Erkən nikah bəlası bitmir: Sənədsiz körpələrin sayı hər il artır - AKTUAL

Mehriban Zeynalova: "Bizim təşkilata hüquqi yardım üçün müraciət edən qadınlar var ki, məhz kəbin kağızı təqdim edirlər"


Ağdaş rayonunda nikah yaşına çatmamış 3 qızın – 2-si 16, biri 15 yaşında, subay olduqları halda hamilə qalmaları xəbəri cəmiyyətdə ajiotaj yaradıb. Report-un xəbərinə görə, 2003-cü il təvəllüdlü K.Ş., 2002-ci il təvəllüdlü A.Ə. və 2003-cü il təvəllüdlü S.F. Ağdaş Rayon Mərkəzi Xəstəxanasına hamiləliklə müraciət edib


Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Məsələ ilə bağlı “Şərq”ə danışan “Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova bidirdi ki, qanunlara saymazyana münasibət bu gün erkən nikah probleminin çözülməsinin qarşısını alır

- Həmişə deyilib ki, kəbin kəsilərkən nikah şəhadətnaməsi tələb olunur. Neçə ildir bunu deyirlər, amma reallığa baxanda, fərqli situasiya görünür. Sənədsiz, doğum haqqında şəhadətnaməsi olmayan körpələrin sayı hər il artır. Səbəb də budur ki, valideynlərin nikah şəhadətnaməsi olmadığından körpə üçün hər hansı sənəd almaqda çətinlik çəkirlər. Bəzən ananın əlində yalnız kəbin kağızı olur. Bu sənəd isə rəsmi hesab edilmədiyindən uşağa yaş kağızı verilmir. Düzdür, nikah şəhadətnaməsi olmadan kəbin kəsilməsinə bir qədər məhdudiyyətlər qoyulub. Bir az çəkingənlik var. Amma ümumiyyətlə, qadağalara saymazlıq daha çoxdur. Xüsusən də bölgələrdə. Belə olmasaydı, erkən nikahların sayı artmazdı. Nikah kağızı olmadan kəbin kəsilməsinin ən birinci sübutu erkən nikahlardır. Nikah yaşına çatmamış qızları məhz kəbinlə evləndirirlər. Rəsmi nikah olmadan kəbinə qoyulmuş qadağaya riayət edilsəydi, məhkəmələrə uşağın atasının müəyyənləşməsi, qeydiyyat, aliment, əmlak məsələləri ilə bağlı çoxsaylı şikayətlər daxil olmazdı. Amma bunlar hamısı var. Bizim təşkilata nə qədər qadınlar müraciət edir ki, ata uşağa soyadını vermir deyə, yaş kağızı ala bilmirik. Belədə uşağın şəxsiyyəti müəyyənləşməmiş qalır, uşaq nə bağçaya gedə bilir, nə də məktəbə. Tənha ana aliment də ala bilmir. Bəzən qadını evdən çölə atırlar, o isə əmlak üzərində hüquqlarını təsbit edə bilmir. Problemlər nə qədər desən çoxdur. Şəxsən bizim təşkilata hüquqi yardım üçün müraciət edən qadınlar var ki, məhz kəbin kağızı təqdim edirlər. Nikah şəhadətnaməsi təqdim edilməmiş onların kəbinin kim kəsib? Problemi dərinləşdirən həm də bu amildir ki, qanunsuz olaraq kəbin kəsən din xadimləri məsuliyyətdən kənarda qalır. Axund, molla kəbini kəsir, bununla da işini bitmiş hesab edir. Sonrası necə olacaq, bu insanlar dini kəbin qaydalarına əməl edəcəkmi, daha bununla maraqlanan, məsuliyyəti üzərinə götürən yoxdur. İslam dininin qaydalarına görə, kəbin kəsilərkən qadına mehr verilməlidir. Hansısa məbləğdə qızıl, qiymətli əşya və s. Kəbinin də öz qayda-qanunları var, bildiyim qədər. Gəlin görək, boşanma olduqda dini kəbinlə evlənmiş kişi kəbin pozulması qaydalarına əməl edirmi? Bu insanın kəbinini kəsmiş axund onun qarşısına tələblərə riayət olunması şərtini qoyurmu? Kəbinlə evlənirlərsə, birincisi, kəbin qaydalarına uyğun evlənsinlər, boşananda, ayrılanda da yenə kəbin qaydalarına əməl etsinlər. Din xadimləri bunu təmin edə bilirmi? Reallıq göstərir ki, yox. Dini kəbinlə evlənmiş qadın kişi tərəfindən faktiki küçəyə atılır. Uşaq da atasız hesab edilir.
 
M.Zeynalova qeyd etdi ki, nə qədər iş aparılsa da, maarifləndirici tədbirlər, toplantılar keçirilsə də, qanun pozucuları cinayət məsuliyyətinə cəlb edilmirsə, bunun qarşısını almaq mümkün olmayacaq:

- Qanunla erkən nikaha təşəbbüs və onun təbliği cinayət əməlidir. Cəzalanma yoxdursa, artıq cəmiyyətdə belə yanlış fikir formalaşır ki, qanunu pozmaq olar. Biri cəzalanmayıbsa, deməli, biz də eyni hərəkəti təkrarlaya bilərik. O zaman dövlətin və ictimai təşkilatların da erkən nikaha qarşı apardığı mübarizənin effektivliyindən danışa bilmirik. 
Nikahdankənar doğulan uşaqların sayının artmasında erkən nikahların rolu danılmazdır. Rəsmi nikahın bağlanması qanunsuz olduğundan, adətən belə hallarda nikahdankənar övladlar dünyaya gəlir. Bəziləri nikah şəhadətnaməsini uşaq olduqdan sonra da almadıqlarından, uşaqlarının 6 yaşı tamam olduqda məktəbə göndərə bilmirlər. Və beləcə küçə uşaqlarının sayı artır. Təhsil almayan uşağı isə gələcəkdə hansı problemlərin gözlədiyi isə bəllidir. Ya dilənçilik edəcək, ya oğurluq, daha dəhşətlisi, hansısa cinayətkar qrupun toruna düşəcək. Küçə uşaqlarını əksər hallarda nikahdankənar doğulanlar təşkil edir. 


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu