“Kölgə iqtisadiyyatı” sıfır, vergilər yığılır, verməyənlər cəzalanır: Kərimli isə narahat

“Relaks” olayı və deputat İqbal Məmmədovun oğlu və qohumlarının həbsi bilirsinizmi hansı həqiqəti ortaya qoydu? Kimliyindən asılı olmayaraq hamı bilməlidir; dövlət var, dövlətin qanunları var və bunlar müqəddəsdir. Bu müqəddəsliyə əl uzadanın da cəzası var.  

Dünən dövlətin məmuruna əl qaldıranlar ilkin araşdırmadan sonra dərhal saxlanıldılar. “Relaks” mövzusu dünən doğrudan da sosial şəbəkələrdə trend idi. Dövlətin məsələyə operativ reaksiyası isə bu olaya hansısa bir don geyindirməyə imkan vermədi.
Amma di gəl ki, qaraguruh yenə də dinc durmadı. Əli Kərimli sanki pusquda dururmuş kimi dərhal trol ordusunu səfərbər edib hücuma keçdi. Məsələni siyasiləşdirməyə cəhd etdi, hakimiyyətə qarşı çevirmək niyyətinə düşdü. Amma effekt vermədi. İdeoloji mübarizədə ən primitiv üsullardan istifadə edən Kərimli və dəstəsinin bir də onda anladı ki, günahkarlar cəzalarını alıblar. Bir dostumuzun dediyi kimi "Relaks" hadisəsinə görə hakimiyyəti tənqid etmək yox, hakimiyyətə minnətdarlıq bildirmək lazımdır. Bəli, vergidən yayınan bir şəbəkənin iç üzü açıldı və qanunların pozulmaz olduğu sübut edildi. Deputatın oğlu tutulub. Bəs tutulmasaydı necə olacaqdı? Yazacaqdılar ki, ölkədə özbaşınalığa dur deyən yoxdur. Obyektiv olmaq vacibdir. Vergidən yayınma halının qarşısı alındı, xuliqanlıq hadisəsinə hüquqi qiymət verildi. Belə münasibəti alqışlamaq daha doğru yanaşmadır.
Hə, Kərimli və 5-6 nəfərlik komandası onu da anlamalıydı ki, artıq “kölgə iqtisadiyyatı” sıfır vəziyyətinə düşüb, vergidən yayınma hallarına son qoyulmaqdadır, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi istiqamətində ciddi addımlar atılıb.
Kərimli ölkənin vergi siyasətinin hansı templə və şəffaflıqla aparıldığını da gözəl bilir. O və əsabələri gözəl bilir ki, bu ilin I yarısında Vergilər Nazirliyi icmal büdcəyə 4,954 milyard manat vəsait təmin edib.
Bunun 3,633 milyard manatı vergi və dövlət rüsumlarıdır, 1,321 milyard manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır. Bu, müvafiq olaraq 108,8% vergilər üzrə və müvafiq olaraq 112,5% və 116% məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir.
Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb. Bu, 2018-ci ildəki 65,8%-lə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3% təşkil edib. Qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77% özəl sektor tərəfindən təmin edilib. Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıb. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektoruna aiddir.  
Bu ilin əvvəlində Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində çox gözəl vurğulamışdı: “Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar".
Nəticə çıxarmayanların sonu isə belə olur.
Səbuhi Məmmədli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu