“Azərbaycan Pakistanı başa düşür və onun yanındadır” - ŞƏRH

Pakistan və Hindistan arasında Kəşmir məsələsi ilə bağlı gərginlik davam etməkdədir. Hindistan Kəşmirin statusunu ləğv edərək, yeni münaqişənin açıqlanmasına gətirib çıxaracaq proseslərə start verib.

Hindistan əsassız olaraq Kəşmirdə etnik və dini zəmində problemlər yaradır və Pakistana qarşı hərbi-siyasi hərəkətliyi həyata keçirir.
Pakistan tərəfi isə Kəşmir problemi ilə bağlı BMT-də çıxacaq qərar üçün Azərbaycandan dəstək istəyib. Bəs, ölkəmiz Pakistana dəstək ola bilərmi?


Sualımızı cavablandıran politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, Azərbaycan Pakistan və Hindistan arasında Kəşmir problemi ilə bağlı İslam Konfransının tərkibində yaradılan qrupun üzvüdür. 
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi çalışır ki, hər iki ölkə arasında müəyyən dialoq qurulsun və bu dialoq əsnasında tərəflər məsələni həll etsin:
“Ümumiyyətlə, bu gərginlik daha çox Hindistan tərəfinin ucbatından baş verir. Çünki Hindistanda təkrarən parlament seçkiləri keçirilib və hakimiyyətə gələn partiya millətçidir. Bu partiyanın 1950-ci illərdə siyasi platformasında yazılmışdı ki, “Cammu Kəşmir ştatı ləğv olunmalı və bu ərazi Hindistana tabe olmalıdır”. Bu partiya müxalifətdə dayanan partiya idi. Yalnız bir neçə il öncə partiya hakimiyyətə gələ bilib və öz mövqelərini möhkəmləndirəndən sonra Kəşmiri ştat kimi ləğv ediblər.
Mövcud gərginlik də bundan qaynaqlanır. Kəşmir ştatının böyük bir əhalisi müsəlmandır. Əslində bu əhali Kəşmirin Pakistana birləşməsi yaxud da Hinditsanın daxilində daha çox muxtariyyət əldə olunmasının tərəfdarı idilər. Hindistan höküməti düşünür ki, Kəşmir ştatı olduğu kimi qalsa, separatçı meyillər daha da güclənə, nəticə etibarı ilə Pakistan bu ştatda mövqelərini möhkəmləndirər və ştat gələcəkdə Pakistana daxil ola bilər. Ona görə də Hindistan belə addım atdı. 
Hazırda fövqaladə vəziyyət elan olunub. Nəzərə almaq lazımdır ki, bu addım Qurban bayramı ərəfəsində baş verib. Əlbəttə, bu olanlar, nəinki yerli müsəlman əhalinin qəzəbinə səbəb olub, hətta digər müsəlman ölkələrinin əhalisi də baş verənlərdən narazı idilər. Kəşmir problemi Pakistan üçün həssasdır. Pakistan bu olanlara laqeyd yanaşa bilməzdi. Ona görə də bütün müsəlman ölkələrinə, o cümlədən  Azərbaycana çağırış edib”. 
Politoloq vurğulayıb ki, Azərbaycan Hindistanın daxili işlərinə qarışa bilməz:
“Çünki bizim öz problemimiz-Dağlıq Qarabağ məsələsi var. Biz separatçı meyillərə dəstək verə bilmərik. Lakin digər tərəfdən ermənilər ölkəmizə qarşı çıxış edirlər. Amma biz Qarabağ probleminin həlli üçün ermənilərə ən yüksək muxtariyyət statusunu təklif edirik. Hindistanın ərazilərini isə heç kim zəbt etmir və onlar Kəşmirdəki müsəlmanların əlindən muxtariyyəti alırlar. Əlbəttə, biz baş verənləri dəstəkləmirik. Bu yanaşma düzgün deyil. Bütün xalqlar öz hüquq-vəzifələrini müəyyən beynəlxalq prinsiplər çərçivəsində həyata keçirməlidir.
Hindistanın bu hərəkətinə müsbət reaksiya vermirik. Müsəlman cəmiyyətində xüsusilə Qurban bayramı ərəfəsində bu addım qəsdlə atılan addım kimi qiymətləndirilir. Azərbaycan Pakistanı başa düşür və onun yanındadır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu