Qardabanidə Azərbaycan məktəbləri təmir olunur

Gürcüstan hökuməti bölgələrdə təhsilin inkişafı, eləcə də məktəblərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Planda yeni məktəblərin tikintisi, mövcud təhsil ocaqlarının təmir-bərpası da nəzərdə tutulub. Hökumətin planında azərbaycanlıların yığcam yaşadıqları bölgələrdəki məktəblərin də təmiri nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, artıq Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda iki ictimai məktəbdə təmir-bərpa işlərinə başlanılıb.

Bunlar rayonun Sartıcala 2 saylı kənd orta məktəbi və Muğanlı kəndindəki Azərbaycandilli məktəblərdir.

Hər iki məktəbdə qapı və pəncərələr yeniləri ilə əvəzlənir, yeni dam örtüyü quraşdırılır və sanitar qovşaqları yaradılır.

Sartiçala məktəbinin bərpasına 156 897 lari, Muğanlı məktəbinin təmir-bərpa işlərinə isə 289 465 lari vəsait ayrılıb.

Təhsil müəssisələrində yenidənqurma işlərinin yeni tədris ilinin başlamasına qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Muğanlı kənd məktəbində 500-ə yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur. Məktəb uzun illər təhsilə yararsız vəziyyətdə fəaliyyət göstərib. Üçmərtəbəli təhsil müəssisəsi 40 ildən artıqdır istifadəyə verilsə də, bu günə qədər binada əsaslı təmir işləri aparılmayıb.

Rayondakı digər Azərbaycan dilli məktəblərin təmiri planlaşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu