Jurnalistlər qurban kəsəcəklərmi ? – SORĞU

Qurban bayramına sayılı günlər qalıb. Hər il olduğu kimi müsəlman dünyasında bu il də qurbanlar kəsiləcək və ehtiyacı olanlara paylanacaq. Xüsusilə imkanlı şəxslər bu missiyanı böyük ruh yüksəkliyi ilə yerinə yetirirlər.

Məlumdur ki, cəmiyyətimizdə aztəminatlı təbəqələrdən biri də məhz jurnalistlərdir. “Sherg.az” olaraq bu dəfə qələm adamlarının bayramı necə keçirəcəklərini və qurban kəsib-kəsməyəcəklərini öyrəndik.



Tanınmış jurnalist Naibə Qurbanova hər il ehtiyacı olanlara qurban payladığını dedi:

“Ağlım kəsəndən evimizdə qurban kəsildiyini görmüşəm. Qurban Bayramının ən sevdiyim tərəfi- ət paylarını qonşulara paylamağım idi. Böyüyəndən sonra isə bu bayramın həm də mərhəmət bayramı olduğunu dərk etdim və daha çox sevdim. Qurban əti insanlara, əsasən də imkansız insanlara paylanıldığına görə həm də ictimai ayin hesab olunur. Məncə, bu bayramın fəlsəfəsi də elə faydalı olmaq, bölüşmək, əl tutmaqdır. Bu il də evimizdə qurban kəsiləcək və hər il olduğu kimi ehtiyacı olanlara, qohumlara, qonşulara paylanılacaq”.



“Palitra” qəzetinin əməkdaşı Tural Tağıyev isə qurban kəsməyəcəyini bildirdi:

“İslam aləmin ən müqəddəs bayramlarından sayılan Qurban bayramı Azərbaycanda da təmtəraqla qeyd edilir. Bizdə bütün bayramlarda belə bir ənənə formalaşıb ki, yaxınları, əzizləri yoluxub onlara baş çəkirik, ya da zəngləşərək bayram təbriklərimizi çatdırırıq. Yəqin ki, Qurban bayramını da qohumlara baş çəkməklə keçirəcəyəm. O ki qaldı, bayramda qurbanlıq qoyun, quzu kəsib kəsməyəcəyimə, qurbanlığın şərtlərindən biri budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqq sayılır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Amma müəyyən illərdə evimizdə qurbanlıqlar kəsilib qohum qonşuya, imkansızlara paylanılıb. Ümumilikdə ən çox təqdir etdiyim bayramlardan biridir. Şəxsən özüm dəfələrlə şahidi olmuşam ki, bu bayramda qurbanlığı olan şəxs ya ailə başçısı olmayan-evində maddi durumu zəif olan ailələrə, ya da ümumiyyətlə sosial vəziyyəti aşağı olanlara gizlin və ya aşkar ət sovqatlarını verib. Yəni bu mənada Qurban bayramı xeyir işlərə vəsilə olanlar üçün təqdir ediləsi bir gündür”.



“Modern.az” saytının əməkdaşı Namidə Bingöl heç vaxt qurban kəsdirmədiyi deyib: 

“Çox vaxt insanlar xüsusi bayramların keçirilməsinə etiraz edir. Ancaq bayramların keçirilməsi təkcə yeyib-içməkdən ibarət deyil. Bayramlar həm də bir araya gəlmək, hal-əhval tutmaq deməkdir. Hazırda daha bir bayram ərəfəsindəyik. Qurban bayramı müqəddəs bayramlarımızdan biridir. Açığını deyim ki, Qurban bayramında qurban kəsdirmirəm. Hər il ehtiyacı olana yardım edirəm. Bəzi insanlar var ki, qurbanlıq heyvanı kəsdirir, ancaq kəsilən əti ehtiyacı olanlara paylamır. Hesab edirəm ki, bu da doğru deyil. Əgər bu əti kəsib soyuducuna azuqə olaraq yığacaqsansa, bunu Qurban bayramı adına bağlamaq yanlışdır. Bayramı keçirməyimə gəlincə, ailəmlə bir arada olacam. Hər il bu formada bayramı keçiririk”.



“Report” İnformasiya Agentliyinin əməkdaşı İlkin Pirəli də qurban kəsənlər sırasında deyil: 

“Avqustun 12-si və 13-nü yalnız sıradan bir qeyri-iş günü kimi dəyərləndirirəm. İki günlük müddət tətil hesab olunmadığından Bakıda olacağam. Qurban kəsmək fikrim yoxdur, bundan sonra da olmayacaq. Yəni, hesab etmirəm ki, bu, imkana daxil olan məsələdir. Düşünmürəm ki, ehtiyacı olan insanlar üçün yalnız bir gün qoyun kəsmək, onlara kömək etmək yada düşməlidir. İmkanı olanlar həqiqi ehtiyacı olanları hər zaman xatırlamalı, kömək etməlidir. Bu, bir bayramla, xüsusi günlə məhdudlaşmamalıdır. İmkanlı şəxslərin əksəriyyəti yalnız bir gün kasıbları yada salırlar, kütləvi şəkildə qoyun kəsirlər, günahlarını yumağa cəhd edirlər. Deyirlər, filankəs 100 qoyun kəsdi, bu, göstərici ola bilməz... Bəzi hallarda bu bayramla bağlı aşırı hissə qapılırlar, qoyunlara xüsusi paltarlar geyindirirlər. Bu nə dərəcədə doğrudur? Təbii ki, hər kəsin azad seçim, davranış haqqı var. Amma mən belə şeyləri qəbul etmirəm. Hər kəsin dini inancına hörmətlə yanaşıram”.







Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu