İrəvan xanları nəslinin nümayəndəsi Bakıya gəlib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub.

Tarix İnstitutundan verilən məlumata görə, Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. O, Bakıya “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin dəvəti ilə gəlib. Hazırda Almaniyada yaşayır, ixtisasca mühəndisdir.

Görüşdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qonağa elmi müəssisədə aparılan araşdırmalarla bağlı geniş məlumat verib.

Görüş zamanı qeyd edilib ki, Azərbaycan həqiqətləri müxtəlif yollarla dünya ictimaiyyətinə çatdırılır və xarici ölkələrdə yaşayan azərbaycanlıların, xüsusilə də diaspor təşkilatlarımızın birgə fəaliyyəti isə olduqca vacibdir. Elmi Şurada İrəvan xanları nəslinə mənsub olan ailələr, onların ayrı-ayrı nümayəndələri haqqında məlumatların toplanılması və elmi dövriyyəyə gətirilməsi ilə bağlı razılıq əldə olunub.

Elmi Şuranın iclasında Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, institutun şöbə müdirləri Ədalət Qasımov, Mais Əmrahov və Allahverdi Əlimirzəyev, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Nədimə Rəhimli də iştirak ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu