Yasamal məzarlığında qəbirlər nömrələnir:  Daha əvvəlcədən yer götürüb hasarlamaq olmayacaq

Kimsə illər öncə rəhmətə getmiş yaxınının harada dəfn olunduğunu öyrənmək istədikdə yerli bələdiyyə orqanına müraciət edərək qəbrin yerini tapa biləcək



Yasamal qəbiristanlığında qəbirlər nömrələnir. Yaşlı insanlar təəccüb edir “bir bu qalmışdı? Qəbirlər niyə nömrələnir” deyir, gənclər lağ-lağı edir: “Qəbirləri nömrələyirlər ki, ölülər “qaçanda” tutub geri qaytarsınlar”… Əlbəttə, bu, bir zarafatdır. Əslində isə Yasamal qəbirstanlığında qanunamüvafiq iş aparılır.   

Yasamal Bələdiyyəsinin məlumatında bildirilir ki, qəbirlərin nömrələnməsi elektron məlumat bazasının formalaşdırılması üçündür. Bu da gələcəkdə əhalinin xeyrinə olacaq. Kimsə illər öncə rəhmətə getmiş yaxınının harada dəfn olunduğunu öyrənmək istədikdə yerli bələdiyyə orqanına müraciət edərək qəbrin yerini tapa biləcək. Qəbirlərin nömrələnməsi bundan sonra vətəndaşların əvvəlcədən qəbir yeri götürüb hasarlamasının da qarşısını alacaq. Bu da aztəminatlı ailələrə bələdiyyələrin qəbir yeri ayırmasına çətinlik yaratmayacaq. 

Yasamal bələdiyyəsindən bildirilib ki, Yasamal qəbiristanlığı qəbirlərin nömrələnməsi prosesi üçün portallara bölünüb atrıq: 
“Bildiyiniz kimi, digər qəbiristanlıqlardan fərqli olaraq, Yasamal qəbiristanlığı paytaxtın ən böyük məzarlıqlarından biridir. 2018-ci il dekabrın 4-də “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” ərazi üzrə bələdiyyələrə həvalə edilib.
Qərara əsasən, Yasamal qəbiristanlığında məzarların nömrələnməsi prosesi artıq başlanıb. Məzarlığın bir neçə girişinin olduğunu nəzərə alaraq, avqustun 13-dən etibarən qəbiristanlıq ərazisi doqquz portala ayrılıb.
Ümumilikdə daha əvvəldən özünə dəfn üçün yer alan və hasarlanan 231 qəbir yeri (ümumilikdə 1200-dən çox qəbir) nömrələnib. Bu proses bütün qəbirlər nömrələnənə qədər davam edəcək”.
Bildirilib ki, nömrələnən qəbirlər haqqında məlumatlar elektron qaydada siyahıya alınacaq:
“Bəzi qəbirlər var ki, onlar çox baxımsız haldadır. Üzərindən yazılar belə silinib. Biz həmin qəbirlərin məlumatlarını (ad, soyad, doğum və ölüm tarixləri) bərpa edərək siyahı tərtib edirik. Nömrələnən qəbirlərin yanında vurulan kiçik qara lövhədə portalın nömrəsi, qəbirin nömrəsi, həmin sahədə neçə nəfərin dəfn olunması (ad, soyad, doğum və ölüm tarixləri) və daha neçə dəfn üçün qəbir yerinin mövcud olduğu qeyd ediləcək.
Məsələn, bir portalda birdən 10 minə qədər olan qəbir yerləşdiriləcək. Digər portalda isə 10 mindən 20 minə qədər qəbir yerləşəcək. Bu proses bəzən mərhumlarının harada dəfn olunduğunu unudan insanların da işini asanlaşdıracaq.
Elə insanlar var ki, ölkədə yaşamır və uzun illər ölən əzizinin məzarını ziyarət edə bilmir, yerini belə unudur. Sistemləşmə bu kimi problemləri həll edəcək. Burada milyonlarla qəbir var. Qarşıya qoyulan işlərin təxminən iki il ərzində yekunlaşmasını planlaşdırırıq”.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu