Dilənçiləri xüsusi icazə almağa məcbur edirlər



İsveç şəhərində pul dilənməkdən ötrü əvvəlcə icazə almaq lazımdır.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, özünə görə ilk olan bu sxem krallığın mərkəzində yerləşən, təxminən 70 min əhalisi olan Eskilstuna şəhərində tətbiq edilib.

Yeni sxem Eskilstuna şəhər şurası tərəfindən 2018-ci ilin iyununda bəyənilib. İndi dilənçilər üçün icazə 250 İsveç kronuna (23 avrodan çox) bərabərdir. İcazə 3 ay ərzində qüvvədə qalır, arzuedənlər onu almaqdan ötrü internet saytına müraciət edə bilərlər. Eyni zamanda, lisenziyası olmayan dilənçiləri 4 min İsveç kronunadək (təxminən 370 avro) cərimə gözləyir.

Dilənçilik uzun illər İsveçdə siyasi mübahisələrin mövzusu olub, bəziləri ümummilli qadağaya da səsləyiblər. Ötən ilin fevralında İsveçin cənubundakı Vellinq şəhər şurası birbaşa qadağa üçün səs verib. Lakin bu addım hüquq müdafiəçiləri təşkilatları tərəfindən ciddi tənqidə məruz qalıb və məhkəmə tərəfindən ləğv edilib. Bununla yanaşı, İsveç hökuməti dilənçilikdən gəlir əldə etməyə qadağa qoyan qanunvericiliyi tədqiq edir.

Beləliklə, lisenziyalaşdırılma sxemi kompromisə çevrilib. Lakin təşəbbüsün qüvvəyə minməsi üçün bir ildən artıq hüquqi mübahisələr tələb olunub. Eskilstunanın yerli hakimiyyət orqanları qeyd edirlər ki, bu qanun imkansız və evsiz-eşiksiz insanların hakimiyyət orqanları və sosial xidmətlərlə daha sıx təmasına yardımçı olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu