Paşinyan işğalçılığa haqq qazandırır: Ermənistan rəhbərliyinin bəyanatları müharibəyə təhrikdir

Anar İmanov: "Paşinyan sərsəm açıqlamaları ilə bacarıqsızlığını ört-basdır etməyə cəhd göstərir"



Ermənistan baş nazirinin bir-birinə zidd açıqlamaları, çıxışındakı işğala haqq qazandıran fikirləri Nikol Paşinyanın eyforik küçə yürüşçüsü emosiyasından ayıla bilmədiyini təsdiqləyir. Onun çıxışına Ermənstan Xarici İşlər Nazirliyinin əlavə şərh verməsi də bunu sübut edir. Paşinyan Ermənistanı daha çox emosional, cəmiyyətin diqqətini yönəldə biləcək məsələlərlə idarə edir. Çünki bir il əvvəl vəd etdiyi planların yerinə yetirilməsi üçün ona nə borc verən, nə də ölkə iqtisadiyyatına sərmayə qoyan var. Ölkədaxili problemləri həll etməkdə çətinlik çəkən Nikol Paşinyan Ermənistan cəmiyyətinin fikrini iqtisadi, sosial problemlərdən aidiyyəti olmayan məsələlərə yönəltməklə məşğuldur.

Məlumdur ki, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini gizlədirdi. Onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışır, müxtəlif bəhanələrə əl atırdı. Bundan əvvəl Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə Naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış etmişdilər. Paşinyan və Ermənistanın digər yüksək vəzifəli şəxslərinin bu kimi açıqlamaları epizodik hallar deyil. Birbaşa Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur. Paşinyan tarixi saxtalaşdırır, müharibənin işğala, etnik təmizləməyə gətirib çıxaran nəticələrini təqdir edir və onları qoruyub saxlamağa çalışır. Bundan sonra Ermənistan rəhbərliyinin demokratiyanı Ermənistanın xarici siyasətinin “biznes kartı” adlandırması heç bir mənəvi çərçivələrə sığmır. 

Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış etməklə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir. Beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir. Bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala həmsədrləri cavab verməlidir. Ermənistan ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyindən sui-istifadə edir. Bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır. Paşinyanın çıxışının mənfi fəsadlarını və özünü ifşa olduğunu dərk edən Ermənistanın Xarici İşlər Nazirliyi müxtəlif cəfəng bəyanatlarla çıxış edərək, guya baş nazirin iddia etdiyi “miatsum”un mənəvi birliyini ehtiva etdiyini uydurmağa cəhd edir. “Qarabağ - Ermənistandır və vəssalam” çağırışı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və açıq-aşkar müharibəyə təhrikdir. Ermənistan bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. 5 avqust bəyanatı ilə N.Paşinyan həm də öz-özünü inkar edir. Bir tərəfdən “Qarabağ xalqı” adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını deyir, digər tərəfdən isə Qarabağın Ermənistan olduğunu iddia edir. Bununla, uzun müddət  “xalqların öz müqəddəratının təyin etməsi hüququ”nun arxasında gizlənən Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb. 
Beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəratində hiss etməsinə imkan verməməlidir. Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməlidir. Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir. Düşmən ölkənin özünü beynəlxalq ictimaiyyətə “demokratik ölkə” kimi sırımasının heç bir əsası yoxdur. Demokratik ölkə işğal və etnik təmizləmə aparmır. Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vurmur. Azərbaycan torpaqlarının güc yolu ilə işğalı həmin ərazilərin hüquqi statusunun dəyişdirilməsi üçün istifadə oluna bilməz. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmaşayacaq. Dağlıq Qarabağ - Azərbaycandır. Azərbaycanın əzəli və əbədi torpağı və ayrılmaz hissədir. Düşmən ölkə rəhbərliyi onu da anlamalıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur.

Ermənistan rəhbərliyinin sərsəm açıqlamalarını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Anar İmanov deyib ki, Nikol Paşinyanın ifadələri gülünc, absurd və diletant açıqlamalardır

“Görünən budur ki, hazırda Paşinyan Qarabağ probleminin həllini bütün vasitələrlə uzatmaq fikrindədir. Paşinyan siyasətçi olmadığı, diletant olduğu üçün problemi həll etməyi bacarmır, ona görə də bu işlə məşğul olmaq istəmir. Öz sərsəm açıqlamaları ilə bacarıqsızlığını ört-basdır etməyə cəhd edir. Amma bir şey aydındır ki, Paşinyanın sərsəmləmələri problemi dalana dirəyir. Burada sadəcə bir yol görünür, o da hərb yoludur. Çünki vaxt keçdikcə problem həll olunmaq əvəzinə daha da dərinləşir”. 

Analitikin sözlərinə görə, Paşinyan bu problemin öhdəsindən gəlmək iqtidarında deyil

“Baş nazirin başı başqa problemlərə qarışıb. Adi bir faktı nəzərinizə çatdırım. Bu yaxınlarda "Yerevan Today" xəbər portalı Ermənistan əhalisi arasında sorğu keçirdi. Sorğuda iştirak edən sakinlər bildiriblər ki, artıq Ermənistanda yaşamaq dözülməz hal alıb. İnsanlar daha çox maddi problemlərdən və işsizlikdən şikayətlənirlər. Diqqətə çatdırılıb ki, hazırki ölkə rəhbəri Nikol Paşinyan xalqa verdiyi vədlərin heç birinə əməl etməyib, insanlar aclıq və səfalət içində yaşayırlar. Yeni iş yerləri açılmır, gənclər və orta yaşlı insanlar işləmək üçün xarici ölkələrə üz tuturlar. Ümumilikdə isə respondentlərin 75 faizi yeni hökumətə inanmadığını bəyan edib”.

A.İmanov vurğulayıb ki, Paşinyanın sərsəmləmələrini, qeyri-adekvatlığını artıq Ermənistanda da etiraf edirlər

“Milli Razılıq Partiyasının lideri Aram Arutyunyan “Ermənistanın Səsi” qəzetinə müsahibəsində hökumətin qeyri-adekvatlığının erməni xalqına böyük qan hesabına başa gələcəyini deyib. Bildirib ki, Paşinyan qeyri-adekvat addımlar atmağa hazırdır. Paşinyan deyir ki, “Qarabağ Muxtar Vilayəti Azərbaycan SSRİ-nin tərkibindən çıxıb. Tamamilə absurd və gülünc yanaşmadır. Azərbaycanın SSRİ-dən çıxmaq hüququ var idi. Qarabağ məsələsinin isə buna heç bir aidiyyəti yoxdur. Baş nazirin istəyi də məhz bu cür məsələlərin müzakirə olunması, diqqəti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktından yayındırmaqdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu