Burnu kəsik qızlar...

Yazıq millətin halına, xəcalət çəkilməli haldır...

Bu qızlar evlərindən başqa geyimdə çıxırlar, amma ayaqyoluna girib tamam başqa adam olurlar 

Psixoloq: "Yeniyetmələri bir kənara qoyaq, siz yetkinlik yaşda olanlara baxın; ər-arvad sosial şəbəkə üstündə mübahisə edir, qadınlar instaqramda ən intim fotolarını paylaşırlar. Qadınlar azadlığı, nə istəyirəm geyinirəm, nə vaxt istəsəm evə gələ bilərəm şəklində qavrayırlar"

Jurnalist Ləman Ələşrəfqızı “28 Moll”da rastlaşdığı hadisə barədə feysbuk səhifəsində paylaşım edib:

“Bu gün "28 Moll"un tualetində burnu kəsik qızlar məftilə düzülən sərçələr kimi güzgü qabağında sıralanıb aman vermədilər düz-əməlli əlimi yuyum. Biri kiprik taxır, biri qısa ətəyi bir az da dartır, biri kənardakıları süzərək əynindəki şortikin şor qiymətinə olmadığına eyham vuran jestlər edir və s. Məndə belə təəssürat yarandı ki, bu qızlar evlərindən ümumiyyətlə başqa geyimdə çıxıblar. İndi də başqa yerə çıxırlar. Yoxsa adam kipriyi tualetdə niyə taxsın ki?!”.

Həmkarımız paylaşımı ilə sosial şəbəkə istifadəçilərinin “yaralı yeri”nə toxunub. Camaat sanki himə bənd imiş. Rəylər ard-arda sıralanıb: 
Əsmər Bolubəyli: Qızlarımız dodaq şişirtməkdən, burun kəsdirməkdən, qaş çəkdirməkdən, diş qoydurmaqdan daha önəmli bir orqanın olduğunu unudublar. Rəsmən beyinsiz takılırlar. Əsas dodaq-burun-qaş-gözdür. Beyni evdə unudub da çıxmaq olur, lazım olmur.
Abıyeva Şahanə: Məftilə düzülən sərçələr tanımadılar sizi? Sanitar qovşağında Ləman xanıma bir yer açıb hörmət edərdilər. TV-yə də baxmaz bunlar, məftilə düzülməkdən...

Aysel Rəsulzadə:  Xəcalət çəkiləsi haldır... Biri bunları durdursun daha.
Aygün Həsənoğlu: Hər dövrün gəncliyi fərqlidir. Bugünkülər isə lap çox fərqlidirlər.
Zərintac Quliyeva-Məlikzadə: Onlar o vaxtı məktəbə gedəndə yubkanı yuxarı qaldıran qızlardı.
Mehdi Əlizadə: Evləndirməyə çalışanda da intihar edirlər. 
Sevda Nəzərova: Nə deyirsiz, quzu balası kimi “ok” deyib tanımadığının yatağına girsin ki, nənəsi belə istəyib?!
Mehdi Əlizadə: Ya da pis yola düşsün?!
Rəhbər Əkbərzadə: Evdən necə çıxıblar, tualetdən hara çıxacaqlar, bilmirəm... amma onu deyirəm ki, Allah yoxa çıxartsın onları.
Aysel Azad: Ümumiyyətlə, boya gözəlləri ora daxil olan sadə insanlara yuxarıdan aşağı baxırlar. Hərəsi bir cür süzür, başa düşdüm, pulun var. 
Səmər Əvəzqızı: Dəhşətli zaman gəlib…
Nəzakət Qafarova: Hələ siqaret çəkənləri də var... 

Lamiyə Nizami Qızı Hacımuradova: Süni gözəlliyi heç cür qəbul etmirəm, bu 1, 2-cisi də, yaşlıları bir az anlamaq olar ki, qırışları gizlətmək üçün üz-gözlərini şişirdirlər, dodaqlarına silikon qoyurlar. Bu cavanlara nə düşüb ki, bu gənc yaşlarında təravətlərini qurban verirlər? İndi guya gözəl görünürlər də! Əksinə, mən iyrənirəm onlardan…

Bəhriyyə Seyidova: Yüz faiz düzgün qeyd etdiniz. O gün bunu mən də müşahidə etdim. Evdən adi koftada çıxıb fürsət düşən kimi əynini açıq-saçıq mayka ilə dəyişən, yubkasını daha da yuxarı dartan qızları görəndə gözüm kəlləmə çıxdı. Özü də “ərə getmək istəyirik” deyib divara dırmaşırlar.

Azər Qismət: Yazıq valideynlər. Tutub boğa da bilmirlər.

Ramidə Allahverdiyeva: Görəsən, evə qayıdanda harda dəyişirlər əyin-başlarını?

Xəyalə İmran: Çox gözəl yazmısınız, elələri evindən ətəyi uzun çıxır, tini dönəndən sonra ətəyi qalxır.
Sahib Məmmədov: Ərəb ölkələrindən və İrandan Avropaya uçan xanımlar Atatürk hava limanına bir libasda (məlum libas) daxil olub 5 dəqiqədən sonra tualetdən ən müasir geyimdə çıxırdılar. Restroom olmasın, olsun dressroom. 
Pərviz Elay: Öz millətimizdir. Hamı xoşbəxt olmaq istəyir.
Aygül Ağayeva: Yazıq millət!.. Onlara acıyıram, qurbandırlar. Məktəbdə təhsilin səviyyəsi düşdü. Türk serialları ölkəni ağzına aldı, 16 yaşlı, “özgür” yaşamaq istəyən qızları yayımlayan, bunu müzakirə edən verilişlərə baxdı saatlarca yeniyetmələr. İntihar edənlər peyda oldu. “Anne senden nefret ediyorum” kimi təkərləmələr eşitdilər. Və belə bir cəmiyyət formalaşdı. Hələ kiprik taxmaq harasıdı? Bir azdan tualetdə ucuz “sexs”lə də məşğul olan (bu da ərəb mədəniyyətidi gəlir yavaş-yavaş), narkotik çəkənləri görəcəyik.
Hələ salonlarda qızların danışığını görəsiniz, tüküm biz-biz olur.

O gün "baseyn"də üzməyə getmişdim. İki 18 yaşlı 48 kiloluq qız bir-birinə deyir: 

- Bu gün ərəblər gəlməyib. Darıxdırıcıdı. Bunlar ərəbləri neynir görəsən?

Onlar bizim qızlardı, azərbaycanlıdırlar. Sovet vaxtında 18 yaşlı azərbaycanlı fahişə görən olsa, ona mükafat verəcəm.
Fahişəxanaların, falçıların, cin çıxardanların, millətin kasıb, cahil, aciz təbəqəsinin üzərində şou quran proqramların artdığı cəmiyyətdə yeniyetmələrin taleyi belə yazılır!..

Şahrun Zeynalova: Allah balalarımıza çəkdiyimiz əziyyətlərin bəhrəsini versin. Heyf o qızların da anasının da ən azı 9 aylıq əziyyəti.
Vəfa Allahverdiyeva: Doğru... Mən universitet illərimizdə belə səhnəni çox görmüşdüm. Düzdür, o zaman kiprik taxmaq dəb deyildi. Amma evdən başqa geyimdə çıxıb, ayaqyolunda dəyişiklik edən, ifrat dərəcədə kosmetika edib, dərsə girən, evə dönəndə üz-gözünü təkrar təmizləyən, geyimə dəyişiklik edən qızları çox görmüşdüm...

Aida Bəndəliyeva: Bu qızların valideynləri hara baxır? Axı onlar sabahın analarıdır...
El Qustavo: Hələ onlar yaxşıdı. Eləsi var, dərs adı ilə evdən çıxır, gedib çay evində qəlyan dartır.
AMEA Naxçıvan bölməsi: Acınacaqlı reallıq...

Məsələ ilə bağlı “Şərq”ə danışan psixoloq Fərqanə Mehmanqızı bəzi insanların azadlıq anlayışının yanlış olduğunu dedi: 

- Azadlıq pafosdur. Çünki bu sözün məntiqi açıqlaması yoxdur. Bu və buna bənzər sözlərdən həmişə kütləni idarə etmək üçün istifadə edilir. Azadlığın qayda-qanunu olmadığına görə, hər kəs onu öz bildiyi kimi qəbul edir və bu da insanlara hüdudsuz sərbəstlik verir. Nəticədə xaos yaranır. Kim nə istəyir, onu edir. İnsanlar anlamaq istəmir ki, azadlıq nə istəyirəm onu edirəm, demək deyil, azadlıq nəyəsə məcbur edilməməkdir. İnsanların azadlıq anlayışı o qədər dardır ki, düzgün davranışın, birgə yaşayışın nə demək olduğunu bilmirlər. Yeniyetmələri bir kənara qoyaq, siz yetkinlik yaşda olanlara baxın; ər-arvad sosial şəbəkə üstündə mübahisə edir, qadınlar instaqramda ən intim fotolarını paylaşırlar. Qadınlar azadlığı, nə istəyirəm geyinirəm, nə vaxt istəsəm evə gələ bilərəm şəklində qavrayırlar.

Hər şey çirkinlik dərəcəsinə çatıb. Yeniyetmələrdə isə vəziyyət fərqlidir. Yeniyetmələrin azadlıq istəyini mən hormon sıçrayışı kimi xarakterizə edirəm. Hansımız yeniyetmə yaşlarda qeyri-adi görünmək istəməmişik? Yeniyetməlik dövründə haqlı və haqsız komplekslər olur. Birinin burnu xoşuna gəlmir, birinin saçının rəngi, boyu, köklüyü və sair. Çətin olan, o dövrü atlatmaqdır. Bu isə valideynlərdən çox asılıdır. Valideyn çalışmalıdır ki, övladı ilə arasındakı bağlar itməsin, qırılmasın. Amma indi vəziyyət ona görə mürəkkəbləşib ki, valideynlər ya həddindən artıq diqqətli, övladının alıb-verdiyi nəfəsi də sayan, ya da tamamilə səhlənkar, övladı nəzarətsiz qoyandılar. Orta ölçü yoxdur. Yeniyetməlik dövrünü valideynlərinin, müəllimlərinin köməyi ilə atladanlar üçün sonrakı illər asan keçir. Cəmiyyətimizin bu şəkildə iyrəncləşməsinin səbəbini isə mən özgüvən hissinin itirilməsində görürəm.    

Bizcə, acı reallıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini düşündürməlidir. Niyə? Nədən? Və “hansı istiqamətə gedirik” suallarına cavab tapılmalıdır. Ancaq suala cavab tapılmalıdır dedikdə nəticəsiz “dəyirmi masa”ları, konfransları, eləcə də şou-biznes nümayəndələrinin iştirakı ilə tok-şouları nəzərdə tutmuruq. Əgər həqiqətən millətin gələcəyini düşünənlər varsa, bağlı qapılar arxasında müzakirə aparsalar da olar. Təki bir nəticəyə varılsın. Eybi yox, gec, amma güc olsun...

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu