Salmonellyoz təhlükəli infeksiyadır

Bəzən insanlarımız infeksion xəstəlikləri ciddiyə almır

Bu ilin 6 ayı ərzində 289 nəfərdə brüselyoz xəstəliyi, 186 nəfərdə isə salmonellyoz infeksiyası aşkarlanıb. Bu barədə Statistika Komitəsi məlumat verib. Məlumatda diqqət çəkən həm də budur ki, ötən il ölkə üzrə 594 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb.

Ötən il brüselyoz xəstələrinin sayı da çox olub – 532 nəfər. Salmonellyoz xəstəliyindən 2 nəfər, quduzluqdan 8 nəfər ölüb. Ötən il qarayara və malyariya xəstəliyindən ölüm halı baş verməyib. Bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib. 
İnfeksion xəstəliklərin statistikası nədən xəbər verir? 

Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında bildirdi ki, bəzən insanlarımız infeksion xəstəlikləri ciddiyə almır, lakin bu, çox təhlükəli haldır:

- Salmonellyoz bağırsaq infeksiyasıdır. Qarın ağrısı, ishal, qusma ilə müşayiət olunur. 1-3 yaşadək uşaqlarda tez-tez rast gəlinir. Salmonellyoz infeksiyası əsasən qida zəhərlənmələrinin nəticəsidir. Fikir verirsinizsə, son zamanlar toylarda, şadlıq evlərində qida zəhərlənmələri halları artıb. Qidalardan götürülən nümunələrdə də çox zaman salmonello virusunun aşkarlandığı bildirilir. Bu, keyfiyyətsiz, istifadə müddəti ötmüş, düzgün saxlanma şərtlərinə əməl olunmayan ərzaqların törətdiyi fəsadlardır.

Salmonellyoz təhlükəli infeksiyadır, ən təhlükəlisi də botulizmdir. Bu infeksiyalar ölümlə nəticələnə bilir. Ona görə də qida təhlükəsizliyinə ciddi diqqət edilməlidir. Brüselyoz isə zoonoz infeksiyadır.

Pasterizə edilməmiş süd və süd məhsulları vasitəsilə insana keçir. Qarayara xəstəliyi isə daha çox Sabirabad, Beyləqan bölgələrində qeydə alınır.

Vəziyyətin bu həddə çatması zoo-veterenar həkimlərin vaxtlı-vaxtında qabaqlayıcı tədbirlər aparmamasının nəticəsidir. Veterenar həkimlər gərək vaxtaşırı mal-qaradan qan nümunələri götürüb infeksiyalara qarşı müayinə etsinlər ki, brüselyoz, qarayara aşkarlanarsa, təcili qarşısı alına bilsin.

Xatırlayırsınızsa, Gürcüstanda qarayara yayılmışdı, bu ölkədən ət gətirilməsinə qadağa qoyuldu. Belə məsələlərdə prinsipial mövqe nümayiş etdirilməlidir ki, infeksion xəstəliklərin yayılmasının qarşısı alınsın. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu