Xəstəlik səbəbindən özünə qəsd haram sayılır

Dinimiz bizə baş verən fəlakətlərə səbirli olmağı tövsiyə edir

Həkim isə deyir ki, belə məsələlərdə həkim də professional olmalı, xəstəni ümidləndirməyi bacarmalıdır

Onkoloji xəstəlikdən əziyyət çəkən beyləqanlı qadın sirkə turşusu içməklə canına qəsd edib, həkimlər onu xilas edə bilməyiblər.
Beyləqan rayonunun Əlinəzərli kəndində intihara cəhd etmiş şəxs dünyasını dəyişib. “Sputnik Azərbaycan”ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 48 yaşlı Şamama Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Kəskin ağrılara dözməyən xəstə sirkə turşusu içərək intihara cəhd edib.
Qadına tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Avqustun 14-də xəstə dünyasını dəyişib.
Xəbərdə bildirilir ki, Şamama Əliyeva üç uşaq anasıdır. Böyük oğlu həqiqi hərbi xidmətdədir.



İlahiyyatçı Ağa Hacıbəyli “Sherg.az”a açıqlamasında bildirdi ki, insanın özünə qəsd etməsi dinimizdə haram sayılır:

-Təəssüf ki, dini maarifçilik yetərli səviyyədə deyil. İnsanlarımız islam dininin nəyi qadağan, nəyi təqdir etdiyini, nəyin haram, nəyin halal olduğunu bilmirlər. Özünə qəsdin məqbul sayıla biləcəyi hallar da var. Məsələn, insan düşmənə əsir düşürsə və bu zaman bildiyi hansısa sirrin açılmasının qarşısını almaq gərəkirsə, çarəsizlikdən bu vəziyyətdə özünə qəsd yolu seçilə bilər. Amma bu da var ki, əsgərin əgər bircə gülləsi qalıbsa, sonadək döyüşməlidir, ümidini itirməməlidir. Bizim Qarabağ savaşında mənfur ermənilərə əsir düşən gəlinlərimiz-qızlarımız iffətlərini qorumaq üçün özlərinə qəsd ediblər. Özünə qəsd üçün əsaslı bir səbəb olmalıdır.

Ağır xəstəlik, ağrı-acı çəkmək özünə qəsd üçün heç bir halda nə əsas, nə də səbəb ola bilməz. Dinimiz bizə baş verən fəlakətlərə səbirli olmağı tövsiyə edir. Rəbbimiz səbr edənləri cənnətlə müjdələyir. Ona görə də baş vermiş hansısa kədərli hadisəyə görə, xəstəlik səbəbindən özünə qəsd edilməsi haram sayılır. “Qurani-Kərim”də peyğəmbərlərə üz vermiş fəlakətlər, xəstəliklərlə bağlı xeyli sayda qissələr var. Həzrət Əyyubun əhvalatı, Həzrəti İbrahim, Musa peyğəmbər, Yusif əleyhissalamın həyatı dözüm və səbr rəmzləridir.

Dini maarifləndirmə lazımi səviyyədə olsa, insanlarımız halal və haramı bir-birindən ayırar və bu məsələlərdə şərtləri gözardı etməzlər. Məsələn, Allah-təala donuz ətini haram buyurub. Lakin burda incə bir məqam var; zərurət (!) yarandığı halda donuz ətindən istifadə günah sayılmaz. Zərurət dedikdə, toyda, evdə, hansısa başqa yerdə, hansısa həlli mümkün olan şərtlər daxilində donuz ətinin yeyilməsi nəzərdə tutulmur.

Zərurət insan həyatı üçün təhlükəli məqamın yetişməsidir, məsələn, qidalanmağa başqa bir şey yoxdur, insan donuz ətindən yeməzsə ölə bilər kimi hallardır. Özünə qəsdi də haramdan halala çevirə biləcək incə bir çizgi vardır – namus, iffət, dövlət sirrinin qorunması və ya, döyüş zamanı məlumatların düşmən əlinə keçməməsi. Amma insanın ağrı-acıya dözməyərək, ümidsiz bir halda intihara əl atması, yaxud maddi ehtiyac üzündən özünə qəsdə qalxması əlbəttə, haramdır. 



Həkim-terapevt Şahvələd Məmmədov özünə qəsd edən xanımın psixoloji-depressiv vəziyyətdə olduğunu təxmin edir. “Sherg.az”a açıqlamasında Ş.Məmmədov xəstələrə psixoterapiya müalicəsinin vacib olduğunu dedi:

-  Güman edirəm ki, bu xanımın intihara cəhd etməsi iradə zəifliyindən irəli gəlib. Hazırda, nəinki bizdə, ümumiyyətlə dünyada onkoloji xəstəliklər artıb. Ətrafımızda hər 5-10 adamdan biri onkoloji xəstədir. Amma yaşayırlar, işləyirlər, ümidlərini itirmirlər, gələcəyə ümidlə baxırlar. Sağalacaqlarına özlərini inandırırlar. Nahaq yerə demirlər ki, xəstəliyin müalicəsində 2 tərəf iştirak edir – həkim və xəstənin özü. Xəstə inamlı, ümidli, özünə güvənən olduqda həkimin müalicəsi daha tez effekt verir. Ən əsası xəstənin psixoloji durumu müsbət olur, bu da insanın həyat sevgisi üçün başlıca şərtdir. Onkoloji xəstəliklərlə bağlı hazırda sakitləşdirici, ağrıkəsici müxtəlif dərman preparatları var.

20-ci əsr deyil ki, xəstələr ağrıdan qıvrılsın. Kəskin ağrıları azaltmağın üsulları mövcuddur. İntihar edən qadın isə, düşünürəm ki, psixoloji-depressiv sarsıntı halında olub. Bəlkə o qədər ağrıları olmayıb, nə qədər ki psixoloji sarsıntı keçirib. Belə məsələlərdə həkim də professional olmalı, xəstəni ümidləndirməyi bacarmalıdır. Məsələn, ABŞ-da hansı xəstəliyi varsa, adamın üzünə deyirlər. Səndə bu, xəstəlikdir.

Amma bizdə fərqlidir. Bizdə hesab edilir ki, insana xəstəliyi barədə dəqiq məlumat vermək onu sarsıda bilər. Bu iki metodla bağlı hələ də mübahisələr aparılır. Bir şey dəqiqdir ki, xəstə təkcə tibbi müalicə üsulları, dərman preparatları ilə deyil, eyni zamanda psixoloji yardım da almalıdır. Həm psixoterapevt tərəfindən, ondan da artıq öz evindəkilər, ailəsi tərəfindən. Ailənin dəstəyi belə ağır vəziyyətlərdə əvəzolunmazdır.      

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu