Rəvan Habiloğlu: "Türkiyədən böyük bir musiqiçi heyəti də dəvət olunacaq"

"Öz layihəmdi deyə demirəm, həqiqətən analoqu olmayan bir yaradıcılıq məhsuludur"


Elə səslər, ifalar var ki, onlar hər gün efirlərdə görünməsələr, radio dalğalarından eşidilməsələr də, yaddaşlarda iz qoya biliblər. Xalq artisti Habil Əliyevin oğlu Rəvan Habiloğlu da o səs sahiblərindən sayılır ki, ifası sevilir, gündəmdə olmasa da, musiqilərinə tələbat  var.

Mətbuatdan, efirdən uzaq düşən sənətçi ilə əlaqə yaratdıq. «Şərq»ə açıqlama verən Rəvan Habiloğlu  Şamaxıdakı istirahətindən danışdı: «Hazırda Şamaxıda, öz doğma torpağımda istirahət edirəm. Buranın havası, suyu insanın ruhunu təzələyir. Soruşursuz ki, niyə Türkiyəyə, ya da başqa yerə istirahətə getmirəm? Dünyanın bir çox ölkələrində olmuşam.

Türkiyədə yetərincə yaşamışam. Amma dünyanın heç bir məkanını Azərbaycanla müqayisə etmək olmaz. Allah bizə elə bir təbiət, elə bir iqlim şəraiti verib ki, Azərbaycan cənnət məkanıdır. Sadəcə biz özümüzə dəyər verməyi bacarmırıq. Özümüzdə olanları qiymətləndirməyi bacarmırıq. Baxın, son vaxtlar turizm sahəsi inkişaf edir. Ölkəyə nə qədər turist gəlir. Sizcə, onların Azərbaycanı seçməsi səbəbsizdir? Azərbaycanın elə bir təbiəti var ki, burda dağ da, dəniz də, çay da var, bulaq da. İnsan istirahət üçün daha nə arzulaya bilər ki? Qaldı istirahət məkanlarında olan modern istirahət imkanlarına, bunu başqa yerlərdə də görmək olar. Amma Azərbaycanın bölgələrində olan gözəlliyi insan əli ilə yaratmaq olmur. Bunu təbiət bizə verib. Qədrini bilmirik».

Rəvan Habiloğlu ilə söhbətimiz zamanı sənətçi üzərində çalışdığı və hələ ki hamıdan gizlətdiyi möhtəşəm layihəsindən də danışdı: «Hazırda çox böyük bir layihə üzərində çalışıram. Bu barədə hələ ki heç bir yerdə açıqlama verməmişəm. İlk dəfə sizinlə bölüşürəm.


Rəvan Habiloğlunun yaradıcılıq yolunu əks etdirən bu böyük, maraqlı layihə inşallah, oktyabr aylarına nəzərdə tutulur. Möhtəşəm bir məkanda təqdimatı olacaq. Düzünü desəm, layihənin həyata keçirilməsi üçün çox böyük vəsait tələb olunur. Yaxşı dostlarım və sənətimin fanatları var ki, onların da köməyi ilə bu layihəni həyata keçirmək üçün əlimdən gələni edirəm.

Öz layihəmdi deyə demirəm, həqiqətən analoqu olmayan bir yaradıcılıq məhsuludur. Hələ Azərbaycanda heç kim belə bir layihə təqdim etməyib. Xüsusi senari əsasında, tamaşa şəklində təqdim olunan layihəyə Türkiyədən rejissor dəvət etmişəm. Hələ ki layihəyə dəvət etdiyim heç bir sənətçinin adını açıqlamaq istəmirəm, bir az sirli qalsın. Bircə onu deyə bilərəm ki, Türkiyədən böyük bir musiqiçi heyəti də dəvət olunacaq. Artıq onlarla danışılar aparılıb. Eyni zamanda 4 məşhur türk müğənnisi də mənim bu tamaşa tərzində olacaq layihəmdə iştirak etməlidir.

Yerli sənətkarlardan da 10-a yaxın müğənni Rəvan Habiloğlunun mahnılarını təqdim edəcək. Layihənin sonunda, kuliminasiya nöqtəsi kimi öz ifamda da bir parça təqdim etmək istəyirəm. Amma özümün layihədə müğənni kimi çıxış edib-etməyəcəyimə tam qərar verməmişəm. Amma düşünürəm. Bəlkə, elə, gecənin son akkordlarını özüm vurub, hesabatımı bu şəkildə tamaşaçıya təqdim etmiş olaram. Bahalı olduğu qədər də çox zəhmət və zaman tələb edən bir layihədir deyə, üzərində ciddi çalışıram. İnşallah, oktybrada sizə maraqlı bir gecə vəd edirəm».

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu