Deputat:“Azərbaycan öz ərazilərində anti-terror əməliyyatları etmək səlahiyyətindədir” 

“İndiki vəziyyətdə ərazilərimizdə partizan müharibəsi etməyə ehtiyac yoxdur”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan güclü bir dövlət kimi hərbi qüvvəyə və orduya malikdir:

“Ölkəmiz beynəlxalq hüququn bütün normalarına əsasən ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlar keçirib işğalçı qüvvələri torpaqlarından rədd eləmək haqqına malikdir. Düzdür, hazırda bəzi beynəlxalq güclər var ki, onlarla hesablaşmamaq qeyri-mümkündür. Amma ölkəmiz bu sahədə kifayət qədər iş görüb.



Son illər ərzində BMT, ATƏT və digər qurumların işğal faktını təsdiq edən və Azərbaycan ərazi bütövlüyünün tanınması ilə bağlı qərarları mövcuddur. Ölkəmiz kifayət qədər güclü ordu və hüquqi baza yaradıb. Etiraf etməliyik ki, bu gün dünya qanun və hüquqlarla deyil, haqsızlıq, ədalətsizlik və zorla idarə olunur.

Dünya üzərində özünün hökmranlığını bərqərar etmək istəyən, qeyri-rəsmi olaraq dünyanı öz aralarında  bölüşdürüb ərazilərə nəzarət etmək iddiasında olan qüvvələrin rəyi ilə razılaşmamaq olmur. Yaxın Şərqdə və dünyanın bir çox yerlərində nə oyunlar çıxarırlar. Böyük güclərdən üçü də həmsədr dövlətlərdir.

Təbii ki, onları üçü 30 ilə yaxındır bəyan edir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və ona hörmətlə yanaşırıq. Belə olan təqdirdə onlar razıdırlar ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etsin. Amma bunun sülh yolu ilə olmasını istəyirlər. Bəli, biz də sülhün tərəfdarıyıq, amma olmur. Artıq 30 ilə yaxındır ki, bu proses gedir.

Ona görə hər zaman demişəm yenə də deyirəm ki, Azərbaycan bütün beynəlxalq hüququn normalarına uyğun olaraq öz ərazilərində anti- terror əməliyyatlarını etmək səlahiyyətindədir. Bu gün ölkəmizin buna kifayət qədər gücü, imkanı və haqqı var. Ona görə də hesab edirəm ki, ölkəmizdə heç bir partizan müharibəsindən söhbət gedə bilməz. Azərbaycan hərbi qüvvəsindən istifadə edib hərbi əməliyyatlar keçirərək ərazisini düşməndən təmizləyəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu