20 illik acı: Zəlzələdə yaxınları itkin düşənlər ümidlə gözləyirlər“Qızım ölmədi, yaşayır”

17 avqustda Türkiyədə baş verən, tarixə “Mərmərə zəlzələsi” kimi düşmüş güclü zəlzələdə ölənlər qəlblərə basdırılsa da, itkinlərin yaxınlarının acısı hələ də təzədir. “Uşaqlarımızın ürəyi hardasa döyünür” deyən ailələr, dövlət qurumlarından, səlahiyyətlilərdən axtarışlara dəstək istəyirlər

Qeyd edək ki, bu gün “Mərmərə zəlzələsi”nin üzərindən tam 20 il keçir. 1999-cu ilin avqustun 17-də baş verən o qara gündə, rəsmi rəqəmlərə görə, 17 min 480 nəfər ölüb, 48 min 901 nəfər isə yaralanıb. 285 min tikilidə dağıntı baş verib, təxminən 500 min nəfər evsiz qalıb. Zəlzələdə yaxınlarının meyitini tapanlar şanslı sayılırdı. Çünki, yüzlərlə şəxsdən zəlzələ sonrasında heç bir xəbər alına bilməyib. 

Sherg.az bildirir ki, 20 ildir ümidlə gözləyən və yaxınlarının yaşadığına inanan Ağtürk, Qaramərt və Əmir ailələri yaşadıqlarını “Milliyət”ə danışıblar. 

“Qızım hələ də yaşayır”

 
Kənan Əmir zəlzələdə itirdiyi qızı Hicranı 20 ildir bezmədən, yorulmadan axtarır. Hadisədə oğlu, gəlini və üç nəvəsi ölən 72 yaşlı Əmir itkin düşən qızını ölənə qədər axtaracağını deyib: “Zəlzələdən sonar Hicranımı tapa bilmədim. Səlahiyyətlilərin hamısına illərdir ki, məktub göndərirəm.  Amma heç bir nəticə olmadı. Mən övladımın yaşadığını düşünürəm. Ən azından qəbirlər açılsa, cəsədini tapa bilsəm ümidimi kəsərəm. Deyilənə görə zəlzələ gecəsi qızım başından ağır zərbə alıb. Beyin cərrahları ilə danışdım. Keçmişi xatırlaması üçün böyük şök keçirməsi gərəkir. İnanıram ki, bizi tapa bilmir. Qızım ölmədi, bunu içimdə hiss edirəm”.

“Öldüyü isbatlanmalıdır ki, mənim ümidim bitsin”


Zəlzələdə 7 yaşındakı qızı Gözdəni itirən və hələ də yaşadığına inanan Nilgün Qaramərt isə bunları deyir: “Qızımı bir leytenant boş ərazidə tapıb. Sapsağlam xilas edilib. Amma bir daha onu görə bilmədik. Daha sonra həmin leytenant bizi tapdı. Qızımı xilas etdiyini, amma xəstəxanada itirdiyini söylədi. Haradadır, bilmirik. Qızımın ürəyi hardasa döyünür, bunu bilirəm, hiss edirəm. Öldüyü isbatlanmalıdır ki, mənim ümidim bitsin. DNA testləri üçün nəyə görə bu qədər gözlədilirik?! Bir kitab yazmışam, Bu kitab Gözdəyə mirasımdır. Əgər qızımı tapa bilmədən ölsəm, “anam, atam məni heç axtarmadılarmı?” – deyə şübhəsi olmasın deyə yazdım o kitabı. 

“Darıxmağı da unutdum”


50 yaşındakı Qəmzə Ağtürk isə qardaşı Zəfər Qutluəri axtarır: “Zəfərin zəlzələdən sonar ölü ya da diri olması haqqında xəbər ala bilmədim. Həmin zaman Gölcük rayonunun icra nümayəndəsi, Kocaeli valise və rayon prokurorunun birgə qərarı ilə məndən icazə alınaraq “17 Avqust Qəbristanlığı”ndakı 31 kimsəsiz məzarın 14-ü açıldı. Amma həmin cəsədlərdən heç biri qardaşıma aid çıxmadı. Sonra bu proses dayandırıldı, başqa itkin yaxınlarından DNA testi edilmədi. Halbuki verilən sözlər belə deyildi. Bütün kimsəsizlər test ediləcəkdi. İllərdir ki, dövlət səlahiyyətliləri bununla bağlı bir arpa boyu yol qət edə bilmədilər. Artıq darıxmağı da unutdum. Qardaşımın öldüyü isbatlanmadığı müddətdə, mən onun yaşadığına inanacam”. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu