Mobil telefon, yoxsa “ilan zəhəri” ? – İnsanlar təbiilikdən uzaqlaşır

Əhməd Qəşəmoğlu: “Bundan doğru istifadə edəndə dərmandır, artıq istifadə edəndə öldürücü təsiri olur”

“Yəni, bunlar yaranıb ki, istifadə edək, onlar bizim həyatımızı asanlaşdıran vasitələrdir. Amma nədənsə insan asılı olur, onun öz təbii vəziyyəti pozulur”


Mobil telefonlar artıq həyatımızın önəmli bir hissəsinə çevrilib. Əvvəllər əlaqə yaratmaq üçün nəzərdə tutulan bu cihazlar sonralar müxtəlif funksiyaları da yerinə yetirməyə başladı.
Düzdür, bunun müsbət tərəfləri çoxdur. Amma insanlarda getdikcə mobil telefon asılılığı yaranır. Bu asılılığa təkcə gənclər deyil, artıq yaşlılar və uşaqlar da aludə olub. Yaşlı insanlar belə canlı ünsiyyətə deyil, internet üzərindən mobil telefonla əlaqə saxlamağa üstünlük verir. 
Bu günlərdə jurnalist Sevinc Telman qızı da mobil telefonlarla bağlı maraqlı məqama toxunub. 
Onun sözlərinə görə, sanki, həyatımız mobil telefonlar üzərində qurulub:
“Bu gün telefonum öz-özünə söndü. Nə illah elədimsə açılmadı. Dəqiqələrlə həm də. O anlarda isə qızıma deyəcək sözüm vardı, şəhərdə məni gözləyirdi. Nömrəsini əzbərləməmişəm, təzə alınıb. Başqa zənglərim də vardı, nömrələri əzbər bilmədiyim üçün başqa telefondan da zəng edə bilmirdim. Bir anda necə mandraja, çarəsiz duruma düşdümsə, oturub ağladım. Niyə? Çünki həyatımızı telefona məhkum etmişik. Telefondur çox şeyi nizamlayan, bizi kontrol edən, yönləndirən, yeri gələndə əmrlər yağdıran. O olmasa....həyatımız necə olar sualının cavabı qaranlıqdı mənimçün. Mən bu məhkumluğu sevmirəm”.


Mövcud durumu dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirdi ki, həqiqətən də mobil telefonlar həyatımızın atributuna çevrilib.
Sosioloq qeyd etdi ki, mobil telefondan asılılıq insanları təbiilikdən uzaqlaşdırır:
“Getdikcə texniki vasitələrlə ünsiyyətimiz daha da çoxalır. Beləliklə telefonsuz həyatımızı təsəvvür edə bilmirik. Əhalinin çox hissəsi mobil telefonlara, internetə bağlı yaşayır. 
Bunların hamısı sanki “ilan zəhəri” dir. Bundan doğru istifadə edəndə dərmandır, artıq istifadə edəndə öldürücü təsiri olur. Yəni bunlar yaranıb ki, istifadə edək, onlar bizim həyatımızı asanlaşdıran vasitələrdir. Amma nədənsə insan asılı olur, onun öz təbii vəziyyəti pozulur. İnsan nə vaxt ki, təbii ahəngini pozur, hökmən cəzasını alır. Bu, artıq bir mənalıdır.
Telefondan da asılılıq insanın həmin təbii vəziyyətini pozmağa gətirən bir vasitədir. Ona görə də birmənalı aydındır ki, bu, ancaq ziyan verə bilər. Çalışmalıyıq ki, ondan öz təyinatı üzrə istifadə edək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu