Erməni kinorejissorun Dağlıq Qarabağda film çəkməsinə REAKSİYA:“…Heç kim dayandıra bilməyəcək”

 Elman Məmmədov: “Ancaq o zaman biz istəyimizə nail ola biləcəyik ki, torpaqlarımızı işğaldan azad edəcəyik. 30 ildir biz ancaq bəyanat veririk. Hansı nəticəyə nail olmuşuq? ”

“Bircə, yeganə yol var – biz torpaqlarımızı işğaldan azad etməliyik. Ondan sonra bütün işlər yoluna düşəcək. Yoxsa ki, bəyanatlarla, etirazlarla, müraciətlərlə heç nə əldə edə bilməyəcəyik”


Ermənilər növbəti təxribata hazırlaşır. Həmişə olduğu kimi rusiyalı və fransız havadarlarının əliylə. Erməni kinorejissor Robert Def  Dağlıq Qarabağda “Valter” adlı film çəkmək niyyətindədir. 
Film Rusiya Federasiyası Mədəniyyət Nazirliyinə təqdim edilib. Filmdə əsas rolu “Taksi” filminin ulduzu Sami Naserinin kiçik qardaşı – Bibi Naseri ifa edəcək. Erməni mətbuatının məlumatına görə, “13-cü rayon” filmində əsas rolu ifadə edən Naseri artıq sözügedən filmin çəkilişlərində iştiraka razılıq verib.

Filmin müəllifləri belə deyirlər: “Valter” filmindəki hadisələr ötən əsrin 90-cı illərində cərəyan edir. Filmin baş qəhrəmanı Moskvada tikintidə çalışır. Faciəli hadisələr onu vətəninə qayıtmağa vadar edir. O, anasını xilas və ya dəfn etmək üçün Dağlıq Qarabağa qayıdır. 
Hava limanında Valteri ölən dostunun oğlu (bu obrazın anası və nənəsi də itkin düşüb) qarşılayır, onlar yaxınlarının axtarışı yolunda mərhələləri birlikdə keçirlər. Hadisələr Qarabağ münaqişəsi fonunda inkişaf edir. Valter – mavigözlü, sarışın ermənidir. Sovet İttifaqı dönəmində Dağlıq Qarabağda çoxlu hərbi hissələr yerləşib. Bu hərbi hissələrdəki ruslarla qan qarışması nəticəsində bir çox sarışın qarabağlı meydana gəlib”.
Süjetdən göründüyü kimi, film antiazərbaycan psixoloji təsir aləti xarakteri daşıyacaq. Dağlıq Qarabağ – ermənilərin vətənidir, azərbaycanlılar isə - qatillərdir.
Həqiqət tamamilə təhrif olunub. Avropa və ya Amerikada filmə baxan şəxslər erməni rejissorun saxtalaşdırdığı hadisələri aydınlaşdırmaq üçün özünə əziyyət verməyəcək. İzləyici üçün faciə yetərlidir. Hətta sənədlərə əsaslanmayan adi filmlərin belə izləyicilərin hər hansı obraza dərin nifrətinə səbəb olmasına dair nümunələr heç də az deyil.
Rusiyada fəaliyyət göstərən Moskvanın Azərbaycan İcması erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayevanın işğal altındakı Dağlıq Qarabağda “Valter” filminin çəkilişləri ilə bağlı planlarına etiraz əlaməti olaraq Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib. Moskvanın Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından göndərilən müraciətdə fransalı aktyor Bibi Naserinin baş rol alacağı filmin çəkilişləri ilə bağlı planları qəti şəkildə pislənilir. 

"Filmin prodüseri, “Veqa film" kompaniyasının baş direktoru Yekaterina Mixaylovanın diqqətinə çatdırırıq ki, onlar tərəfindən atılacaq bu addım beynəlxalq hüquq normalarının, Azərbaycanın qanunvericiliyinin və Rusiya ilə Azərbaycan arasında mövcud olan çoxsaylı müqavilələrin kobud şəkildə pozulmasıdır. Kinokompaniya və Rusiya Mədəniyyət Nazirliyinin aktyorlarına bu düşünülməmiş addıma diqqət yetirməyi və filmin sifarişçiləri tərəfindən olan təxribatın qarşısını almağı xahiş edirik”, - müraciətdə qeyd olunub.
Hazırda sözügedən film Rusiyanın Mədəniyyət Nazirliyində təsdiqlənmə mərhələsindədir və Azərbaycan XİN, səfirlik və Azərbaycan diasporunun bununla bağlı etiraz üçün hələ zamanı var.

Amma etirazlarla nəyəsə nail olunacaqmı?



Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında 30 ilə yaxındır, verilən müxtəlif bəyanatların nəticəsiz qaldığını dedi: 
- Bircə, yeganə yol var – biz torpaqlarımızı işğaldan azad etməliyik. Ondan sonra bütün işlər yoluna düşəcək. Yoxsa ki, bəyanatlarla, etirazlarla, müraciətlərlə heç nə əldə edə bilməyəcəyik. Sssenari yazılıb, vəsait buraxılıb, onları heç kim dayandıra bilməyəcək. Ancaq o zaman biz istəyimizə nail ola biləcəyik ki, torpaqlarımızı işğaldan azad edəcəyik.
30 ildir biz ancaq bəyanat veririk. Hansı nəticəyə nail olmuşuq? BMT kimi ali qurum Dağlıq Qarabağ, işğal olunmu. Azərbaycan torpaqları ilə bağlı özünün qəbul etdiyi 4 qətnaməni 30 ildir yerinə yetirməyə gücü çatmır. 250 il əvvəl erməni məsələsini hansı dövlətlər ortaya gətirdi? Rusiya, Fransa, İngiltərə.

Ondan sonra da bu dövlətlər erməni məsələsini mərhələ-mərhələ həyata keçirməyə başladılar. Dünyanın müxtəlif yerlərindən erməniləri Qarabağa köçürüb məskunlaşma apardılar və erməni dövləti qurdular.

20-ci əsrin sonlarında yenə də Azərbaycan torpaqlarının işğal etməklə erməni dövlətinin ərazisini genişləndirmək istədilər. Bu dövlətlər güclüdür, söz sahibidir. Ermənilər də onlardan xeyir-dua alıb istədiklərini edirlər.
Bizim məqsədimizsə güclü Azərbaycan olmalıdır. Azərbaycanda daxildə möhkəm birlik, ümumxalq mübarizəsi olmalıdır və ancaq özümüzə güvənməliyik. Ancaq bu yolla biz torpaqlarımızı azad edə biləcəyik. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu