“Bu, Rusiyanın imperiya siyasətinin ayrılmaz tərkib hissəsidir”


“Polad Bülbüloğlunun Poyatiqorskda keçirilən Foruma qatılmamaq qərarı tamamilə düzgündür və bu, Azərbaycanın suveren və ləyaqətli dövlət olduğunu bir daha sübut edir”.

Bu fikri “Sherg.az”a açıqlamasında politoloq Azər Həsrət Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlunun sözügedən Forumda iştirakdan imtina qərarını şərh edərkən deyib. 

Xatırladaq ki, bu günlərdə Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.



Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinin məlumatında bildirilirdi ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb.

Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfiri tədbir iştirakçıları ilə keçirilən görüş zamanı Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib. Bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.

Bununla bağlı S.Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb.

Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

Azər Həsrət qeyd etdi ki, Rusiya tərəfindən oxşar addımları vaxtaşırı müşahidə edirik:

- Rusiya həmişə “dovşana qaç, tazıya tut” siyasəti yürüdüb. Bu, Rusiyanın imperiya siyasətinin ayrılmaz tərkib hissəsidir. İstər Rusiya rəsmiləri olsun, istərsə də, havadarlıq etdikləri, öz əməllərində imperiyadanqalma mirasa uyğun davranış sərgiləyirlər. Yüksək səviyyəli görüşlərdə, bəli, “Rusiya işğal faktını təsdiq edir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ Azərbaycan torpağıdır” bildirirlər, ancaq imkan düşən kimi imperiya siyasətini həyata keçirməyə çalışırlar. Amma Azərbaycan da artıq oturuşmuş, özünə hörmət etdirməyi bacaran bir dövlətdir. Polad Bülbüloğlu Foruma getməkdən imtina etməklə Azərbaycanın suveren və ləyaqətli dövlət olduğunu göstərdi. Bu, bizim səfir tərəfindən atılmış doğru addımdır. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu