ABŞ təhdid ritorikasından əl çəkməlidir

 Türkiyə nə vaxt, hara əsgər yeridəcəyini heç kəsdən soruşmayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ordusunun Suriyada, Fərat çayından şərqdə əməliyyat keçirəcəyini açıqlayıb. Afrinə və Cerablusa girdiklərini söyləyən Ərdoğan Fəratın şərqinə kimi irəliləyəcəklərini söyləyib: “Ordumuz həmin bölgələrə girəcək, bunu ABŞ da bilir. Biz həm Vaşinqtonu, həm də Rusiyanı Fəratın şərqində keçirəcəyimiz əməliyyatla bağlı məlumatlandırmışıq”. Lakin Amerika Dövlət Departamenti Türkiyənin Suriyadakı hərbi əməliyyat planlarından narahat olduğunu bəyan edib. Rəsmi Vaşinqton bu cür addımların yolverilməz olduğunu bildirib. Departamentin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs deyib ki, həmin ərazinin yaxınlığında amerikalı hərbçilər var: “Orada bizim hərbçilər və suriyalı tərəfdaşlarımız ola bilər. Ona görə də hərbi əməliyyatlardan narahatıq və Türkiyəni birgə yanaşma üzrə işləməyə çağırırıq”. Ortequs Ağ Evin rəsmi Ankara ilə Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair intensiv müzakirələr apardığını da açıqlayıb.  



Vaşinqtonun Yaxın Şərqlə bağlı narahatlığını “Şərq”ə təhlil edən politoloq Əhəd Məmmədli ABŞ-ın məsələyə yanaşmasını absurd adlandırıb. Ekspertin sözlərinə görə, türk ordusu sərhədlərini təhdid edən istənilən güclə mübarizə aparmaq iqtidarındadır:

“Amerika okeanın o tayından Suriyaya əsgər yeridə bilər, amma Türkiyə dövləti əcdadlarının 500 yüz il idarə etdiyi torpaqlara ordu göndərə bilməz. Bu necə məntiqdir?! Niyə Türkiyənin Suriyaya ordu yeritməsi qəbul olunmur və narahatlıq doğurur? Çünki Amerika belə istəyir. Vaşinqton nəhayət anlamalıdır ki, artıq Ağ Evin qəbulolunmaz ritorikası indiki Türkiyə üçün keçərli deyil.

Türkiyə nə vaxt, hara əsgər yeridəcəyini heç kəsdən soruşmayacaq. Həm də rəsmi Ankara həm Vaşinqtonu, həm də Moskvanı xəbərdar edib. Hər iki dövlətin Fəratın şərqində hərbi əməliyyatlara başlayacağı xüsusi olaraq vurğulanıb. Nəzərə alaq ki, bu əməliyyat Türkiyə üçün PYD-PKK terrorçularının sonunu gətirmək üçün çox əhəmiyyətlidir. O səbəbdən qardaş ölkə mütləq Suriyaya ordu yeritməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu