QARA sevda ! – Ailələri dağıdan bəla...


Nadir Qafarzadə:“TV-lərdə nümayiş olunan seriallar Azərbaycan ailələrinə qənim kəsilib”

Həvva Məmmədova: “ Müəllim şagirdlərdən hansısa teleserialın qaçırdığı bölümünü danışmalarını istəyirsə, daha o müəllimdən nə gözləmək olar? 

Nuşiravan Məhərrəmli: “Seriallar daha çox ailə dəyərlərinin təbliğinə, Azərbaycanın illərlə, əsrlərlə yaşayan gözəl adət-ənənələrinə, ailə müqəddəsliyinin təbliğinə həsr olunmalıdır. Amma çox təəssüf ki, biz əks tendensiyanı görürük”





Türkiyə dizilərinin populyarlığı danılmazdır. Xüsusən də ərəb coğrafiyası, Rusiya və Azərbaycan da daxil, keçmiş post-sovet məkanında Türkiyə dizilərinə baxış rekord qırır. Dizi film deyil, elə, dizidir. Günlük çəkilən, yüngül süjetli, sırf məişət mövzulu. Amma heç olmasa, əxlaqa, milli dəyərlərə söykənən olsa, nə vardı ki.


Deyirlər, “milli” kinoya baxan var? Gərək gizli eşq-məhəbbət, xəyanət, aldatmalar, yalanlar, biri-birinin ayağının altını qazımalar ola ki, tamaşaçıya maraqlı gəlsin və ekranın önündən ayrılmasın. Dizi çəkən şirkət də reklamlar hesabına qaz vurub qazan doldursun. Zamanın tələbidir? Yoxsa, yenə deyiləcək, bazar iqtisadiyyatıdır, kim necə bacarır qazanır? Elə “bazar iqtisadiyyatı” olduğu üçün də televiziyalar bazara dönüb, hər cür səviyyəsiz, milli-mənəvi dəyərlərin heçə sayıldığı vəziyyət yaranıb. Hələ indiyədək bir dəfə də olsun görmədik, eşitmədik ki, hansısa dizi məhz milli-mənəvi dəyərlərə uyğun deyil əsası ilə yayımdan qaldırılsın.

Bizdən fərqli olaraq Özbəkistan belə addım atıb. “Qara sevda” serialının yayımı bu ölkədə dayandırılıb. Başqalarını aşağılamaqda mahirik axı, “geridə qalmışlar, “əkələr” deməyə tələsməyin. Baxaq görək nədir bu “Qara sevda”? Qız biriylə evlidir, amma başqasını sevir. Sevdiyindən övlad dünyaya gətirir – gizli. Qondarma ərinə deyir, səndəndi.

Sevdiyi adamdan da uşağı gizlədir, “sənin övladın deyil” deyir. Axırda da, “bir yerdə mikrorayon tikməyə gedirlər (“Bəyin oğurlanması” filmindən). Bu dərəcədə sərsəm bir film. Tək bu film deyil, oxşar, hətta eyni məzmun daşıyan yüzlərlə belə dizi var. Sadəcə, aktyor və aktrisalar yaraşıqlıdı, şou-biznesin məşhurlarıdı, ona görə də əhali işini-gücünü (əgər varsa, təbii) atıb ekran qarşısına kilidlənir. Bu mövzulu dizilər “n” qədərdi. Türkiyə çəkir, dünya baxır. Qazancımız nə olur? 

Müğənni Nadir Qafarzadə demişdi:  

“TV-lərdə nümayiş olunan seriallar Azərbaycan ailələrinə qənim kəsilib. Qızlar serial düşkünü olublar. Serialın təsirinə düşüb, onlarla yaşayırlar. Həyatlarını seriallardakı kimi qururlar. Seriallarda xəyanət, ailə dağıtmaq var. Qızlar da baxıb, onu təkrarlayırlar. Bu da savadsızlıqdan irəli gəlir. Yüngül düşüncəli insanlardır onlar.  Serial həyatı yaşamaq istəyənlərdən hər şey gözləmək olar. Sənin kefin başqa adamla yaşamaq istəyir deyə, uşaq əziyyət çəkməlidir? Deyirlər, avropalaşmışıq. Axı niyə Avropadan pis şeyləri nümunə götürürük? Orada bizə nümunə olacaq yaxşı şeylər də var». 

Özümüzü az da olsa tanıyırıq. Bilirik ki, küyə gedən millətik, həm də. Harda nə gördüksə, ağına-bozuna baxmadan həyatımızda tətbiq etməyə can atırıq. Kiçik bir örnək; teleseriallarda «yalı», «konak» sahibələri adətən evdə dikdaban ayaqqabı ilə gəzir. Guya ki, bunlar «sosyete»dir, mənzilə daxil olanda ayaqqabıları soyunmaq da gerilik əlaməti.

Halbuki türk əxlaqında, türk dəyərlər sistemində və ümumiyyətlə, ağlı başında olan hər bir millətdə və dəyərlərə hörmət bəslənən istənilən ölkədə evə ayaqqabı ilə girilməz. İndi bilmirik, ayaqqabılı gəzişmələr çəkiliş gərəyidirmi, ya elə serialdakı obrazlara uyğun təyinatdır, nədir, aktyorlar – obrazlar evdə ayaqqabı ilə dolaşır. Hətta yatağa uzananda da ayaqqabılarını çıxarmırlar. Kiminsə mənzilinə ayaqqabı ilə daxil olmaq bizim milli-mənəvi dəyərlər sistemimizə yaddır. Sözümüzün canı budur ki, bəli Nadir Qafarzadə açıqlaması ilə «onluğa» dəyib. Həqiqətən də, həyatını teleseriallar üzərində qurmaq istəyənlər var. Və buradan qaynaqlanan ailə faciələri də olur. 

Halbuki, “bəyənmədiyimiz” hind filmlərində və yeni nəsil dizilərində yenə də aparıcı xətt milli dəyərlər, kökə sayğıdır. Hind filmlərində dəyərlərə sayğısız yanaşanlar talelərində mütləq cəzalarını alırlar. Bu isə millətə mesajdır ki, kökdən ayrılmaq olmaz. Biz nə hind, nə çin, nə də yapon istehsalı filmlərdə dəyərlərin tapdanmasını görmürük. Əksinə, bu xalqlar filmlərini məhz milli dəyərlər üzərində qurur. Hər halda dünya iqtisadiyyatındakı yerləri də bizə nisbətən pis sayılmaz. İndi duraq deyək ki, onlar geridə qalıb, bizsə az qala kosmosa çatmışıq?!. 


Azərbaycan Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova «Sherg.az»a açıqlamasında dünyada ölçü və meyarların itdiyini bildirdi:

- Əhalisinin hardasa 90 faizi müsəlman olan ölkəmizin bu mənada tutduğu yol, mövqe bəzən yanlış olur. Dəyərlər sistemimizin aşınmaya məruz qaldığına dair səsləndirilən fikirlər də bəzən düzgün qarşılanmır. Hamımız belə xəbərlər eşidirik, hadisələrin şahidi oluruq ki, 5-6 ayın gəlini evdən qaçıb, nişanlı qız qoşulub başqasına gedib, gənc  ana övladlarını taleyin ümidinə buraxıb şəhərə gəlib və sair. Elə ailələr var, valideyn övladının qarşısını kəsə bilmir, onu hansısa bəd əməldən çəkindirə bilmir. Burada valideynin vaxtında övladını düzgün tərbiyə etməməsi amili də var, məktəbin məsuliyyəti də. Uşaqların tərbiyəsində ailə-məktəb birliyi çox vacibdir. Amma nə görürük? Məktəb məsuliyyəti valideynin üzərinə atır, valideyn məktəbin. Heç biri də demir ki, birgə işləməliyik, bir tərəfin nöqsanını digər tərəf düzəltməlidir. Müəllimlərin uşaqlara güclü təsir imkanları var. Biz həmişə müəllimlərimizdən örnək almışıq. 

Müəllim bu gün sinifdə dərs tədris etmək, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq əvəzinə, şagirdlərdən hansısa teleserialın qaçırdığı bölümünü danışmalarını istəyirsə, daha o müəllimdən nə gözləmək olar? 

Bəziləri ailələrin dağılmasında maddi imkansızlığı, işsizliyi səbəb kimi göstərir. Mən həmişə demişəm, yenə də təkrar edirəm, maddiyyat ailənin dağılmasında əsas ola bilməz, təbii, insanların daxili aləmi zəngindirsə. Ailə qurub illərlə kirayədə yaşayan ailələr var, balalarını gözəl tərbiyə edirlər, uşaqları ali məktəbə daxil olur, mövqe sahibi olurlar. Kasıb olsalar da, mehribanlıqla, səmimiyyətlə, biri-birilərinə sevgi ilə yaşayırlar. Amma eləsi də var, deyir, hər şeyi hazır istəyirəm. Evim də olsun, avtomobilim də, pulum da. Ona görə də ailələr dağılır. 

H.Məmmədova filmlərin insanlara təsir imkanlarının geniş olduğunu dedi:

- Elə filmlər var, onu izləyə-izləyə insan kamilləşir. Filmlər gərək elə çəkilsin ki, insanlar onlardan müsbət örnəklər alsınlar. Filmlər cəmiyyətə müsbət mesajlar ötürməlidir. Amma təəssüf ki, nə ölkəmizdə çəkilən filmlər, nə də qonşu, hətta qardaş ölkədən bizə transfer edilən filmlər milli-mənəvi dəyərlərimizə uyğun deyil. Mən də razıyam ki, belə filmlərin geniş auditoriya üçün nümayişinə yasaq qoyulmalıdır. Biz üzərimizə gələn mənəviyyatsızlıq dalğasının mənəvi dəyərlərimizi sovurub aparmasına imkan verməməliyik. 



Xatırladaq ki, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bir müddət öncə teleseriallardan şikayət etmişdi. Xüsusən də özəl telekanallarda yayımlanan ailə-məişət mövzulu seriallardan. MTRŞ sədri qeyd etmişdi ki, Şuranın diqqətində olan məsələlərdən biri də teleserialların aşağı səviyyədə olmasıdır. 

Ər-arvad, valideyn-övlad, qayınata-qayınana, qayınata-kürəkən münasibətləri çox ifrat dərəcədə, bayağı şəkildə, yalnız birtərəfli formada, şit gülüş doğurmaq məqsədilə göstərilir. Bu, narahatedici məqamdır. Ona görə də bu məsələlərlə bağlı 
müəyyən məsləhətləşmələr aparılmalıdır. 

N.Məhərrəmli vurğulamışdı ki, Azərbaycanda istehsal olunan bütün məhsullar Azərbaycanın adına yazılır: 

- Dünyanın hər yerində bir məhsul istehsal olunan zaman o ölkənin adına yazılır. Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda qeyd etdiyimiz səviyyədə istehsal olunan həmin teleseriallar bu baxımdan bizi çox narahat edir. Bu seriallar daha çox ailə dəyərlərinin təbliğinə, Azərbaycanın illərlə, əsrlərlə yaşayan gözəl adət-ənənələrinə, ailə müqəddəsliyinin təbliğinə həsr olunmalıdır. Amma çox təəssüf ki, biz əks tendensiyanı görürük. Ona görə də hesab edirik ki, Azərbaycanın adət-ənənələri düzgün formada daha çox təbliğ olunmalıdır.



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu