Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ağır İTTİHAM: “..Səhv siyasət yürüdür”

Osman Gündüz: “Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır”


“50% internet bazarını ələ keçirən dövlət provayderləri bundan doymayaraq , yeni infrastruktur yaratmaq əvəzinə , köhnələri ələ keçirir. NRYTN tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini “oğurlamaqla” məşğuldur”


“İndi mən bu statistikaya cavabdeh qurum olan NRYTN-ə sual edirəm. 

Mövcud statistika sizə necə təsir edir ? Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğundurmu bu statistika ? Ümid edirəm hökumət cavabdeh şəxslərdən hesabat tələb edəcək”


İngiltərənin kifayət qədər nüfuzlu “Cable” araşdırma qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı açıqlayıb. Məlumata görə, Azərbaycan son iki ildə 33 pillə geriləyib.



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında bildirib ki, kifayət qədər nüfuzlu “Cable” qurumu  12 ay ərzində 208 ölkə arasında  aparılan milyonlarla test nəticəsində toplanan materialları analiz etməklə bu statistikanı ortaya qoyub:

“Cable” bu araşdırmanı apararkən “Google”, “PlanetLab” və s. bu tip tanınmış qurumlarla əməkdaşlıq edir.

Dünya üzrə internetin sürəti ilə bağlı “Cable”nin reytinq cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutub. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub. Yəni, ölkəmiz internet sürətinə görə, son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır.

Əlbəttə, hər bir reytinq cədvəlində subyektivlik ola bilir. Amma nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurum hesab olunur. Ciddi tərəfdaşları var. Onun nəticələri informasiya texnologiyaları sahəsinin qlobal oyunçuları tərəfindən qəbul edilir”.

O.Gündüz bu nəticələrin gözlənilən olduğunu dedi:

“Çünki  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) son iki ildə olduqca konservativ və səhv siyasət yürüdür. Genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb. Bunu etiraf eləməkdən də çəkinmirlər. 

Nazirlik deyir ki hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəli Kabel-Kanal sisteminə yaxın buraxmır. 
Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui- istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib. 

Sektorda dövlətin xüsusi çəkisi hədsiz dərəcə yüksəlib. “Azercell” dövlətləşəndən sonra hiss olunur ki, nazirlik mobil internet bazarında bu qurum üçün daha üstün vəziyyət yaratmaqda maraqlıdır.

50% internet bazarını ələ keçirən dövlət provayderləri bundan doymayaraq , yeni infrastruktur yaratmaq əvəzinə , köhnələri ələ keçirir. NRYTN tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini “oğurlamaqla” məşğuldur.
Regionlarda infrastruktur zəif inkişaf etdirilir. Alternativlər yoxdur. Elə bir neçə gün öncə Balakəndə adi bir texniki problem nəticəsində 7 saat İnternet olmadı. 

İndi mən bu statistikaya cavabdeh qurum olan NRYTN-ə sual edirəm. 

Mövcud statistika sizə necə təsir edir ? Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğundurmu bu statistika ? Əgər özəl Provayderləri Kabel-kanal sisteminə daxil olmağa icazə versəydiz, onların da resurslarından istifadə etsəydiniz, özəllər üçün münbit şərait yaratsaydınız , regionlarda normal infrastruktur qurulsaydı, özəl “backbone” provayderin 70% -lik qiymət endirimini blokadaya almasaydınız, bu nəticələr necə dəyişə bilərdi ?Ümid edirəm hökumət cavabdeh şəxslərdən hesabat tələb edəcək.

Strateji Yol Xəritəsinə görə Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıdır.  Bu sənədə görə gələn il NRYTN-nin tənzimləyici səlahiyyətləri əlindən alınmalı və Müstəqil Tənzimləyici qurum- Milli Telekommunikasiya Şurası yaradılmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu