Televiziyalar  Qurban bayramı haqda verilişlər hazırlamalıdır

"Əhalinin 90 faizinin elmi tədbirlərdə iştirak etmək imkanı yoxdur, ancaq telekanallar vasitəsi ilə hər bir evə girmək mümkündür”


“Azərbaycan xaqlı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq qalıb”.  Bunu “Sherg.az”a açıqlamasında ilahiyyatçı-alim Hacı Atif İsmayılov deyib. 



Ekspertin sözlərinə görə, maariflənmə işində Dini Komitənin böyük rolu var:
“Əfsuslar olsun ki, bəzi kənar müdaxilələr nəticəsində dini bayramların mahiyyəti, ənənəvi dəyərlər təhrifə uğrayır, öz istiqamətini itirir. Bu cür problemlərin qarşısının alınmasının yeganə yolu maariflənmə işinin güclü şəkildə aparılmasıdır. İlahiyyatçılar həm Qurban, həm də Ramazan bayramlarında xüsusi moizələrlə həmin günlərin əhəmiyyətini anlatmalıdırlar. Əgər Qurban bayramının mahiyyəti Allah yolunda kasıblara, yoxsullara əl tutmaq, kəsilən heyvanlardan pay verməkdirsə, bunu fərqli tərəfə çəkmək yolverilməzdir. Yaxşı olar ki, Bakıda keçirilən belə tədbirlər respublikanın bir çox bölgələrində də təşkil olunsun”.
İlahiyyatçının fikrincə, maariflənmə işində KİV-lərin üzərinə böyük yük düşür: 
“Xüsusən, televiziyalar ilahiyyatçıların iştirakı ilə Qurban bayramı haqda verilişlər hazırlamalıdır. Əfsuslar olsun ki, hazırda televiziya kanallarında dini maariflənmə ilə bağlı proqramlar həddindən artıq azdır. Halbuki televiziyaların cəmiyyət üzərində təsiri böyükdür. Nəzərə alaq ki, əhalinin 90 faizinin elmi tədbirlərdə iştirak etmək imkanı yoxdur. Ancaq telekanallar vasitəsi ilə hər bir evə girmək mümkündür”. 
A.İsmayılov bildirib ki, həqiqəti bilməyən insanların başqa yollara meyl etməsi nisbətən asan olur: 
“Ölkənin elə ucqar yerləri var ki, orada yayaşanlar Qurban bayramı haqda bilgiyə sahib deyillər. Bəzi yerlərdə bayram günü kəsilən heyvanlar üzərində arzuolunmaz alqı-satqı prosesi həyata keçirilir. Bunlar doğru deyil. Bayram günü imkanı olan şəxslərin, yaxud da 5-6 orta imkanlı ailələrin birlikdə heyvan kəsib ehtiyac sahiblərinə paylaması daha məqbuldur. Hesab edirəm ki, güclü maariflənmə işini qura bilsək, qeyri-ənənəvi və radikal ünsürlər topluma nüfuz edə bilməyəcək. Həmçinin, digər neqativ halların da şahidi olmayacağıq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu