Nikolun məsuliyyətsizliyi: Rəsmi İrəvandan verilən bəyanatlar vəziyyəti gərginləşdirir

"Nikol Paşinyanın məsuliyyətsiz bəyanatları uzun zamandır həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daha da gərginləşdirir". Bunu Sherg.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının dossenti, siyasi elmlər namizədi Elşad Mirbəşiroğlu deyib

Siyasi şərhçi bildirib ki, baş nazirin düşünülməmiş ifadələri işğalçı ölkənin ağır durumunu bir qədər də ağırlaşdırır:  “Paşinyan açıq etiraf edir ki, Ermənistan təcavüzkardır və Azərbaycan torpaqlarını uzun zamandır işğalda saxlayır. O, torpaqlarımızın anneksiyasına çalışır, yəni yurisdiksiyasının dəyişdirilməsinə cəhd göstərir. Elə “Qarabağ Ermənistandır” deməklə də bu istəyini ortaya qoyur. Eyni zamanda Paşinyan dünya görüşü dar olduğu üçün, özü də bilmədən Azərbaycanın diplomatik səylərinə dəstək olmuş olur. Biz Ermənistanın işğalçı siyasət yeritdiyini dünyaya çatdırmağa çalışırıq. Erməni baş nazirin dolayı yolla bunu etiraf etməsi bizim xeyrimizədir. Paşinyanın paradoksal fikirləri də diqqəti cəlb edir. Bir tərəfdən deyir ki, Ermənistan separatçı rejim adından danışa bilməz. Digər tərəfdən isə iddia edir ki, “Qarabağ Ermənistandır”. Yəni bir-biri ilə ziddiyyət təşkil edən fikirlər səsləndirir. Bu da onu göstərir ki, Paşinyan heç bir siyasi səriştəyə malik deyil. O səbəbdən səsləndirdiyi fikirlərin məsuliyyətini dərk etmir. Baş nazirin məsuliyyətsiz bəyanatlarını dərk edən XİN rəhbəri Zöhrab Mnatsakanyan sonrakı bəyanatları ilə vəziyyəti yumşaltmağa çalışır. Xarici işlər naziri Paşinyanın fikirlərinin düzgün anlaşılmadığını iddia edir”. 

Analitikin sözlərinə görə, Paşinyan öz çıxışları ilə daxildə xal qazanmaq istəsə də, onun bəyanatları Ermənistanın ziyanına işləyir

“Paşinyan iddia edir ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxdığı kimi Qarabağ da Azərbaycanın tərkibindən çıxıb. Baş nazirin savadı olmadığına görə, bilmir ki, SSRİ konstitusiyasında ittifaq respublikalarının oranı tərk etmək hüququ var. Ancaq Azərbaycan konstitusiyasında onun ərazisinin hansısa bir hissəsinin buradan çıxması haqqında heç bir maddə olmayıb. Bütün bunlar göstərir ki, Paşinyan səsləndirdiyi fikirlərin mahiyyətini özü də dərk etmir. Xatırladım ki, 1989-cu ilin dekabr ayında Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edib. Paşinyan bilməli idi ki, Ermənistan Dağlıq Qarabağın hüququ statusunun dəyişdirilməsində hələ SSRİ-nin vaxtında cəhdlər edirdi. Lakin baş nazir reallıq hissini itirdiyinə görə, prosesləri bilmədən həqiqətə uyğun olmayan açıqlamalar verir”. 

E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan dövləti Qarabağla bərabər BMT-nin və digər qlobal, regional təşkilatların üzvüdür: 

“Həmin təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sadəcə olaraq bugün Paşinyanın bəyanatı əsas olmalıdır ki, beynəlxalq səviyyədə Ermənistana qarşı sərt addımlar atılsın. Əks təqdirdə Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün kifayət qədər hərbi gücə malikdir. Bu da regionda gərginliyi əhəmiyyətli dərəcədə artıra bilər. Ona görə də beynəlxalq ictimaiyyət çox ciddi düşünməlidir.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu