Həkimin baş həkimi bıçaqlamasına münasibət: “Səhiyyəmizdə elə bir murdar vəziyyət yaranıb ki...”


Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Hadisə “Sum Modern Dental Clinic”də qeydə alınıb.

Orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbəsi endirib.

 Ş.Baxşəliyev aldığı xəsarətlər nəticəsində çoxsaylı qan itirib və Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə aparılıb. Onun əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilir.



Səhiyyə sistemindəki xoşagəlməz durumla bağlı “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu sözügedən hadisənin həkim adına və peşəsinə yaraşmadığını dedi:

“Həkimlik ən humanist peşədir. Hətta həkimlər Hippokrat andı içirlər ki, düşmənləri olsa belə onlara kömək etməli və həyatlarını xilas etməlidirlər. 

Amma indiki halda səhiyyə sistemimizdə elə bir murdar vəziyyət yaranıb ki, baş həkimlə onun tabeliyində olan həkim arasında qanla nəticələnən hadisələr yaşanır. Çox güman pul və müəyyən qazanc götürmək üstündədir. 

Onsuz da Azərbaycanda səhiyyədən danışmaq mümkün deyil. Həm tibbi xidmətin səviyyəsi aşağıdır, həm səhiyyə işinin təşkili sıfıra yaxındır, həm də xəstəxanalarda özbaşınalıq baş alıb gedir. 

Hər yerdə qohumu, dostu olanlar kadr kimi çalışır. Halbuki səhiyyə sistemində birinin kadr olması üçün yetişməsi, müəyyən yoxlamalardan keçməsi lazımdır. 

Amma bir də baxırsan ki, illərlə xəstəxanada fəaliyyət göstərən təcrübəli həkim qıraqda qalır, kiminsə qohumunu gətirib baş həkim qoyurlar. 

Ölkəmizin səhiyyə sistemində kadr siyasəti başda-ayağa yanlışdır. 

Fikrimcə, baş həkim nə qədər yanlış yolda olursa olsun, ümumiyyətlə həkimin həkimə əl qaldırması, zorakılığa meyl etməsi yolverilməz haldır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu