Təhsil, təhsil, bir də təhsil ! – Deputat və xalq şairindən reaksiya

   Ötənlərdə “Space” kanalında yayımlanan "İki dost" verilişində gülməli, bir o qədər də utancverici hal yaşanıb.Verlişin formatına uyğun olaraq iki telejurnalist ayrı-ayrılıqda insanlara yaxınlaşıb "Azərbaycana Böyük Britaniya yaxındır, yoxsa İngiltərə?", "Azərbaycana Kitay yaxındır, yoxsa Çin?", "Azərbaycana yoxuş çoxdur, yoxsa eniş?", "Bakıya Şabran yaxındır, yoxsa Dəvəçi?” kimi bəsit çaşdırıcı suallar veriblər. Əlində müasir telefon, dəbdəbəli geyimli gənclərin suallara cavabı heç də ürəkaçan olmayıb. Gənclərin çoxu bu suallara cavab verə bilməyib. Əlbəttə, bu hal heç də müsbət gələcək vəd etmir. 

Həmin sorğunu izlədiyini söyləyən millət vəkili Fazil Mustafa da təsdiqləyib ki, mütləq əksəriyyət həmin sualları cavablaya bilmir:
“Kimsə də demir ki, bilmirəm, dərhal müdrik görkəm alıb deyir ki, Çin, yaxud İngiltərə yaxındır Hamısının əlində müasir telefon var, geyimləri müasir, fəqət qızlı-oğlanlı, qadınlı, kişili- kütləvi savadsızlığın, nadanlığın son nöqtəsində durmuşlar! Bunlar coğrafiya dərsində xəritəyə göz atmayıblar, kitab üzü açmayıblar, ancaq hamısı meyxanaları, prikolları, əyləncə mahnılarını əzbər bilirlər, türk dönərinin tamını Makdonalsın hotdoqundan ayırd edə bilirlər, maşınların markalarını və nömrə təsnifatlarını əzbər bilirlər, ancaq bəsit sualları cavablandıracaq qədər dünyagörüşü əldə etməyiblər.
Hələ sadəlövhcəsinə gözləyirsiniz ki, informatika yarışında hansısa nəticə əldə edək? Özümüzü yalandan ovundurmayaq, təhsildə geriyik- Rusiyadan da, Türkiyədən də, İrandan da, Gürcüstandan da, Ukraynadan da... Qonşu Gürcüstanın, İranın Bakıdakı informatika çempionatında medallarına baxın və anlayın ki, yaxın qonşularımızdan da çox-çox geridəyik.
İki yolumuz var, həm də təcili seçəcəyimiz iki yol. Birincisi, bütün qız uşaqlarının istər dövlət, istər özəl müəssisələrdə təhsil almasını məcburi şəkildə təmin etmək. Qızlar üçün əsas etibariylə bütün təhsil müəssisələrində imtiyazlar tanımaq və mümkün qədər ödənişsiz təhsil imkanı yaratmaq”.
Millət vəkili  diqqətə çatdırıb ki, bu məmləkətdə ən böyük problem anaların savadsızlığı problemidir: 
“Bu da uşaqların bəri-başdan evdə doğru istiqamətə yönləndirilməsinə təsir edən əsas amildir. İkincisi, peşə təhsilinin stimullaşdırmaq, burada məktəblilərin həm ümumi bilik, həm də peşə qazanmasını təmin edən kadr və infrastruktur bazasını yerləşdirmək; Üçüncüsü, bütün məktəblərdən, bunun qohumu, onun yaxını prinsipi ilə müdir, direktor təyinatından imtina edərək daha hazırlıqlı, bilikli və vicdanlı insanları rəhbərliyə gətirərək, təhsil və təlim prosesini sağlamlaşdırmaq; Dördüncüsü isə, müəllimin üzərindən basqıları götürmək, şagirdin qarşısında müəllimi qorxaq duruma salmaqdan uzaqlaşmaq, imkan yaratmaq ki, kiminə yumşaq, kiminə də xarakterinə görə sərt üslubda tələbkarlıq göstərərk onları oxumağa məcbur etsinlər. Burada söhbət qətiyyən fiziki güc tətbiqindən getmir, ancaq elə aura yaranıb ki, müəllim şikayət edərlər deyə, qorxusundan şagirdin bütün davranışlarına biganə qalmağa məhkum olub. Beşincisi isə, müəllimə büdcəmizin imkan verdiyi həddə ən yüksək maaş verilməsini təmin etməliyik ki, savadlı insanlar bu peşəyə axın etsinlər. "Space" kanalının rəhbərliyinə bu verilişə görə təşəkkür edirəm, kütləvi savadsızlıq faciəmizi çılpaq şəkildə göz önünə gətirdi, bu məsələyə duyarsız qalmamız daha acı nəticələrə yol aça bilər”.

Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı da “Sherg.az”a söyləyib ki, gənclərə bu kimi vərdişlər uşaq yaşlarından aşılanmalıdır:

“Gərək ailədə ata, ana da intellektual olsun ki, uşaqlarına onları öyrətsin. Ana, atanın özü tarixi, coğrafiyanı, məntiqi bilmirsə, uşaqlar o cür məlumatları haradan bilsin? Əvəllər məktəblərdə dərs tədris olunurdu. Amma indi orta məktəblərdə təhsil yoxdur. Hazırda dərslər məktəbdənkənarda keçirilir. Bu da məktəbin nüfuzunu azaldır. Həmçinin son zamanlar uşaqların məktəbə biganə yanaşması müəllimlərə də mənfi təsir göstərir. Müəllimdə dərs tədris etməyə həvəs qalmır. Ona görə də gənclərimiz təhsildən uzaqda qalır. Bütün bunların kökündə təhsilsizlik dayanır. Təhsil, təhsil, bir də təhsil…! Fikrimcə, uşaqların qəlbində vətən, millət sevgisi oyadılmalıdır. O olandan sonra hər şey öz yolunu tapacaq. Hazırda kifayət qədər ağıllı, intelektli gənclərimiz var. Amma təəssüflər olsun ki, bu cür heçnə bilməyən, mənasız ömür sürənlər də var”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu