Təhsil nazirinin bu addımı dəstəkləndi: universitetlər tələbələri hədələyə bilməyəcək !

 Təhsil naziri Ceyhun Bayramov  ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib. Tapşırığa əsasən ödənişli əsaslarla ali məktəbə qəbul olan tələbələr təhsil haqqını yarı-yarı ödəyəcəklər. 

Məlumdur ki, təhsil haqlarının ödənilməsi ilə bağlı bir çox problemlər yaranırdı. Valideynlər vəsaiti tam olaraq ödəməkdə müəyyən çətinliklərlə üzləşirdilər. Belə addımın atılması çox güman ki, həm tələbələrin, həm də valideynlərin sevincinə səbəb olacaq.

Nazirin tapşırığı ilə bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Nadir İsrafilov yeni qərarın təqdirəlayiq olduğunu bildirib.

Ekspert söyləyib ki, təhsil haqlarının yarı-yarı ödənilməsi birmənalı olaraq hər kəs tərəfindən ruh yüksəkliyi ilə qarşılanır:



“Düşünürəm ki, təhsil haqları ilə bağlı məsələyə nazir qarışmasa da olardı. Gərək universitetlər özləri bu məqamı nəzərə alardılar. Bir neçə universitetdə İctimai Nəzarət Şurasının üzvüyəm və baxıram ki, bəzi universitetlər tələbənin imkanını nəzərə alaraq güzəştlər edirdilər.

Amma təəssüf ki, bir çox univeristetlər də tələbələri hədələyirdilər, onları universitetdən xaric etməklə təhdid edirdilər. Bu, yolverilməz haldır. Hazırda dövlət siyasətinin əsas istiqamətlərindən biri neft kapitalını insan kapitalına çevirməkdir.

Elə bir siyasət yürütməliyik ki, ali təhsil hamı üçün əlçatan olsun. Bununla bağlı müəyyən işlər görülür, təlbələrə ali məktəbə qəbul olunmaq üçün iki dəfə şans verilir. Amma ali təhsil hamı üçün əlçatan olmalıdırsa, ödənişlər də əlaçatan olmalıdır. Ona görə də təhsil nazirinin bu tapşırığını dəstəkləmək lazımdır.

Dünya təcrübəsində rast gəlməmişəm ki, hansısa tələbə ödənişə görə, təhdid edilsin. Çünki aparıcı universitetlərdə kapmus şəraitidir, yəni tələbənin yataqxana problemi yoxdur.

Bizdə isə sovet dönəmində müəyyən universitetlərin yataqxanaları var idi. Lakin indi qaçqın və məcburi köçkünlərin yataqxanalara yerləşdirilməsi problemi daha da artırır.

Beləliklə kirayə haqqı və tələbənin digər xərcləri işi çətinləşdirir. Tələblərimizin yaxşı təhsil alması üçün mühit yaratmalıyıq. Ona görə də Boloniya prosesinə qoşulandan sonra belə qərara gəlindi ki, tələbə kreditləri haqqında qanun qəbul olunsun. Dünya ölkələrində tələbəyə uzun müddətə kreditlər verilir.

Tələbə həmin krediti ali məktəbi bitirəndən sonra ödəyir. Bizdə də bu məsələ neçə dəfələrlə gündəmə gətirilsə də, banklar razılıq vermirlər. Əslində bankaları da qınamaq olmur.

Çünki bankları da zəmanəti yoxdur. Onlar bilmirlər ki, tələbə oxuyub bitirəndən sonra işlə təmin olunacaq ya yox? Ona görə də problemi həll etmək üçün alternativ yollar tapmaq lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu