Yerevan odla oynayır: "Ermənistan savaş arzulayırsa, Azərbaycan "Aprel döyüşləri"ni təkrarlaya bilər”

Azərbaycan Dövlət Sərhəd Xidmətinin qüvvələrinin Ermənistanla sərhədin Qazax rayonu istiqamətində irəliləməsi və yeni strateji, taktiki mövqelər tutması açıqlanandan sonra düşmən ölkədə də hərəkətə keçiblər. Erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryan özünün Facebook səhifəsində “Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olduqlarını” yazıb.
Yegizaryanın sözlərinə görə, bununla da erməni hərbçiləri nəinki azərbaycanlıların qaz kəmərini və Gürcüstan-Ermənistan avtomobil yolunu nəzarətə almaq cəhdinin qarşısını alıblar, eləcə də Azərbaycan-Gürcüstan şosse yolunu nişangaha götürə biliblər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib ki, erməni tərəfinin təbliğat məqsədi ilə yaydığı bu məlumatların heç bir əsası yoxdur:
“Tam fərqli olaraq Azərbaycan ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif çaplı silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır.Erməni tərəfinin yaydığı bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara, xüsusən də inananlara acı təəsüf hissi ilə yanaşırıq”.
Ermənilərin növbəti sərsəm bəyanatı ilə bağlı Sherg.az-a danışan politoloq Azər Rəşidoğlu bildirib ki, Ermənistan rəhbərliyinin özü Qarabağı işğal etdiyini etiraf edib:
“İrəvan faktiki olaraq, danışıqlar prosesindən çıxdığını bəyan edib. Paşinyan açıq deyir ki, müharibə ilə əldə etdikləri əraziləri danışıqlar yolu ilə qaytarmayacaq. Bu, faktiki olaraq, savaşa çağırışdır. İrəvana savaş üçün bəhanə lazımdır və odur ki, beynəlxalq ictimai rəyi aldatmaq üçün Bakını ittiham edir. Bakı ermənilərin sərsəmliyinə fikir vermir. Lakin Ermənistan savaş arzulayırsa, Azərbaycan “aprel döyüşlərini” təkrarlaya bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu