Gürcüstanın baş naziri niyə istefa verib ? – İZAH

 “Gürcüstanın baş naziri Mamuka Baxtadzenin istefaya getməsinin başlıca səbəbi daxili siyasi proseslərin ən yüksək gərginlik nöqtəsinə çatmasıdır”. 

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, politoloq Əlisahib Hüseynov deyib.

Partiya sədri bildirib ki, təxmini bir il hökumət başçısı vəzifəsini icra edən Baxtadzenin dönəmi Gürcüstan üçün kifayət qədər təlatümlü proseslərin cərəyan etməsi ilə yadda qalıb: 



“Gürcüstan hazırda iqtisadi sahədə çox ciddi problemlərlə üzləşməkdədir. Ölkə regional siyasət müstəvisində də kataklizmlər yaşayır. Bu ölkənin Rusiya ilə münasibətləri sözün tam mənasında böhran həddindədir. Keşikçidağ kompleksinə sahiblik məsələsini süni surətdə ortaya atmaqla Gürcüstan son aylarda Azərbaycan kimi etibarlı qonşusu və strateji müttəfiqi ilə də münasibətlərə ciddi təhlükə yaratdı. Lakin rəsmi Bakının təmkinli və çevik siyasəti nəticəsində qonşuluq münasibətlərimizin zədələnməsinin qarşısı vaxtında alındı. Gürcüstan hazırda Cənubi Osetiya ilə yenidən sərhəd qalmaqalı yaşamaqdadır. Bu ölkənin daxili siyasi mühitində də kifayət qədər ciddi problemlər var”. 

Partiya rəhbəri vurğulayıb ki, gürcü ictimaiyyəti Bidzina İvanişvilinin rəhbərlik etdiyi hakim “Gürcü Arzusu” partiyasının yürütdüyü siyasətdən köklü şəkildə narazıdır: 

“Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadzenin də qeyd etdiyi kimi hökumətin tərkibində və seçki sistemində hər hansı kosmetik dəyişikliklərin edilməsi ölkədə heç bir xüsusi tərəqqiyə gətirib çıxarmayacaq. Mamuka Baxtadzenin daxili siyasət və regional münasibətlərdəki gərginliklər fonunda gerçəkləşən istefası əslində günün tələbi kimi başa düşülməlidir. Lakin hər şeyə rəğmən ümid edirik ki, yeni baş nazirin dönəmində Gürcüstan-Azərbaycan münasibətləri müsbət istiqamətdə inkişaf edəcək, strateji müttəfiqliyimiz keyfiyyətcə yeni mərhələyə yüksələcək. Çünki ölkələrimiz arasında dostluq və müttəfiqlik bağlarının möhkəmlənməsi zamanın tələbidir”.
 



Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu