“Əhalinin sosial müdafiəsi etibarlı şəkildə təmin olunur” – Millət vəkili

Dünəndən etibarən Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması barədə Prezident İlham Əliyevin sərəncamları qüvvəyə minib. Sərəncamlara əsasən, maaşlar orta hesabla 40% artırılıb.

Minimum əmək haqqı 180 manatdan 250 manata qədər artıb. Əməkhaqları artırılan işçilərin 600 mini dövlət sektorunda, 350 mini isə özəl sektorda işləyənlərdir.

Bu günə qədər ölkə başçısı tərəfindən imzlanan fərman və sərəncamlar əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlib. Həmin sərəncamlardan biri də minimum əmək haqlarının artırılması oldu. Cənab prezident bu cür sosial layihələrin davamlı olacağını bütün çıxışlarında qeyd edir.

Prezidentin sərəncamını “Sherg.az”a dəyərləndirən millət vəkili Musa Quliyev bildirib ki, atılan bütün addımlar xalqımızın həyat şəraitinin yaxşılaşmasına xidmət edir. 

Deputat qeyd edib ki, dövlətin daxili siyasətində əhalinin sosial rifahı həmişə prioritet istiqamətlərdən birini təşkil edib:

“Cənab prezident 2019-cu ilin əvvəlində qeyd etmişdi ki, bu il xalqımızın həyatında sosial rifah ili olacaq. Atılan addımlar da cənab Prezidentin bu fikirlərini təsdiqlədi. İlin əvvəlindən ölkə başçısı əhalinin sosial müdafiəsi ilə bağlı 40-a yaxın fərman və sərəncam imzaladı. Bu sənədlərin nəticəsində 4 milyona yaxın Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşmış oldu. Pensiyalar, sosial müavinətlər artdı, büdcədən maliyyələşən bütün təşkilatlarda çalışan işçilərin əmək haqları artırıldı. Bu tədbirlərdən ən böyüyü isə minimum əmək haqqının artırılması idi. Minimum əmək haqqı bu il ərzindən 2 dəfəyə yaxın artdı. İlin əvvəlində minimum əmək haqqı 116 manat təşkil edirdisə, Prezidentin birinci sərəncamı ilə martın 1-dən 180 manata qaldırıldı. Növbəti sərəncamda isə bu məbləğ 180-dən 250 manata yüksəldi”.

Millət vəkili vurğulayıb ki, minimum əmək haqqının artırılması istiqamətində Azərbaycan MDB məkanında 2-ci yerə çıxdı:

“Bu bir daha onu göstərdi ki, vətəndaşlarımızın sosial rifah halı daim cənab Prezidentin diqqət və qayğısı altındadır. Dövlətimiz sosial siyasətini həmişə artan istiqamətdə aparır və daxili siyasətimizdə əhalinin sosial rifahı həmişə prioritet istiqamətlərdən birini təşkil edir. Cənab Prezident qeyd etdi ki, bundan sonra yenə də pensiya və əmək haqlarının artırılması planlaşdırlır. Eyni zamanda işçilər üçün daha münbit iş şəraitinin və yüksək əmək haqqı verən iş yerlərinin yaradılması nəzərdə tutulur. Bütövlükdə isə əhalinin sosial müdafiəsi etibarlı şəkildə təmin olunur. Proses gələcəkdə də davam edəcək. Azərbaycan yaxın illərdə dünyanın inkişaf etmiş ölkələri sırasına qatılacaq”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu