XİN başçılarının görüşü: Məmmədyarov erməni həmkarından izahat istəməlidir

“Görüşün təfərrüatlarının nədən ibarət olacağı bilinmir. Əgər Ermənistan baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyirsə, görüşdə aparılacaq müzakirələr istər-istəməz sual altına düşür”.  Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib
Politoloq bildirib ki, Paşinyanın bəyanatından sonra Azərbaycan XİN həmsədr ölkələrə və beynəlxalq qurumların baş katiblərinə müraciət edərək baş nazirin bu cür çıxışlarının yolverilməz olduğu bildirib: 
“Müraciətin nəticəsi ilə bağlı ictimaiyyətə hələlik açıqlama verilməyib. Reallıq odur ki, Ermənistan təcavüzkar ölkədir və uzun müddətdir ki, torpaqlarımızı işğalda saxlayır. Belə məqamda Qarabağın hansısa idarəçiliyindən, oradakı ermənilərin müstəqillliyindən söhbət gedə bilməz. Əslində Paşinyanın bir müddət öncə gündəmə gətirdiyi “miatsum” məsələsi Azərbaycanın lehinə işləyirdi. Çünki dünya ictimaiyyəti Ermənistanın işğalçı olduğuna əyani şəkildə şahid olmaq imkanı əldə edirdi. Bu isə Azərbaycana imkan verəcəkdi ki, öz torpaqlarının azadlığı uğrunda müharibəyə başlasın”. 
Ekspertin sözlərinə görə, XİN rəhbərləri arasındakı görüşdə Elmar Məmmədyarov erməni həmkarından absurd çıxışların izahını tələb etməlidir
“Həmsədr ölkələrin Paşinyanın çıxışının ardınca heç bir mövqe sərgiləməməsinin səbəbləri izah edilməlidir. Artıq bu cür görüşlərdə hansısa təbəssümə, mehriban siyasi jestlərə ehtiyac yoxdur. Rəsmi Bakının reaksiyası çox sərt olmalıdır. Xüsusən, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın hansı mövqedə olduğunu görməlidir. Azərbaycan tərəfi bu cür təmaslardan heç bir nəticə gözləmir. Çünki İrəvan hökuməti görüşlərə formal olaraq qatılır və əlavə vaxt udmağa çalışır. Münaqişənin həllində vasitəçilik missiyasını icra edən həmsədrlər obyektiv mövqe sərgiləməzsə, onların təmsil etdikləri ölkələrin nüfuzuna ciddi zərbə dəymiş olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu