Millət vəkili: “...Naxçıvanda Türkiyə hərbi bazasının  yaradılması mümkündür”

Azərbaycanda Türkiyənin hərbi baza yaratması məsələsi yenidən gündəmə gəlib. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın real situasiyadan çıxış edərək Türkiyə ilə analoji birləşmələr yaratması, ərazisində qardaş ölkənin hərbi bazalarının qurulmasına razılıq verməsi tam məntiqli görünür.

Bəs, bu ehtimalın reallaşması mümkündürmü? 

Məsələni dəyərləndirən millət vəkili Elman Nəsirov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Türkiyə kimi yaxın strateji müttəfiqimizin hərbi bazasının Naxçıvanda yerləşdirilməsi Azərbaycanın gücünə güc qatmaqdır:

“Türkiyə hərbi gücünə görə dünya ölkələri sırasında ilk onluğu tamamlayır. Eyni zamanda NATO çərçivəsində öz hərbi gücünə görə, ABŞ-dan sonra ikinci yerdədir. Hərbi əməliyyatlar aparmaq sahəsində də geniş təcrübəyə malikdir.

Belə bir dövlətin hərbi bazasının Naxçıvanda yerləşdirilməsi təbii ki, Azərbaycanın təhlükəsizliyi nöqteyi -nəzərdən həyati əhəmiyyət kəsb edir. Lakin bu məsələdə bəzi incə məqamlarlı da nəzərdən keçirmək lazımdır. Azərbaycan dövləti 2011-ci ildən Qoşulmama Hərəkatında üzv dövlətdir.

Qoşulmama Hərəkatına üzv olan dövlətlər heç bir hərbi bloka daxil ola bilməz və ərazisində hansısa ölkənin hərbi bazasını yerləşdirə bilməz. Biz bu təşkilata üzv olan dövlətlərin başçılarının 18-ci zirvə görüşlərinə ev sahibliyi edəcəyik. Çox nəhəng və Azərbaycanın beynəlxalq imicinə xidmət edən bir tədbirdir. 2019-2022-ci illərdə isə Qoşulmama Hərəkatına bir fərqlilik edəcəyik. Bu da Azərbaycan üçün çox əhəmiyyətli bir hadisədir. Dövlətimizin başçısı məhz buna yüksək dəyər verir”. 

Deputat vurğulayıb ki, 1921-ci ildə imzalanmış Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyi məsələlərinin qarantı məhz Türkiyədir:
“1921-ci il müqaviləsindən heç kim imtina etməyib, həmin müqavilə öz qüvvəsini saxlayır. Bu müqavilə Qoşulmama Hərəkətına üzvlüyümüzdən qat-qat öncə imzalanmış bir sənəddir. Bu reallıqlar imkan verə bilər ki, Naxçıvanda Türkiyə hərbi bazasının yaradılması mümkün olsun. Beləliklə, Azərbaycanın mövqelərini xeyli gücləndirmiş olacaq. Bu, həm də bizim məcburi atdığımız bir addımdır. Ərazilərimiz işğal altındadır və Ermənistan dövləti populist bəyanatlarla çıxış edir. Ermənistan rəhbəri bir çox hallarda öz gücünə və potensialına uyğun gəlməyən hədələyici bəyənatlar verir.Hesab edirəm ki, bu reallıqlar fonunda  Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkündür. Torpaqlarımız işğal altında olmasaydı və iki dövlət arasında  münasibətlər bərpa edilsəydi, bu məsələ aktuallıq kəsb etməzdi. Yəni, Azərbaycan torpaqlarının işğalı və Ermənistanın yeni ərazi iddiaları reallığı konteksində bu addımın atılması olduqca məntiqlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu