Qiymət artımı: Hər şey nəzarətdədir!

Bazar iqtisadiyyatı prinsipləri ticarətin liberallaşdırılmasını, azad ticarətin formalaşmasını tələb edir. Başqa sözlə, bu cür münasibətlərinin formalaşdığı bir dövrdə malların və xidmətlərin böyük əksəriyyətinin qiyməti (tənzimlənən tariflər və qiymətlər istisna olmaqla) rəqabət şəraitində, tələblə təklif əsasında formalaşır və mal satan, iş görən tərəfindən müəyyən edilir. Qiymətlərin müəyyən edilməsinə dövlət orqanlarının əsasız müdaxiləsi qanunla yolverilməzdir. Ancaq bu, bəzi “işbazların” mal və xidmətlərə istədiyi qiyməti qoyaraq süni bahalaşma yaratması anlamına gəlməməlidir.


Heç kimə sirr deyil ki, Azərbaycan hökuməti əhalinin real gəlirlərinin artırılması istiqamətində ciddi tədbirlər görür. Amma o da faktdır ki, bir tərəfdən nominal gəlirlər artsa da, digər tərəfdən qiymətlərdəki artım səviyyəsi ciddi nəzarətə götürülür. 

Azərbaycan hökuməti əhalinin gəlirlərinin artması üçün 2019-cu ildə çox ciddi qərarlar qəbul edib. Dövlət başçısı dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların maaşlarının artırılması haqqında sərəncamlar verib. Sentyabrdan isə ölkə üzrə minimum əmək haqqı 250 manata qaldırılacaq. Bu ildən həm də qeyri-neft sektoruna aid olan özəl sahələrdə çalışanların əmək haqqından vergi tutumları 7 il müddətinə dayandırılıb. Tutulmayan vergilər də işçilərin maaşlarının artımına səbəb olub. 2019-cu ildə qəbul edilən qərarlar sayəsində respublika üzrə orta əmək haqlarının təxminən 15 faiz artması gözlənilir. Orta əmək haqqının artımı pensiyalarda da artıma səbəb olacaq. Növbəti ilin yanvarından bütün növ pensiyalar proqnoza uyğun olaraq təxminən 15 faiz artırılacaq. 

Əmək haqqı ilə bərabər pensiyalarda da ciddi artımlar var. Əhalinin real gəlirlərinin daha çox artması məqsədilə hökumət inflyasiyaya səviyyəsini artıran süni amilləri də aradan qaldırmağa çalışır. Hamıya məlumdur ki, əmək haqqı, pensiya artımları dövründə bəzi “işbazlar”ın əməkdaşlığı ilə süni qiymət artımlarına cəhdlər olur. Bu da istehlakçılarda narazılıq yaradır. 

İyulun 31-də Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də süni qiymət artımı ilə bağlı cəhdlərə toxunulub. 

Prezident inflyasiyanın aşağı səviyyədə olmasına baxmayaraq bəzi hallarda süni qiymət artımının da müşahidə olunduğunu bildirib. Dövlət başçısı müvafiq qurumlara bu məsələ ilə ciddi məşğul olmaq tapşırığı verib: “İistehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik.

Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, ölkədə sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir. Belə ki, istehlak bazarında qiymətlərin buna qarşı adekvat reaksiya göstərməsini önləmək başlıca vəzifəyə çevrilir: 


“Bunda ehtiyatlı olmaq lazımdır. Ancaq bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir”.

Ekspertlərin fikrincə, süni qiymət artımının qarşısını almaq üçün qiymətlərin monitorinqi aparılmalıdır. Monitorinq nəticəsində xərcdə artım yoxdursa, süni qiymət artımının qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. 

Fakt odur ki, artıq bir neçə dəfədir ki, ən yüksək səviyyədə süni qiymət artımı məsələsi qaldırılaraq buna qarşı mübarizə tədbirləri görülür. Tapşırıqlara uyğun olaraq indiyə qədər istər İqtisadiyyat Nazirliyi, istərsə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bazarlarda monitorinq aparılıb, zəruri müdaxilələr edilib. 

Amma qiymət artımı heç də süni amillərlə bağlı deyil, bunun obyektiv səbəbləri də vardır. Bu ilk növbədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır. Buna misal kimi texnoloji avadanlıq, gübrə və s. göstərmək olar ki, onların qiymətində dəyişiklik Azərbaycanda istehsal prosesinə də öz təsirini göstərir.

son illər Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülüb. 

Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır, istifadəyə verilmiş gübrə zavodu daxili bazarın bir qisminin ehtiyaclarını ödəyir. Bunun sayəsində ciddi məhsul artımı müşahidə olunur. Ölkəmizdə istehsal olunan məhsullar yüksək keyfiyyətə malik olduğuna görə, xaricdə ona tələbat artır və daha çox məhsul ixrac olunur. Bu, ölkəmizin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur.

Pərviz Heydərovun dediyinə görə, ümumiyyətlə, bizdə, nədənsə, belə bir təfəkkür var ki, pul gəlirləri artırsa, bazardan alış-veriş, xidmətlərdən istifadə genişlənirsə, qiymətlər yüksəlməli deyil, enməlidir:

“Əslində isə belə deyil, satış və xidmət səviyyəsi artırsa, demək, tələb yüksəlib və onun tədiyyə qabiliyyətliliyi genişlənib. Buna uyğun olaraq, həm həcm, həm dəyər baxımından təklif də yüksəlməlidir. Qiymətləri çox da təzyiq altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan qiymətlərin qalxmasına təsir və zəmin yaradan elementləri çərçivəyə almaq olmaz. Amma bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir. Bununla belə, bazarın təklif sarıdan normal təmin olunması da əsas şərtdir”.

Səbuhi Məmmədli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu