“Ermənistan işğal siyasətinə davam edərsə, yeni müharibə...” – Politoloq 

 

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub ünvanlayıb.

İcmadan verilən məlumata görə, məktubda bildirilir ki, avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, “Pan-Ermənistan” oyunlarının açılışına qatılıb. Açılış mərasimində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb:

“Ermənistan baş naziri bununla da Azərbaycan ərazilərinin ilhaq siyasəti yürütdüyünü təsdiq edir. Paşinyanın bu sayıqlamaları əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub”.



Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Ermənistanın keçmiş və indiki rəhbərləri Dağlıq Qarabağ
problemini düzgün qiymətləndirə bilməyib:

“Onlar özlərinin təcavüz siyasətinə bəraət qazandırmağa çalışırlar. Çünki bu işğal faktı Ermənistanın aqressiv və qəsbkar siyasətinin nəticəsidir. Artıq 30 ilə yaxındır ki, bölgədə sülh pozulub. Təhlükə durmadan artır. Ona görə də Ermənistanın işğalçı yanaşması onların səhv yolda olduğunu etiraf etməyə, anlamağa imkan vermir.

Uzun müddət Ermənistan rəhbərlərinə elə gəlirdi ki, onlar müharibəni bitiriblər və Azərbaycan torpaqlarını birdəfəlik zəbt ediblər. Amma belə deyil. 2014-cü ilin avqust, 2016-cı ilin aprel ayında baş verən hadisələr Ermənistana gerçəklikləri göstərdi. Bu hadisələrlə Azərbaycan qarşı tərəfə mesaj verdi ki, Ermənistan işğal siyasətinə davam edərsə, bölgədə yeni müharibə meydana gələcək. Ermənistan sülh yolu ilə həll ediləcək münaqişəni başqa cür həll etmək istəyirsə, deməli onların siyasətində sülh planı yoxdur.

Təbii ki, Azərbaycan bununla barışa bilməz. Çünki Dağlıq Qarabağ torpaqları bizimdir. Qərarlar, qətnamələr, dünya qanunvericiliyinin tələbləri Azərbaycanın yanındadır. Xatırladım ki, BMT və digər dünya əhəmiyyatlı təşkilatların qeydlərində Azərbaycanın ərzisi 86.6 min kvadrat kilometrdən artıq göstərilib.


Fikrimcə, bütün bunlar Ermənistna işğalçı siyasətindən əl çəkməli olduğunu göstərir. Əgər Ermənistan bunu xoşluqla etməsə, Azərbaycan sözünü müharibə yolu ilə deyəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu