Şəmkir olayı SOS siqnalıdır: Münaqişəli ailələr aidiyyəti orqanlar tərəfindən nəzarətə götürülməlidir

Hüquq müdafiəçisi: "Bir dəfə qadınına yüngül əl qaldıran kişi, ikinci dəfə bir az da sərt davranır"




Şəmkirdə əri tərəfindən yandırılan qadın ölüb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, əri tərəfindən yandırılan və bədəninin 70 faizi (4-cü dərəcəli) yanan qadın kritik vəziyyətdə Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıbmış. 24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, aldığı xəsarətlərdən dünən dünyasını dəyişib. Xatırladaq ki, avqustun 18-i Şəmkir rayonu, Sarıtəpə kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2017-ci il təvəllüdlü Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqov avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq, ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə  benzin gətirib. E.Sadıqov benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb. Nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqov ölüb, M.Məsimova və S.Məmmədova isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub. E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
“Təmiz Dünya” Qadınlara Yardın İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında münaqişəli ailələrin aidiyyətli orqanlar tərəfindən nəzarətə götürülməli olduğunu dedi
- Münaqişəli ailələrlə işin aparılması, belə ailələrə daimi səfərlərin təşkil edilməsi çox vacibdir. Bu ailələr nəzarətə götürülməli, həm kişi, həm qadın, həmçinin uşaqlarla müəyyən profilaktik işlər aparılmalı, münaqişəni yaradan səbəblər aşkarlanmalı və mümkün həll variantları tapılmalıdır. Görülən tədbirlərin keyfiyyətli olması üçün davamlılıq çox vacibdir. Çünki münaqişəli ailələr potensital risk qrupudur və biz bunun faciəli sonluqlarını görürük. Boşanmalar, ailədə parçalanma, uşaqların psixologiyasında pozğunluqlar, uşaqların ailədən soyuması, valideynlərə inamsızlıq, uşaqların ailədən qopmaları, qadınların insan alveri qurbanına çevrilməsi… bütün bunların mənbəyi ailədaxili zorakılıqla qoyulur. Ailədə kiçik münaqişələr, getdikcə böyüyür. Bir dəfə qadınına yüngül əl qaldıran kişi, ikinci dəfə bir az da sərt davranır, getdikcə isə döyülmələr, dava-dalaş artıq adi yaşam tərzinə çevrilir. Sonunda isə ya boşanma, ya da qətl hadisəsi baş verir. Nə qədər belə hadisələrin şahidi olmuşuq ki, ər arvadı, yaxud da qadın ərini qətlə yetirib. İnsan alveri də burda mütləq diqqətdə saxlanmalıdır. Çünki çox zaman məhz ailə münasibətləri pozulmuş, ailədə zorakılığa məruz qalmış qadınlar insan ticarətinin qurbanına çevrilir. Ona görə də ailə münaqişələrinin həllinə lap başlanğıcdan – gənc ailə qurulan zaman başlamaq lazımdır. Gənc ailədə vəziyyət gərgin hal alırsa, bunun səbəbləri tapılmalı və münaqişə həll edilməlidir ki, gərginlik artmasın, böyüməsin. Burada da qadın və kişinin doğmaları, yaxınları əsas rol oynayır. Qayınana da, qayınata da vəziyyətin yüngülləşməsinə xidmət etməlidir, daha odun üzərinə yağ tökməməlidirlər. Təəssüf ki, boşanmaların sayınınartmasında da, ailə münaqişələrində də biz valideynlərin barışdırıcı deyil, qızışdırıcı mövqedə dayandığını görürük. Münaqişəli ailələrlə ciddi iş aparılmalıdır. Bu işdə yerli orqanlar kənarda qalmamalıdır. Hər bölgədə hansı ailədə vəziyyət necədir, yerli əhali də bilir, yerli orqanlar da. Yerli əhali də işə cəlb edilməlidir, yerli orqanlar da. Dövlət orqanları ictimai təşkilatlarla sıx əməkdaşlıq etməlidir, fəal qadlınlardan ibarət xüsusi qrupların yaradılması da işin xeyrinə olar. 

M.Zeynalova qeyd etdi ki, bosanmaq hələ təhlükədən xilas olmaq deyil
- Əksər ölkələrdə eləcə də bizdə bəzən məhz boşanmış qadınların  keçmiş yoldaşları tərəfindən xəsarət  və qətlə yetirilmə halları baş verir. Bunun üçün  bizim ölkədə  mühafiz orderinin tətbiqi nəzərdə tutulub. Lakin qeyd edim ki, mühafizə orderi də təhləksizlik üçün tam təminat yaratmır. Bəs nə etməli?İlk növbədə polis  təhlükə olduğu bildirilən şikayətlərə daha həssas yanaşmalıdır.Buna görə də qanunvericiliyin təkmilləşməsinə ehtiayc var. Əgər polisin həmin şəxsi qorumaq üçün basqa vasitələri mövcud deyilsə, şəxslə bağlı profilaktik, inzibati və ya digər qanunvericilik imkanlarını tətbiq edənədək qadını sığıanacağa yerləşdirməlidir. Lakin təssüf ki, qanunvercilik hələ də real xəsarət almayanlarla bağlı cəza tədbirlərini görmək imkanı vermir. Bəzi hallarda inzibati tədbirlər də təhlükəni tam aradan qaldırmır. Bu yalnız tərbiyəvi söhbətlərlə kifayətlənməklə bitir. Lakin elə aqressor ərlər var ki, onların davranışı söhbətlə yekunlaşmır. Hazırda ölkədə elektron qandal sisteminin tətbiqi başlayıb. Düşünürəm ki, məhz bu cür təhlükəli vəziyyətlərdə qətllərin qarşısını almaq üçün, məişət zorakılığı ilə mübarizədə onun tətbiqi ən yaxşı vasitədir. Və eləcə də şəxslər onları təqib edən, hədələyən adamlardan gizlənmək üçün ad-soyadını, yaşayış yerni dəyişməklə bu qətllərdən xilas ola bilər. Təssüf ki bu da paraktikada demək olar ki, tətbiq edilmir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu