Meyvə-tərəvəzin qiyməti "əl yandırır" - Hökumət yarmarkalarda bahalığın qarşısını ala bilər

"Qiymətləri endirmək lazımdır. Yayın ortasında iki manata kartof olmaz". Bu sözləri baş nazirin müavini Əli Əhmədov, kənd təsərrüfatı naziri İnam Kərimovla “Yaşıl bazar"dakı qiymətlərlə maraqlanarkən deyib. Nazir müavini bildirib ki,  bazarda satılan məhsulların qiyməti süni olaraq bahalaşdırılır.
Həqiqətən də bazarlarda qiymətlər "əl yandırır". Nəyəsə əl uzatmaq istəyirsən, qiyməti eşidəndə əlini geri çəkirsən. Ötən ay pomidor şoku yaşandı, indi də kartof-soğan. Meyvələrdən danışmaqsa artıq mənasızdı. Bəs kartof-soğana nə gəldi belə?
İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında qiymətləri bazarın təyin etdiyini dedi:
Bazar iqtisadiyyatında qiymətləri bazar müəyyənləşdirir. Əgər satıcılar öz aralarında sövdələşib “bu məhsulu filan qiymətdən aşağı satmayacağıq” deyə sözü bir yerə qoyursa, bunu dövlət orqanı müəyyənləşdirib, qarşısını almalıdır. Amma mən hesab etmirəm ki, hazırda hansısa məhsulla bağlı belə bir sövdələşmə olsun. Çünki satıcı həmişə çalışır ki, məhsulunu tez satsın. Kartof isə elə bir məhsuldur ki, burada sövdələşmə baş tutan iş deyil. Kartofun çox satıcısı var. Hamını bir yerə yığıb sövdələşmə aparmaq mümkün deyil. Qiymətləri formalaşdıran amillər, birincisi, malın maya dəyəri, ikincisi, məhsulun bol və ya qıt olması, üçüncüsü, topdan satış nöqtələrindəki qiymətlərdir. Məncə, hökumət rəsmiləri topdansatış mərkəzlərinə getsələr, daha əsaslı nəticə əldə olunar. Bazardakı qiymət yüksəkdirsə, deməli, bundan aşağı qiymətə sata bilmirlər. Bazarda qiymətlərin enməsini təmin etmək üçün, uğurlu variantlardan biri də kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını təşkil etməkdir. Deyəcəksiniz ki, təşkil edilir. Amma bu yarmarkalarda keyfiyyətli məhsul gətirilirmi? Alıcılar çox zaman narazı qalır. Yarmarkada 3, 4 kiloqramı 1 manata satılan məhsullar olur ki, alıb evə aparanda görürüsən ki, yarısı çürüyə çıxdı. Yenə gəlib bazar qiymətinə düşür. Hökumət yarmarkalarla qiymət bahalığının qarşısını ala bilər, əgər oranın yaxşı, təzə məhsulla təminatı həyata keçirə bilsə. 
İqtisadçı əlavə etdi ki, regionlarda istifadə edilməmiş əkin, bostan sahələri var. Sahibkarlara, fermerlərə şərait yaradılmalıdır ki, təsərrüfatla məşğul olsunlar ki, bolluq yaransın:
Kəndli evini, torpaq sahədini qoyub gəlıib şəhərdə dönər satır. Fermerlərə şərait yaradılmalıdır ki, təsərrüfatda işləsinlər. Bunun üçün də kəndlinin mülkiyyət hüququ qorunmalıdır. Kənd təsərrüfatı çox həssas sahədir. Sahibkarın, fermerin hüququ vaxtında qorunmasa, ziyana düşəcək və növbəti il daha heç nə becərməyəcək. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu