var. Daha sonra həmin qidaları soyuducuya yerləşdiririk. Bəzən görürük ki, qida soyuducuda normadan daha çox qalır və burada bakteriyalar inkişaf edir. Həmin bakteriyalar da müxtəlif toksinlər ifraz edir. Bu toksinlər mədə-bağırsaq sistemini dərhal pozur. Ürəkbulanma, halsızlıq, qusma, qarın işləmə və hərarətin qalxması baş verir. Belə olduqda orqanizm çoxlu maye ötürür və bu zaman qusma və qarın işləmənin sayı artır”.

Həkim qeyd edib ki, qidanın tam hazırlanması və saxlanma müddəti vacibdir: “Hazırlanan qidanın saxlandığı qaba da fikir verilməlidir. Təəssüf ki, hazırda xanımlarımız plastik qablardan çox istifadə edirlər. Həmçinin soyuducuda 3-4 gün qalmış qidanın yeyilməsi təhlükəlidir. Bu zaman uşaqlar, qocalar və xroniki xəstəliyi olanlar daha tez reaksiya verirlər”. 
Ş.Namazlı bildirib ki, meyvə-tərəvəzlərin düzgün və təmiz yuyulmasına da fikir verilməlidir: “Təəssüf ki, bəzən qarpız və yemişi yuyulmamış kəsirlər və soyuducuya yerləşdirirlər. Onların üst qatı torpaqla əlaqədə olur. Biz onları yumamış kəsiriksə, üzərində olan lazımsız bakteriyalar insan orqanizmi üçün zərərlidir. Həmçinin yumurtanı da yumamış sındırıb yemək hazırlayırlar. Bu baxımdan qida zəhərlənmələrində faktorlar çoxdur. Ona görə də yeməklər hazırlanarkən xüsusilə sanitar qaydalara əməl olunmalıdır”.



Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu