Qırğızıstanda yeni inqilab hazırlanır

Ölkə növbəti siyasi xaosa qədəm qoymaq üzrədir

Atambayevə irəli sürülən ittihamlar onun ömürlük həbsinə hesablanıb. Amma bu da çıxış yolu deyil

ABŞ prosesləri kənardan izləsə də, onun da olanlarda əli var

Məlum olduğu kimi avqustun 7-də Qırğızıstanda çoxlarının gözlədiyi hadisə baş verib. Ölkənin xüsusi xidmət orqanları eks-prezident Almazbek Atambayevin iqamətgahına gələrək onu həbs etməyə cəhd göstəriblər. Nəticədə xüsusi təyinatlılarla Atambayevin tərəfdarları arasında silahlı toqquşma yaşanıb. Atambayevin adamları və kəndliləri onun müdafiəsinə qalxaraq xüsusi təyinatlılara mane olublar. Toqquşmada 52 nəfər yaralanıb, 1 xüsusi təyinatlı öldürülüb, 6 xüsusi təyinatlı isə girov götürülüb. Atambayev əvvəlcə ona qarşı irəli sürülən “korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamlarını rədd edib və təslim olmayacağını bildirib. Olaydan sonra Qırğızıstanda ictimai-siyasi vəziyyət bir qədər də gərginləşib. Hətta ölkə prezidenti Sooronbay Jeenbekov tətil və istirahətini yarımçıq buraxaraq paytaxt Bişkəkə geri dönüb. Belə demək mümkündürsə, Qırğızıstanda növbəti dəfə “qızılgül inqilabı” və ya “məxməri inqilab” üçün süni surətdə zəmin yaradılıb. 

“Bütün vətəndaşlar qanun qarşısında cavabdehdir” 

Hadisədən dərhal sonra ölkə prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının iclasını çağırıb. Prezident sabiq rəhbər Atambayevin hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərərək ölkə Konstitusiyasını və qanunlarını kobud surətdə pozduğunu bildirib. Dövlət başçısı deyib ki, Qırğızıstan hüquqi və sivil dövlətdir, ölkənin bütün vətəndaşları qanun qarşısında eyni dərəcədə cavab verməlidir. Proseslərin nəzarətdən çıxdığını görən Atambayev bir müddət dirəndikdən sonra hüquq-mühafizə orqanlarına təslim olub. Girov götürülmüş xüsusi təyinatlılar da sərbəst buraxılıb. Sabiq prezident Milli Təhlükəsizlik Dövlət Komitəsinin əsas İstintaq şöbəsinə aparılıb. Eks-prezidentin əməliyyat zamanı hərbçilərin girov götürülməsi və Koy-Taş kəndində “Alfa” bölməsinin komandirinin müavininin öldürülməsi faktına görə dindirilməsi gözlənilir. Atambayev xüsusi təyinatlılara şəxsən atəş açdığını və tərəfdarlarında silah olmadığını bildirib: “Mənim ətrafımdakı insanların silahı yox idi, ona görə də şəxsən özüm atəş açmalı oldum”. O, insanları hədəf almadığını deyib və saxlanan xüsusi əməliyyatçıların azad olunmasında kömək göstərməyə hazır olduğunu vurğulayıb.

Qırğızıstanın kəşfiyyat rəisi: “Prezidentə dedim ki...”

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Orozbek Opumbayev ölkədə yaranan gərginliklə əlaqədar istefaya getməyə hazır olduğunu deyib. O, bu sözlərini parlamentin növbədənkənar iclasında çıxışı zamanı bildirib: “Təhlükəsizlik Şurasının iclasında prezidentə dedim ki, istefa vermək istəyirəm. Baş verənlərdə mənim də günahım var. 3500 xüsusi təyinatlının hamısını hərəkətə keçirsəydim, bu cür olaylar baş verməzdi”. 

“Məni Atambayevin taleyi maraqlandırmır”

Rusiyalı politoloq Arkadi Dubnovun sözlərinə görə, Qırğızıstandakı situasiya hökumətin nəzarətindən çıxa bilər. Onun fikrincə, iki dəfə inqilab yaşayan ölkənin yenidən destabilizasiya ilə toqquşmaq ehtimalı var: “Məni Atambayevin taleyi maraqlandırmır. Məni maraqlandıran Qırğızıstanın taleyidir. Atambayev Qırğızıstanın şimal klanlarının, hazırkı Prezident Sooronbay Jeenbekov isə cənub klanlarının maraqlarını təmsil edir. Qırğızıstan artıq iki dəfə silkələnmə yaşayıb və liderlərin razılaşa bilməməsi ucbatından üçüncü inqilab da yaxınlaşır. Artıq aşkar şəkildə görünür ki, Putinin də yardım cəhdləri uğursuzluqla başa çatıb”. 

Atambayevin oğlu da sorğuya çağırılıb

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin oğlu Seyidbek Atambayev Daxili İşlər Nazirliyi tərəfindən sorğuya çağırılıb. Məlumatı Atambayevin vəkili Sergey Slesarev yayıb. Onun məhz hansı məsələ ilə əlaqədar sorğuya çağırıldığının bilinmədiyi qeyd edilib.

Atambayev kimdir? 

Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O, Qırğızıstanın sayca 4-cü prezidentidir. Ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib. Hakimiyyətdən getdikdən sonra ona qarşı parlament araşdırması başlayıb. Bu ilin iyununda deputatlar eks-prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. İyul ayında Moskvaya gedərək Prezident Vladimir Putinlə görüşüb. Onun gəncliyində küçə süpürgəçisi, hambal və tərcüməçi işlədiyi vikipedik məlumatlarda yer alıb. 1956 təvəllüddür. Anadolu türkcəsində sərbəst danışa bilir. 2000-ci ildəki prezident seçkiləri onun üçün uğursuz başlanğıc olub - cəmi 0, 6 faiz səs toplayıb. 2005-ci ildə isə hökumətdə təmsil olunub, sənaye, ticarət və turizm naziri vəzifəsində işləyib. Amma cəmi bir il sonra hakimiyyətə qarşı çıxıb. “İslahatlar naminə” hərəkatının çətiri altında başlanan etirazların avanqard liderlərindən birinə çevrilib. Keçmiş prezident fəaliyyəti dövründə Fətullah Gülənin Qırğızıstandakı məktəblərini bağlamaması ilə seçilib. Atambayev Ərdoğanın arzusunu yerinə yetirməyib. FETÖ-nün Qırğızıstanda çevriliş cəhdi edəcəyi haqda sözləri axmaqlıq adlandıraraq Gülən camaatının məktəblərini bağlamayacağını deyib. 

Jeenbekov bundan sonra öz siyasi hakimiyyətini möhkəmləndirə bilməyəcək

Ekspertlərin fikrincə, ölkədəki prosesə kənardan, böyük güclər tərəfindən müdaxilələr də var. Yəni məsələ həm də geopolitik məzmun daşıyır. Qırğızıstandakı hadisələri “Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Mərkəzi Asiyanın qismən demokratik dövləti olan Qırğızıstanda baş verənlər siyasi kataklizmlərdən qaynaqlanır. Onun sözlərinə görə, hadisələr Mərkəzi Asiyada geopolitik qarşıdurmanın nəticəsidir: “Almazbek Atambayevi öz hakimiyyətinə təhlükə görən prezident Sooronbay Jeenbekov onu həbsə atmaqla öz siyasi hakimiyyətini qorumağa çalışır. Təbii ki, bu ölkədə inqilabın baş verməsi də istisna deyil. Atambayevlə Jeenbekov müttəfiq idilər. Onların münasibətlərinin kəskinləşməsi yeni siyasi situasiyanın yaranmasına gətirəcək. Hesab edirəm ki, Jeenbekov bundan sonra öz siyasi hakimiyyətini möhkəmləndirə bilməyəcək. Atambayev tərəfdarlarının ölkədəki siyasi durumu kəskinləşdirəcəyi gözlənilir.

Ölkədə yenidən iğtişaşlar baş verə bilər. Atambayevə irəli sürülən ittihamlar onun ömürlük həbsinə hesablanıb. Amma bu da çıxış yolu deyil. Ölkə yenidən növbəti siyasi xaosa qədəm qoymaq üzrədir. Hesab edirəm ki, burada iki şəxsin ədavəti deyil, daha genişmiqyaslı geosiyasi problemlər var. Rusiyanın mövqeyi isə təzadlıdır. ABŞ prosesləri kənardan izləsə də, onun da olanlarda əli var. Bir sözlə, Qırğızıstan yeni inqilaba hazırlanır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu