Azərbaycan mediasında gender problemi var ? 

AŞ-nin Bakı ofisi jurnalistika fakültələri üçün yeni proqram layihəsini dəstəkləyir


Bakı Dövlət Universitetində “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi gözlənilir. Bununla bağlı BDU rəhbərliyi ilə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes arasında razılıq əldə edilib.   Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri ötən ay Bakı Dövlət Universitetində  olub və məsələ ətrafında fikir mübadiləsi aparılıb. BDU-da keçirilmiş görüşdə ali məktəbin rektoru Elçin Babayev universitetin yeni inkişaf strategiyası, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələr və yaxın gələcək üçün planları haqqında danışmışdı.Səfir Zoltan Hernyes isə Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi, bu istiqamətdə görülən işlər və jurnalistika ilə bağlı çap edilən vəsaitlər barədə məlumat vermişdi.Səfir layihə çərçivəsində hazırlanmış “Gender bərabərliyi və media azadlığı” kursu üzrə kurikulumu rektora təqdim edib, proqramın hazırlanmasında jurnalistika və hüquq fakültələrinin müəllimlərinin iştirakına yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Bu kurs üzrə proqramın Avropa Şurası ölkələrində ilk dəfə keçirildiyini vurğulayan Zoltan Hernyes gələcəkdə bu təcrübədən digər ölkələrdə də istifadə olunacağını qeyd edib.Rektor Elçin Babayev gender bərabərliyinin təşviqində medianın rolunun əvəzsiz olduğunu bildirib və bu istiqamətdə yeni düşüncə tərzinə malik jurnalistlərin yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
“Gender bərabərliyi və media azadlığı” fənninin jurnalistika fakültəsinin tədris planına salınması ilə bağlı fikir mübadiləsi aparılmışdı.Qeyd edək ki, Avropa Şurasının Bakı ofisinin “Gender bərabərliyi və media azadlığı” layihəsinin rəhbəri Pərvanə Bayramovadır. 
Mediada gender bərabərliyi lazımdırmı?
“Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova bu fikirdədir ki, “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi mediamızda müsbət tendensiyaların yaranmasına kömək edə bilər:
- Mediada gender bərabərliyinin təmininə dair tədrisi dəstəkləyirəm və hesab edirəm ki, bu, çox vacib amildir. Çünki gələcək mütəxəssislərin bunları qanuni və eyni zamanda normaya çevirməsi və sonra iş prosesində tətbiqi əhəmiyyətlidir.
Bu bir layihədir. Onun davamlı olacağı isə bilinmir. Düşünürəm ki, belə layihələr davamlı olmalıdır. Yoxsa bir semestr fənn keçildi, bitdi, bunun nə faydası olar? Və digər məsələ. Eyni məzmunlu fənn digər ali məktəblərdə də, təbii ki, hər bir ali təhsil müəssisəsinin istiqamətinə uyğun keçirilsə, daha yaxşı nəticələr əldə edilər. Anlaşılandır ki, mövzu “media və gender bərabərliyidir” və bunun üçün də məhz Bakı Dövlət Universiteti seçilib. Amma digər ali məktəblərdə də jurnalistika ixtisası tədris olunur. Bundan əlavə gender bərabərliyinin təmini təkcə jurnalistika üçün deyil, sosial həyatın digər sahələri üçün də lazımdır. 
M.Zeynalova bildirdi ki, hazırda mediada - həm çap, həm onlayn, gender qeyri-bərabərliyi o qədər də hiss edilmir. Bu fərq daha çox rəyi öyrənilən ekspertlərin kimliyində özünü göstərir:
- Yadınızdadırsa, bir neçə il əvvəl biz mətbuatda monitorinqlər keçirirdik ve gender bərabərliyində balansın olub-olmamasına diqqət yetirirdik. Eyni zamanda hətta hər hansı məsələyə münasibətin öyrənilməsində gender balansına riayət məsələsini də diqqətdə saxlayırdıq. Təəssüf ki, bu gün o səpkili monitorinqlər aparılmır və hər hansı məsələyə gender prizmasından baxılması da diqqətdən kənarda qalıb. Əksinə, mətbuatda qadınlara qarşı zorakılıqla bağlı məlumatlar daha çox əksini tapır. Problemlərə münasibətdə isə nədənsə təkcə qadın mövqeyi sərgilənir, yaxud sırf kişi mövqeyi. Ölkədə fəaliyyət göstərən televiziya kanallarının sözügedən mövzuya laqeydliyi də vurğulanmalıdır. TV-lərdə təqdim olunan verilişlərdə, reklam çarxlarında gender bərabərsizliyi aşkar görünür. Təəssüf ki, bilərəkdən və ya bilməyərəkdən hazırlanan naşı, yaxud peşəkar videoçarxlarda, reklamlarda, videoxəbərlərdə gender bərabərliyi kobud şəkildə pozulur, nəticədə böyük publikaya bizim mübarizə apardığımız stereotiplər yenidən sırınır”.
Azərbaycan hər cür layihəni dəstəkləməyə hazırdır
Həyata keçirilən tədbirlərsə Azərbaycanın gender bərabərliyinin təminatı yolunda hər cür layihələri dəstəkləməyə hazır olduğunu göstərir. Bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” mövzusundakı yekun konfransında AŞ-nin Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes deyib. Layihənin əhəmiyyətindən və uğurlu nəticələrindən danışan səfir qeyd edib ki, belə layihələr gender bərabərliyi, media azadlığı mövzularında müzakirələrin aparılması baxımından çox önəmlidir, müzakirələrin artması hədəfə yaxınlaşmaq deməkdir. Avropa Şurasının 2018-2023-cü illər üçün strategiyasının əsası bir çox ölkədə gender bərabərsizliyini aradan qaldırmaqdır. Azərbaycanın dövlət orqanları, eləcə də QHT-lər layihənin icrası müddətindəki lazımi dəstəyi göstəriblər.   
Avropa Şurasını təmsil edən Pərvanə Bayramovanın sözlərinə görə, "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi Azərbaycanda gender bərabərliyinin və medianın vəziyyətinin daha da təkmilləşdirilməsi, mediada və media vasitəsilə gender bərabərliyinin təşviqi, jurnalistlərin peşə davranış qaydalarının gender bərabərliyi kontekstində nəzərdən keçirilməsi və yenilənməsi, gender bərabərliyi və media azadlığına dair Avropa Şurası standartlarının, eləcə də yenilənmiş "Jurnalistlərin peşə davranış qaydaları"nın jurnalist və media professionalları arasında təşviqi, gender bərabərliyi və media azadlığı üzrə yeni tədris kursu proqramının hazırlanması üçün həyata keçirilir.
Layihə həm də gender bərabərliyi üzrə ekspertlərin də formalaşmasında öz töhfəsini verəcək, eləcə də media nümayəndələri arasında maarifləndirmənin əsasını qoyacaq. Jurnalistlər üçün Avropa Şurasının tövsiyələrinə əsasən gender həssaslığı ilə bağlı xüsusi qaydaları əks etdirən kitabçalar hazırlanıb. “Bəzən bizdən keçirilən konfransların əhəmiyyəti barədə soruşurlar. Əmin olmalıyıq ki, istənilən nəticəyə yalnız addım-addım nail olmaq olar. Bu səbəbdən bizim addımlarımızı uğurlu hesab etmək olar, sonuncu addımımız növbəti işimizin başlanğıcı olmalıdır”.
Media etik qaydalara əməl etməlidir
Layihə çərçivəsində keçirilən tədbirlərdə maraqlı məlumatlar da səslənirdi. Qeyd olunurdu ki, aparılan araşdırmaların nəticələrinə görə, 59 ölkənin media orqanlarında çalışanların 73 faizini kişilər, qalan hissəsini qadınlar təşkil edir. Xarici ekspertlərin sözlərinə görə, yalnız 8 ölkə gender bərabərliyinin təminatı ilə bağlı mükəmməl qanunvericilik və icra mexanizmini ortaya qoya bilib. Bunlar Belarusiya, Gürcüstan, Tacikistan və Çexiyadır. Bu ölkələrdə qadınlar da kişilər qədər bir çox sahələrdə təmsilçilikdə təqribən bərabərliyi qoruyurlar.
Müstəqil media eksperti Aynur Bəşirovanın sözlərinə görə, cəmiyyətdə hələ də hökm sürən stereotiplərə qarşı mübarizədə medianın rolu böyükdür. Ekspert bidirir ki, layihə çərçivəsində jurnalistika fakültəsi üçün “Gender bərabərliyi və media azadlığı” kursu üzrə proqram hazırlanıb. Kursun proqramının həmmüəlliflərindən biri olan Aynur Bəşirova qeyd edib ki, vacib vəsait xarici və yerli ekspertlərin birgə əməyi sahəsində ərsəyə gəlib, nəşri müasir təhsil sahəsi üçün qənaətbəxş hesab etmək olar.
Ekspertlər bu fikirdədir ki, mediada gender bərabərliyi mövzusunda Türkiyə və Bolqarıstan təcrübəsinin öyrənilməsi də vacibdir. Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycan jurnalistlərinin yenilənmiş peşə davranışı qaydalarını şərh edir və  “Mediada gender bərabərliyi” üzrə bələdçinin bütün jurnalistlər üçün vacib əl kitabı hesab edir.
M.Ələsgərlinin fikrincə, jurnalistlərin fəaliyyətində nəzərdə tutulan yeni prinsiplər yerli və xarici ekspertlərin birgə komanda şəklindəki işi nəticəsində ərsəyə gəlib, mediamız bu etik qaydalara əməl etməklə  problemləri xeyli aşa bilər.
Jurnalistlərin peşə davranışı qaydalarına əlavələr ediləcək
"Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına gender bərabərliyi ilə bağlı əlavələr ediləcək. Bu əlavələr "KİV haqqında" qanunda və mətbuata aid digər qanunlarda əksini tapacaq. Dəyişikliklərin təşəbbüskarı Avropa Şurasıdır. AŞ antiseksizm və gender bərabərliyi ilə bağlı Avropa tendensiyalarının nəzərə alınmasını təklif edir. Bu barədə AŞ-nin "Azərbaycanda gender bərabərliyi və mətbuat azadlığı layihəsi"ndə bildirilir.Layihə üzərində işləyən hüquqşünas və jurnalistlərdən ibarət işçi qrupu Jurnalistlərinin Peşə Davranışı Qaydalarına dörd bənddən ibarət əlavələrin daxil olunmasını təklif edir. Birinci bənd jurnalistlərdən gender bərabərsizliyini qəbul etməməyi, mühüm əhəmiyyət daşımayan yazının qəhrəmanının cinsini göstərməməyi tələb edir.
İkinci maddə jurnalistlərdən gender diskriminasiyasına qarşı mübarizə aparmağı tələb edir. Üçüncü bənddə jurnalistlərin mətbuatda problemləri işıqlandırarkən gender özəlliklərinə həssas münasibətin vacibliyi göstərilir, gender zorakılığına müsbət münasibəti qadağan edir və gender bərabərsizliyinin cəmiyyət tərəfindən qəbul edilməməsini möhkəmləndirir. Dördüncü bənd KİV redaksiyalarında gender bərabərliyinə aiddir.Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli hesab edir ki, Davranış Qaydalarına dəyişikliklərin aktuallığı azərbaycanlı jurnalistlər arasında gender bərabərsizliyinin mövcudluğundan irəli gəlir: Azərbaycanda jurnalistlərin və KİV işçilərinin 40-45 faizini qadınlar təşkil edir (dünyada 30 faiz), lakin KİV rəhbərləri və təsisçilərinin 85-90 faizi kişilərdir.
Qeyd edək ki, analoji mövzulu tədbirlər təkcə paytaxtda deyil, Şəki, Mingəçevir, Zaqatala və Nizami yurdunda da keçirilib. 
Layihənin əsas məqsədi mediada və media vasitəsilə Azərbaycanda gender bərabərliyini təşviq etmək, bu sahənin modern əsaslarla işıqlandırılmasında jurnalistlərin bilik və bacarıqlarının artırılmasıdır. 
Keçirilən tədbirlərdə səslənən məruzə və çıxışlarda media nümayəndələrinin bu istiqamətdə peşəkarlığını daha da artırmasının vacibliyi qeyd olunurdu və vurğulanırdı ki, gender bərabərliyinin təmin olunmasında media hələ çox iş görülməlidir. Media həm özünü, həm də başqalarını dəyişməlidir. AŞ artıq  “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin icrasına  başlayıb. Layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə “Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydaları” gender bərabərliyi perspektivində nəzərdən keçiriləcək. 
Qaydalara əlavə etmək üçün “Ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsipi”nin mətni hazırlanıb. Mətnə əsasən, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsiplərinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Eləcə də, prinsipdə gender stereotiplərinin təbliğ edilməməsi, gender-əsaslı zorakılıq hallarının mediada həssaslıqla işıqlandırılması, kişi və qadın jurnalistlərə bərabər hüquqlar və imkanların təmin olunması öz əksinin tapır.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu