Birinci sinifə gedəcək uşaqlar: Onlar ciddi həkim müayinəsindən keçirilməlidirlər - AKTUAL

İlk dərs günü anasının ətəyini buraxmayan, ağlaya-ağlaya sinif otağında əyləşən uşaqlar az deyil. Bunun başlıca səbəbi uşaqlarda məktəb haqqında heç bir məlumatın olmamasıdır.  Bu günlərdə pediatr Vaqif Qarayev 6 yaşlıları da psixoloji baxımdan məktəbə hazırlamağın vacibliyini vurğulayıb. Sosial şəbəkədə paylaşdığı statusda həkim 6 yaşlıların məktəbə hazırlığından yazıb

- Uşaqları psixoloji baxımdan hazırlamaq lazımdır ki, əvvəlcədən məktəb haqqında təsəvvürü olsun. Əks halda uzun müddət adaptasiya oluna bilmirlər. Uşaqları tibbi müayinədən keçirtmək də vacıbdi ki, görmə, eşitmə qabiliyyəti yoxlanılsın. Qamət pozğunluğu aşkar olunsun. Bəzi analizlərin (ümumi qan, nəcisdə qurd yumurtaları) verilməsi də faydalıdı və lazımdı.
Valideyn borc-xərc, çalışıb uşağının məktəb hazırlığını tamamlayır. Amma göründüyü kimi təkcə məktəb ləvazimatlarının alnması ilə iş bitmir. Ondan daha vacibi sağlamlıq məsələsidir. 

Təəssüf ki, bəzi valideynlər birincilərin tibbi arayışların alınmasına səhlənkar yanaşır. Uşağın sənədləri tez düzəlsin, məktəbə tez yazdırılsın deyə, poliklinikalarda tibbi arayışı bəzən yoxlama, müayinə aparılmadan əldə edirlər. Sonra isə problemlər ortaya çıxanda günahkar tapılmır. Valideynlər bilməlidir ki, dəftər-kitabdan, bahalı məktəb çantasından daha önəmlisi uşağın səhhəti və onun tibbi və fiziki baxımdan məktəbə nə dərəcədə hazır olmasıdır. Bunun üçünsə, çox şey tələb olunmur. Sadəcə, valideyn bir az özünə əziyyət verib uşağı həqiqətən həkim müayinəsindən keçirməlidir.  
Təhsil ekspertləri uşaqların məktəbə hazırlığı ilə yanaşı, məktəblərin də uşaqları qəbul etməyə hazır olmaları üzərində dayanırlar. Burada, nə təmir işləri, nə məktəb avadanlıqlarının köhnəliyi, yaxud təzəliyi deyil, daha əsas - məktəblərin sanitary-gigiyenik baxımdan yeni tədris ilinə hazırlığı nəzərdə tutulur. Məsələn, Türkiyədə tədris ilinə hazırlıqlara məktəblərin sinif otaqlarının dezinfeksiya edilməsi də daxildir. Xüsusi geyimli şəxslər dezinfeksiya dərmanları ilə sinif otaqlarını, oturacaqları dərmanlayırlar. Bizdə də bu işlərin aparılması vacibdir. Orta məktəblərdə dezinfeksiya işlərinin aparılması məcburi xarakter daşımalıdır. Çünki orta ümumtəhsil məktəblərində iaşə xidmətinin göstərilməsinə dair Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar mövcuddur. Təsdiqlənmiş «Qaydalar»a əsasən ölkə üzrə fəaliyyət göstərən 4472 orta ümumtəhsil məktəblərinin hər birində dezinfeksiya işləri mütləq aparılmalıdır. Həm də təkcə yeni tədris ilinin başlanğıcında deyil, ildə bir neçə dəfə. Dezinfeksiya işlərinin aparılması məktəbin yerləşdiyi regiondan asılıdır. «Qaydalar»da rütubətli, quru, dağlıq, dağətəyi, aran zonalarındakı məktəblərlə bağlı göstərişlər də var. Məktəblərdə dezinfeksiya işlərinin aparılması zonaların iqliminə, yerləşməsinə görə dəyişir. Elə yerlər var, orada məktəblər üç həftədən bir, elə yer var, beş həftədən bir dezinfeksiya edilir. Aran zonası ilə dağlıq zonalar fərqlidir. Şagird sayındakı fərq də dezinfeksiya işlərinin aparılmasına təsir edir. Əlbəttə ki, dezinfeksiya işlərinin aparılması vacibdir, zəruridir. Qurd xəstəlikləri əleyhinə, bakteriyalara qarşı bu işlər mütləq aparılmalıdır.

V.Qarayev də dezinfeksiya işlərinin aparılmasını zəruri sayır

- Xüsusilə məsələ kiçik yaşlı uşaqlar, ibtidai sinif şagirdləridirsə, sinif otaqlarının, dəhlizlərin, sanitar qovşağının, məktəb bufetinin, yeməkxananın, mətbəxin, aşbazxananın dezinfeksiya olunması mütləqdir. Uşaq orqanizmi hər cür parazitar xəstəliklərə, viruslara həssasdır. Fikir verirsinizsə, son zamanlar uşaqlarda qurd xəstəlikləri geniş yayılıb. Bunlar hamısı şəxsi gigiyena və ətraf mühitin təmizliyi ilə bağlıdır. Qripp viruslarının yayılmasının qarşısını almaq üçün də dezinfeksiya işlərinin aparılması zəruridir. Profilaktik tədbirlər mütləq həyata keçirilməlidir. Bəzən valideynlər dezinfeksiyaedici dərmanlardan ehtiyatlanır, amma nahaq. Dezinfeksiya məqsədilə istifadə olunan dərmanların tərkibində toksiki maddələr olmur. Bu cür dərmanlar 1-2 sutkalıq təsir mexanizminə malikdir və adətən dərslərin başlamasına bir neçə gün qalmış dərmanlama işləri bitir. Uşaqlar da rahat sinif otaqlarında əyləşə bilər. 
Həkim vurğuladı ki, məktəblərdə dezinfeksiya işlərinin aparılması öz yerində, valideynlər uşaqların gigiyenasına ciddi fikir verməlidir:
- Uşaq gigiyenası deyilən bir sahə var. Valideyn şəxsi gigiyena qaydalarını övladı məktəb yaşına çatanadək artıq ona öyrətməlidir. Gəzintidən evə qayıdanda, nahar etməzdən öncə əllərin sabunla yuyulmalı olduğunu uşaq lap kiçik yaşlarından bilməli və bunu vərdişə çevirməlidir. Valideyn uşağa aşılamalıdır ki, ətrafını təmiz saxlasın, yerə düşən qaşıqdan, çəngəldən yuyulmamış təkrar istifadə etməsin. Eləcə də hər hansı qida yerə düşübsə onu alıb yeməsin. Burda çox detallar var. Yaxşı olardı ki, ibtidai sinif otaqarında əllərin yuyulması üçün imkanlar yaradılsın. Çünki kiçik yaşlı məktəblilər adətən fasilədə sinif otağından çıxmır. Əyləşdikləri yerdə nahar edirlər. Düzdür, indi cürbəcür, həm quru, həm də nəm kağız dəsmallar var. Amma əllərin sabunla yuyulması ən yaxşı təmizlik vasitəsidir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu